l
MÜRACİƏTDƏ ULU ÖNDƏRİN ARZUSUNUN TEZLİKLƏ REALLAŞMASININ VACİBLİYİ ÖNƏ ÇƏKİLİB
İctimai xadim, siyasətçi, xeyriyyəçi kimi tanıdığımız Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə, bu günlərdə Moskva şəhərində Ümumrusiya Azərbaycanlıları İttifaqının təsis toplantısının keçirilməsi, onun, diaspor qurumlarımızı birliyə aparacaq bu təşkilatın rəhbəri seçilməsiylə bağlı Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyası xaricdəki həmvətənlərimizə çağırış xarakterli Müraciət ünvanlayıb. Xatırladırıq ki, Mirkazım Seyidovun rəhbəri olduğu təşkilatın soydaşlarımıza ünvanlandığı həmin Müraciəti araz.az-ın oxucularının diqqətinə çatdırırıq. Müraciətdə deyilir:
“Əziz həmvətənlər!
Çox hörmətli Azərbaycan diaspor təşkilatlarının rəhbərləri!
Azərbaycan üçün geosiyasi və sosial baxımdan ən önəmli ölkə olan Rusiya, ərazisi ilə dünyanın ən böyük dövlətidir. Ruslardan başqa, mindən çox etnik qrupun məskunlaşdığı bu böyük dövlət, eyni zamanda planetin ən çox əhalisi olan ölkələrindən biridir. 89 dövlət subyektini özündə birləşdirən Rusiya Federasiyanda məskunlaşan azərbaycanlıların sayı isə, artıq 3 milyon nəfərə çatıb. Bu böyük ölkədəki diasporumuzun sayı artaraq, milyonlarla ölçülsə də, heç kəsə sirr deyil ki, bu artım indiyədək onun nüfuzunun artmasına gətirib çıxarmayıb. Üstəlik, “qara qüvvələrin’’ ayrı-ayrı regionlarda fəaliyyət göstərən diaspor təşkilatlarımıza daxil olmasına imkan yaradılması ucbatından, onların göz önündəki zəifliyi və qeyri-mütəşəkkilliyi ürək ağrıdır. Burada həmvətənlərimizlə əlaqədar baş verənlər bir daha göstərir ki, Azərbaycan icması yəhudi, ukraynalı, tatar, alman, erməni… diasporları kimi güclü nüfuza, ümumiyyətlə götürdükdə, heç bir təsirə malik deyil. Çünki istənilən diasporun nüfuzu onun sayına görə deyil, mütəşəkkilliyi və birliyi ilə ölçülür. Təəssüf ki, vətənpərvərlik hələ də müxtəlif ölkələrdəki, o cümlədən Rusiyadakı hər bir azərbaycanlı üçün hələ də həyatın mənasına çevrilməyib. Qeyri-mütəşəkkil təşkilatlardakı hər kəsi diaspor birliyi deyil, daim şəxsi maraq və şəxsi rifah düşündürüb və milli məfkurə ətrafında bir araya gəlmək heç vaxt onlar üçün əsas mövzu predmeti olmayıb.
Elə, əsas fəaliyyət devizi diaspor qurumlarımızın birliyinə köklənən həmin qurumun yaradılması da, bu narahatlıqdan irəli gəldi. Bu narahatlıq, 56 Federasiya subyektində fəaliyyət göstərən Azərbaycan diaspor qurumları rəhbərlərinin, azərbaycanlı ictimai-siyasi xadimlərin, tanınmış simaların, ziyalıların və nüfuzlu iş adamlarının iştirakçısı olduğu bu tədbirdə, bizim Assosiasiyanın nümayəndələrinin də yaxından iştirak etməsinə səbəb oldu. Çünki hamı tam əmin idi ki, Fizuli Məmmədov Rusiya Azərbaycanlıları İttifaqını yaratmaqla, Ulu Öndərin də daim arzusunda olduğu lobbiçiliyin təməlini qoyub, bu çətin yolda inamlı bir addım atırdı.
Doğrudan da, Rusiya boyda bir ölkədəki Azərbaycan icmasını öz ətrafında birləşdirəcək bir qurumun yaradılmasının nə qədər çətin iş olduğunu yaxşı bilirik. Amma Vətən naminə olacaq bu çətinliyi öz öhdəsinə götürən Fizuli Məmmədovun bu işi layiqincə sona çatdıracağına zərrə qədər də şübhəmiz yoxdur. Hamımız bilirik ki, o, kifayət qədər vətənpərvər adam, Azərbaycana bağlı, təmənnasız bir insandır. Tam əminik ki, bu işdə onun fəaliyyəti Azərbaycanın milli və dövlət maraqlarına xidmət edəcək, diaspor işini başqa keyfiyyətlər və yanaşmalarla quracaq. Çünki, o, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri ən yüksək səviyyədə qurmağa qadir bir diaspor fəalı kimi də özünü tanıdıb. İndiyədək bu işdə əlindən gələni əsirgəməyib, erməni diasporuna qarşı, sözün həqiqi mənasında, böyük vətənpərvərliklə, fədakarlıqla mübarizə aparıb, onların yalanlarını ifşa edərək, əsl Azərbaycan həqiqətlərini bütün dünyaya, rus cəmiyyətinə çatdırıb. Həmişə çalışıb ki, tarixi Vətənlərindən uzaqda olan bütün soydaşlarımız öz xalqlarına dəstək ideyası ətrafında birləşsin, hər bir həmvətənimiz ümummilli maraqları öz şəxsi maraqlarından yüksəkdə tutsun, bu ideya ətrafında bir yumruq kimi olsunlar.
