“Alkoqol istifadə edən insan keçmişlə, narkotik istifadə edən gələcəklə danışır”
“O vaxt bu sualı versəydin, deyəcəkdim ki, hamı məni atdı…”
Azərbaycanda narkomanların sayı günbəgün artır. araz.az bildirir ki, Respublika Narkoloji Mərkəzindən Stopnarkotik.az-a verilən məlumata görə, təkcə 2024-cü ilin iyun ayında müalicə üçün narkoloji dispanserlərə müraciət edən və ölkəmizdə qeydiyyatda olan narkomanların sayı 39 175 nəfər olub. Onlardan 38 258-i kişi, 917 nəfəri isə qadındır. Nəzərə alsaq ki, müalicəyə üz tutan narkomanların sayı təxminən onların ümumi sayının yeddidə birini təşkil edir, deməli, rəsmi olaraq 39 175 nəfər olan narkomanların qeyri-rəsmi sayı 274 225 nəfər təşkil edir. Bu baxımdan, bəzi narkoekspertlərin ölkəmizdə 280-300 min nəfər narkotik istifadəçisinin olduğunu iddia etməsi kifayət qədər anlaşılandır.
Digər tərəfdən, təkcə son 2-3 il ərzində ölkəmizdə 150-yə yaxın özəl reabilitasiya mərkəzinin fəaliyyət göstərməsi də onu deməyə əsas verir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Şübhəsiz, bu mərkəzlərin hər biri zərurətdən meydana gəlib. Deməli, ölkəmizdə özəl reabilitasiya mərkəzlərinin fəaliyyətinə ehtiyac var ki, onların sayı daha da artmaqdadır. Əlbəttə, həmin mərkəzlər arasında bu işə sadəcə qazanc mənbəyi kimi yanaşanlar, qeyri-peşəkar fəaliyyət göstərənlər də var. Lakin apardığımız müşahidələrə əsasən deyə bilərik ki, əksəriyyəti ciddi nəticə ortaya qoymaqdadır. Həmin mərkəzlərdən biri kimi “Start” Reabilitasiya Mərkəzini misal göstərə bilərik. Stopnarkotik.az-ın “Həyatın dibindən” rubrikasının qonağı da, elə, “Start” Reabilitasiya Mərkəzinin rəhbəri, Əməkdar idman ustası Cavid Tağıyev olub. Onunla maraqlı müsahibəni diqqətinizə çatdırırıq:
— Cavid müəllim, ilk olaraq oxucularımıza özünüz haqda məlumat vermənizi xahiş edərdik…
– Tağıyev Cavid İbrahim oğlu. 1980-ci il oktyabrın 6-da Lənkəran rayonunun Liman şəhərində anadan olmuşam. 1987-ci ildə Liman şəhərində, keçmiş adıyla Portiliç, indiki adıyla Liman orta məktəbinə getmişəm. 1997-ci ildə yeniyetmələr içində Avropa Çempionu, 2004-cü ilin Yay Oyunları Olimpiadasının beşincisi, Avropa üçüncüsü, Avropa ikincisi, Dünya Çempioanatının bürünc mükafatçısı, Avropa Oyunlarının birincisi olmuşam. “Əməkdar idman ustası” fəxri adı almışam.
2006-cı il dekabrın 26-da Ali Baş Komandanımız cənab İlham Əliyevin əlindən mənzil almışam. Yəni mənzillə təmin olunmuşam.
İdmanı bitirəndən sonra məşqçilik fəaliyyətim olub. Məşqçilik dönəmində də, 2014-cü ildə Qazaxıstan Boks Akademiyasında “Ulduz məşqçi” adını almışam. Planetin ən cavan, gənc boks mütəxəssisi olmuşam. Ölkəmizin boks üzrə ilk mütəxəssisi mən olmuşam ki, xarici ölkədə baş məşqçi işləmişəm, gözəl Azərbaycanımızı təmsil etmişəm.
— İdman sahəsində bu qədər nailiyyətləriniz olduğu halda, sizi nə vadar edirdi ki, narkomaniyaya meyl etdiniz?
— Narkomaniyaya meyl etmək deməzdim. Bu, bizdə asılılıqdır. Mən 2014 -cü ildə narkomaniyaya necə meyl etmişəm?.. Birinci o haqda oxucularımıza nəql edim. Lap əvvələ gedək. İdmanda olduğumuz vaxtlar 10 gün, 15 gün dincəlmək olurdu. O dincəlmələr vaxtı da biz pivədən, müxtəlif içkilərdən istifadə edirdik ki, bir az rahat olaq, sakit olaq. Yəni belə bir şeylərdən istifadə edirdik. Amma asılılığımız birinci siqaretdən, içkidən başlayıb: “İç heç nə olmaz, kişi içər”. Bu minvalla da 2014 -cü ildə ilk dəfə narkotikdən istifadə etdim. Özü də ağır narkotikdən.
