Azərbaycanda zavodu Türkiyə şirkətlər qrupu satın alıb. araz.az xəbər verir ki, Türkiyə kapitallı “Seyhanlar Group”un “Dəzgahqayırma Zavodu” ASC-nin aktivlərini satın aldığı məlum olub.
Zavodun səhmlərinin dəyəri sonuncu dəfə hər biri 1 manat olmaqla 443 787 ədəd idi.

Şirvan şəhərində yerləşən zavodun 2024-cü ilin oktyabrında səhmdarlarının toplantısı gözlənilirdi. Zavodun ali idarəetmə orqanı səhmdarların Ümumi Yığıncağı onun kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirməsi məqsədilə aktivlərinin satılması və onların dəyərinin müəyyən edilməsi; icra orqanının rəhbərinin tutduğu vəzifədən azad olunması və onun yerinə yeni icra orqanın rəhbərinin təyin edilməsi ilə bağlı ümumi fikrə gəlməlidilər.

Həmçinin Ümumi Yığıncaq görülmüş və gələcəkdə görüləcək işlərlə bağlı digər məsələlərin müzakirəsi; tərkibindən yenidən təşkilin ayrılma formasında yeni hüquqi şəxsin ayrılması; müraciət edən səhmdarlara məxsus səhmlərin ləğv olunaraq cəmiyyətdən ayrılması və çıxan səhmdarlarla səhmlərə uyğun payın natura şəklində təhvil-təslim edilməsi, həmçinin təhvil-təslim aktının və razılaşma müqaviləsinin imzalanması səlahiyyətinin icra orqanının rəhbərinə həvalə edilməsi; nizamnaməsinin yeni redaksiyada təsdiqi; Mülki Məcəlləsinın 49-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətlərin cəmiyyətin icra orqanının rəhbərinə həvalə edilməsi məsələsini müzakirə etməli idilər.

Beləliklə, oktyabrda “Dəzgahqayırma Zavodu” ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında “Seyhanlar Group 2024” MMC adında yeni şirkət kimi fəaliyyət göstərəcək.

“Seyhanlar Group 2024” Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 19A-da qeydiyyata düşüb. Şirkətin nizamnamə kapitalı ABŞ dolları ilə hesablanıb – 443 787 dollar. Ona rəhbərliyi Adil Seyhan özü edəcək, hansı ki, o hazırda ana şirkətin rəhbərliyində yer alır.

“Seyhanlar Group” mədən, maliyyə, yanacaq, qida, inşaat, daşınmaz əmlak, ağır sənaye, media, informasiya texnologiyaları və idman ləvazimatları şirkətlərinin daxil olduğu qrupdur. A. Seyhanın rəhbəri olduğu daha bir şirkət isə “Seyhanlar Group Azerbaijan”dir.

 

araz.az xəbər portalı.