Bütün bunlar deməyə tam əsas verir ki, ətrafında birləşməli olduğumuz Dünya Azərbaycanlıları İttifaqı bütün diasporumuzu vahid mərkəzdən idarə etmək gücündə olacaq, bu təşkilatı
Rusiya Federasiyasının ictimai qurumlar haqqında qanunvericiliyinə uyğun yaradaraq, həlledilməz görünən bu problemimizə birdəfəlik nöqtə qoya biləcək.
Dövlətimizin diaspor siyasəti bizim üçün prioritet olduğundan, milli, mədəni varlığımızı qorumaq, giaspor işində gənclərin rolunu artırmaq, ən nəhayət Rusiya cəmiyyətində haqq etdiyimiz mövqeni əldə etmək üçün, bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik. Düşünürük ki, Rusiya Azərbaycanlılar İttifaqı çox münasib bir dönəmdə yaranıb. Çünki həm ölkələr, həm liderlər arasında münasibətlər yüksələn xətlə davam edir. Bu faktorun Rusiya-Azərbaycan yaxınlaşması kontekstində həm də diaspor fəaliyyətinə müsbət təsir edəcəyinə inamımız böyükdür.
Fizuli Məmmədov RAİ-ni yaratmaqla, Ulu Öndərin daim arzuladığı lobbiçiliyin təməlini qoydu. Çünki Rusiyadakı azərbaycanlıların birləşməsi istiqamətində görəcəyi köklü işlərin planı, Diasporla İş üzrə Dövlət Komitəsinin tövsiyyələri əsasında həyata keçirəcəyi böyük layihələr artıq lobbiçilik üçün bu qurumun möhtəşəm vahid konsepsiyasının olduğundan xəbər verir.
Vahid güclü qüvvəyə çevrilməsini də, prioritet sahələrdən biri kimi qarşısına məqsəd qoyan bu təşkilatın Azərbaycan həqiqətlərinin, dövlətçiliyimizin və milli mənsubiyyətimizin daha böyük arenada tanıdılması istiqamətində böyük uğurlara imza atacağı indidən şübhə doğurmur. Çünki bütün planlarında bu, başlıca amal kimi qeyd olunub. Ümumiyyətlə, lobbiçilik hərakatı, lobbiçilik məsələsi biz azərbaycanlılar üçün yeni mərhələdir. Səbəbi hamıya məlumdur. Diaspor sahəsində tətbiq edilən yeni metodlar, əminəm ki, lobbiçiliyi də sürətləndirəcək.
Azərbaycanlıların yaşadıqları ölkədə fəallığı, birləşməsi bizim güclü olmağımız deməkdir. Bu, bizi sevindirir. Yetər ki, azərbaycanlılar bütün işlərdə lobbiçilər kimi fəal ola, lazımı sahələr var ki, ora nüfuz edə bilsinlər.
Bir daha demək istəyirik ki, olduqca çətin olan Rusiya azərbaycanlılarının birləşməsi yolunda, artıq, uğura aparan şərəfli yolda ilk addım atılıb. Biz diasporçular da, çoxdan bizi birliyə apacaq belə bir qurumun yaradılmasının arzusunda idik. Və bu yolda çox çətin gedən prosesin, sonda uğura doğru addım atması bizə böyük ümidlər bəxş edib. Yeni yaradılan Rusiya Azərbaycanlıları İttifaqının yaxşı nə ilə fərqlənəcəyinin, fərqli hansı yaxşı işləri görəcəyinin tezliklə ortada olacağı isə, şübhəsizdir. Buna, sizin də, əsla, şübhəniz olmasın!
Diasporumuz Azərbaycan dövlətinin xarici siyasətinin tərkib hissəsi olduğundan, bu sahəyə xüsusi diqqət olması vacibdir. Əslində, milli diaspor dövlətimizin xarici siyasətinin əsas meyarı və lokomotivinə çevrilməlidir.
Ümumiyyətlə isə, azərbaycanlıların diaspor tarixi uzaq keçmişə təsadüf edir, lakin tarixən yaranan fasiələlər onun inkişafına mane olub. Amma sonuncu mərhələ Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə, ilk dəfə olaraq, ən fəal və uzunmüddətli mərhələyə keçib. Bu istiqamətdə problemlərin aradan qaldırılması üçün, dövlət rəhbərləri tərəfindən stimulverici hansı göstərişlərin verilməsi, hansı addımların atılması da göz önündə olub. Bu yolla, milli diaspor işində köklü dönüş yaranıb. Dünya Azərbaycanlılarının 1-ci qurultayının təşkili bu işlərin parlaq nümunəsi kimi tarixə düşüb. Bu qurultayda dünya azərbaycanlıların vahid ideya ətrafında birləşməsinin, gələcəyə istiqamətlənmiş vacib ideyalarının praktiki olaraq əsası qoyulub. Gələcəyi işıqlı görünən və fəaliyyətini Rusiyadakı milyonlarla soydaşımızı öz ətrafında birləşdirməyə kökləyən Ümumrusiya Azərbaycanlıları İttifaqı da bu ruhdan yaranıb. Bunu, biz də, Heydər Əliyev ideyalarının tezliklə gerçəkləşəcəyi kimi qəbul edir və bütün diaspor təşkilatlarını RAİ-i ətrafında sıx birliyə, onun həyata keçirəcəyi möhtəşəm işləri dəstəkləməyə, onları doğma Vətən üçün etibarlı dayağa çevrilməyə, onun müstəqilliyini qorumağa, zənginliyini artırmağa və təhlükəsizliyini möhkəmləndirməyə çağırırıq. Fizuli Məmmədovun dediyi kimi, qoy, vətənpərvərlik bütün azərbaycanlıların həyatlarının mənasına çevrilsin!”.
araz.az
araz.az xəbər portalı.