“Baku Face” klubununun, Respublika Olimpik İdman litseyinin baş məşqçisi oldum, Qəbələ Olimpiya İdman Kompleksinə direktor təyin etdilər, işləyə bilmədim. Lənkəran rayon Uşaq İdman Məktəbinin direktor vəzifəsində oldum. İşlərim yaxşı getmirdi. Yəni gizlin edirdim. O da gizli bir şey deyil.
Ondan sonra iki il yeddi ay İraq yığma komandasının baş məşqçisi oldum. Bilirsiniz, həmin dönəmlərdə biz neyləyirdik? Biz narkotiki buraxdıqda içkiyə meyl salırıq. Proqramı bilmədən çoxu elə düşünür ki, biz narkotiki atmışıq. Amma atmamışıq. Ta o günə kimi, gəlib proqramla, mərkəzlə tanış olandan sonra, artıq qəbullanırsan ki, sən bundan necə azad olmağın yolunu görürsən. Onu görəndən sonra artıq narkotik, içki, oyunlar və s. bunlar sənin beyinindən, hafizəndən, həyatından silinib gedir. Hətta keçmişin sənə gülməli gəlir. Keçmişi fikirləşəndə gülürsən ki, bu nə idi? İlahi, bu nə bəla idi, mən düşmüşdüm?! Yəni idarə olunmazlıqdaydım.
Siz təsəvvür edin ki, hal-hazırda dünyada narkotikdən, alkoqolizmdən və iqromaniyadan əziyyət çəkən təkcə qeydiyyatda olan 152 milyon insan var. Bu cəmiyyətin 74 faizi ya tək uşaqlardır, ya da yaxşı insanlardır, istər xanımlar, istər də bəylər olsun. Bunlar hər zaman qayğı görmüş insanlardır, birdən ana ölür, ata ölür, o qayğını görmürlər. Ona görə də emosiaları, hissləri darmadağın olur. Hissləri darmadağın olandan sonra fikirləşirlər ki, o hisslərin yerini doldurmaq üçün nə edə bilərik? Bu səbəbdən də kimi içkiyə, kimi narkotikə qurşanır. Kimi də oyunlara maraq göstərir ki, bu boşluğu doldursun. Amma o da illuziyalardır.
— Belə də fikir var ki, narkomanların çoxu həzz üçün bu yola qədəm qoyurlar…
— Çünki emosiaları boşdur, o həzzi axtarırlar ki, hər şey yadlarından çıxsın. İstifadə zamanı da illuziyalarla yaşayırlar ki, gələcəkləri yaxşı olacaq. Həyatlarında müəyyən boşluq olur ki, onlar bu həzzlə həmin boşluğu doldurmaq istəyirlər. Ümumiyyətlə, alkoqol istifadə edən insan keçmişlə, narkotik istifadə edən gələcəklə danışır. Amma bizdə proqram deyir ki, burda da indi ol. Ona görə də burda da indi olmaq lazımdır. Bu gün necəsən, o cür də olmalısan. İnsanın ilk növbədə çevrəsi, mühiti yaxşı olmalıdır.
— Sizin çevrəniz, mühitiniz necə idi? Narkotik istifadəçisi olmanıza bu mühitin, çevrənin təsiri oldu?
— Belə bir söz söyləyim, heç kimsəni heç nəyə məcbur etmirlər, bu yalan sözdür. Mən istərdim ki, bizim oxucularımız bunu diqqətlə oxusunlar. Ay çevrəm belə elədi, qohumlar belə elədi… Əsla! Xeyr, belə bir şey yoxdur. Səndə asılılıq olur. Hisslərin param-parçadır, sən rahatlıq, komfort axtarırsan. Evdə nə deyibsən o olub, təkəbbürlük qalxıb səndə: “Mənəm, mənəm, mənəm…”. Heç bir şeydən həzz ala bilmirsən. Narkotikin də dadına baxandan sonra sən artıq sən deyilsən. Artıq bütün o dolmuş yerləri narkotiklə, alkoqolizmlə, iqromaniya ilə doldura bilirsən. Yəni heç bir zaman “məni qrupum pozdu, adamlar pozdu”, — deyə, kimsəni günahlandırmaq lazım deyil.
— Siz narkotikin ən çox hansı növündən istifadə etməyə başladınız?
— Bütün növündən. Birinci yüngüldən başlayırsan. El dilində deyək, “nəşə”dən. Dostlarla, tanışlarla bir tüstü “nəşə” vurmağa başlayırsan. Aa, yaxşıdır, eyforiya qalxır. Sonra “nəşə” tap bilmirsən. Bir gün ağrıdan “kokos” çəkirsən, “patı”, “şüşə” deyirlər – metamfetamin, ən ağır narkotikdir, ondan istifadə edirsən. Belə-belə bir də görürsən ki, sən bu bataqlığın içindəsən. Bir də ayılıb görürsən ki, narkomaniya səni də öz cənginə, ağuşuna alıb. Yəni sən bir gündə narkoman olmursan. İllərlə gizlədirsən. İllərlə işlədiyin yerlərdə bildirmirsən. Amma dağıdıcı davranışlar edirsən. Artıq gəlib çıxırsan o yerə, təslim olursan ki, mən bunun qabağında gücsüzəm, acizəm. O zaman da mütləq mərkəzə gəlmək lazımdır. Bunun başqa çarəsi yoxdur.
— Narkotik aludəçisi olmağınıza ailənizin münasibəti necə oldu?
— Çox pis. Üç uşağım var idi, ailəm məni qoydu getdi, atam dərdimdən xərçəng xəstəliyinə tutuldu, sonra da vəfat etdi. Anam fikrimi çəkməkdən rəhmətə getdi. Bacılarımın öz ailəsi var, getdilər. Gördü ki, ta kömək yoxdur, neyləsin, qardaş da məndən uzaqlaşdı. Amma müalicə pulumu qardaşım verdi. Köməklik etdi, ümid etdi ki, sağalaram. O zaman dost-tanış adamdan üz döndərir. Əgər o vaxt bu sualı versəydin, deyəcəkdim ki, hamı məni atdı. Əsla! Xeyr! Siz 6 oktyabr tarixində – mərkəzimizin bir illiyində bura gəlsəydiniz, görərdiniz ki, burda yüzə yaxın adam var idi. Ona görə, sən birinci özün-özünü istəyəcəksən. Sonra səni hər kəs istəyəcək. Sən özün- özünə, öz işinə, öz dəyərlərinə, öz qanunlarına riayət etməyəcəksənsə, gözləmə ki, kimsə sənə sayqı göstərəcək, kimsə sənə hörmət edəcək. Çünki sən artıq özün-özünə hörmət etmirsən. Özün-özünə hörmət etməyənə də, əsla, heç kim hörmət etməyəcək. Sən birinci özün-özünə hörmət elə. Sən bax, gör neyləyirsən.
Mən bu gün 3 uşağımla çox mehribanam. Düzdür, yoldaşımdan ayrılmışam. Heç kimi də günahlandırmıram. Mənim istifadəmə dözə bilmədi, çıxdı getdi. Amma, əgər sən uşaqlarına yaxşı ata olmaq istəyirsənsə, dostuna, onun dediklərinə düzgün riayət etmək istəyirsənsə, bir sözlə, tamam sağlamlığına qovuşmaq istəyirsənsə, təbii ki, buna mərkəzlərin sayəsində nail ola bilərsən. Birinci özünə inamla, ikinci də proqram əsnasında sevə-sevə öz sağlığını bərpa edə bilərsən. Bilirsən ki, sağalmağın üçün bu xidməti göstərirsən, o zaman sağalırsan. Bir sözlə, intizam məsələsində mərhəmət Vətənə ən böyük xəyanətdir. İntizamda mərhəmət olmayacaq. İşində intizamlı olmalısan. Dediyin vaxtda gəlməlisən, yalan danışmamalısan, nadürüstlük etməməlisən və s. Biz necə ölkənin vətəndaşlarıyıq? Bu ölkə Nizamilər, Füzulilər görüb. Bu ölkə ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətimizi yetişdirib. Bu ölkə Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid yetişdirib. Düzdürmü? Sən bu ölkənin adını ucalara qaldırmaq üçün daim yuxarıdakılara baxıb ibrət götürməlisən. Yoxsa, istifadə edən adamlar yalan, böhtan, şər… Bunun özü də bir xəstəlikdir.
Mən övladları narkotik istifadə edən valideynlərə üzümü tutub müraciət edirəm ki, düşünmədən bizə və ya qeyri-mərkəzlərə, adları anonim qalan qardaşların mərkəzlərinə müraciət etsinlər.
— Bəs, narkotikdən birdəfəlik uzaqlaşmağınız necə baş verdi?
— Narkotikdən uzaqlaşmağım birdən-birə olmadı. Mən gəldim, proqramla tanış oldum. Mən İdman Akademiyasının magistriyəm, magistraturanı bitirmişəm. Sizi inandırım ki, mən bu proqrama gedəndə elə bil, heç birinci sinfi oxumamışdım. Proqramda beyni o qədər açırıq, ayıldırıq ki, ilk öncə özümə nə keçilib, mən hara kimi getmişəm, bu gün də qardaşlarımıza asılı insanlarımıza o xidməti göstərirəm.
— Narkotikdən istfadə etdiyiniz illəri xatırlayanda ürəyinizdə peşimançılıq hissləri keçirirsiniz?
— “Sonrakı peşimançılıq fayda verməz”, mən artıq bunları etmişəm. İnsanların bəziləri oxuyacaqlar, deyəcəklər bu boyda kişiyə bax e, çıxıb utanmadan deyir ki, mən narkoman olmuşam, alkoqolik olmuşam, iqroman olmuşam. Bəli, proqram deyir, sən bunu etiraf elə ki, sən bu olmusan. Mən bu olmuşam. Mən bu gün də qürurla, çox sevinclə deyirəm ki, artıq 16 aydır ayığam. Allaha min şükür ki, bu bəladan qurtulmuşam. Bu bəladan da qurtulmağıma səbəb odur və bu günkü xəstələrə də aşılıyıram ki, mütəmadi olaraq həkimlərlə anonim cəmiyyətlərdəki qardaşlarla, konsultatlarımızla məşğul olmalıyıq. Daim əlaqədə oluruq ki, biz vətəndaşlarımızın necə sağalmasına kömək edək.
— Narkotikadan istifadə edib, əziyyət çəkmiş bir insan kimi, hal-hazırda narkotikə meylli gənclərə hansı tövsiyyələriniz olardı?
— Bax dostum, indi cəmiyyət elədir ki, heç kim, bu proqram da, Allah da deyir, biz heç birimiz, heç birimizə cavabdeh deyilik. Bu proqram da deyir ki, biz heç kimə cavabdehlik daşımırıq. Vəzifəndən, işindən, sənətindən asılı olmayaraq, əgər sən buna düçar olmusansa, çalış mərkəzdə sağalmağa get. “12 Addım” proqramı insanlara xidmət etmək üçün yaranıb.
— Sonda mərkəzinizin fəaliyyəti, gördüyünüz işlərlə bağlı da məlumat vermənizi istərdik…
— Artıq bir ildir ki, mərkəzimiz fəaliyyət göstərir. Fəaliyyətimiz göz qabağındadır. Bu bir il ərzində 164 nəfər pasiyentimiz dünyanın bir çox yerlərində işləyirlər, yaşayırlar. Gəlib burda sağalıblar. Onlar arasında oyun oynayanlar, alkoqoliklər və keçmiş narkomanlar da var. Yəni bu günün narkomanı ayıq qaldıqca asılı sayılır. Və o asılılarımız hal-hazırda dünyanın on iki yerində şalışır. “Start” Reabilitasiya Mərkəzindən 164 nəfər çıxıb, 149 nəfəri bu günə kimi ayıqdır.
— Yeri gəlmişkən, bu günlərdə mətbuatda belə bir informasiya yayıldı ki, dövlət qurumlarından biri hökumətə özəl reabilitasiya mərkzlərinin bağlanılmasını təklif edib. Sizcə, bu nə dərəcədə doğru bir qərar olar?
— Bilirsiniz, əgər dövlət qurumlarından kimsə deyibsə, məsləhət bilibsə, bu onların öz işidir. Bu gün bizim fəaliyyətimiz göz qabağındadır. Biz vətəndaşlarımıza xidmət edirik.
— Sizcə, özəl mərkəzlər bağlanarsa, dövlət müəssisələri hesabına narkomanların müalicəsini həyata keçirmək mümkün olar?
— Əsla! Xeyr. Bilirsiniz, necədi, dövlət narkomanların sağlamlığı üçün çox gözəl şərait yaradıb, mərkəzlər açıb ki, onlar tam sağalıb ailələrinə qovuşsunlar. Dərmanlar üçün vəsaitlər ayırıb, getsinlər tam sağalsınlar. Xəstəxanalarımız doludur. Biz istəyirik ki, narkomanlar suya qaçmasınlar, işə qaçsınlar. Bu proqramda fikir asılılığı yaratmayacaqsan, hərəkətə hazır olacaqsan. 3 prinsip var: açıq fikirlilik, hərəkətə hazırlıq, bir də doğru–dürüst olmaq. Mən burda sizinlə nə danışıramsa, tam dürüst danışıram. Təkəbbürlülükdən, təvazökarlıqdan çox uzağıq. Yəni bu gün bizə dövlətimiz icazə verib, fəaliyyət göstəririk. Sabah icazə verməyəcəksə, biz kimik ki, duraq deyək, yox, bu belə deyil, elə deyil. Boynumuz tükdən incədir.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI.
araz.az xəbər portalı.