RAİ.jpgHər ilin may ayının 9-unu sülhsevər bəşəriyyət faşizm üzərində qələbə günü kimi qeyd edir. Bu, tarixi bir gündür və bunu inkar etmək heç cür mümkün deyil.
Bu səbəbdən ki, bu Böyük Qələbənin qazanılmasından illər keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş digər xalqlar kimi, soydaşlarımızın da xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir.
İkinci Dünya müharibəsində özünün 700 min nəfərdən çox övladını cəbhəyə yola salan Azərbaycan xalqı da, o dövrdə bəşəriyyətin bəlasına çevrilmiş faşizm üzərində bu tarixi qələbəyə öz sanballı töhfələrini verib. Qanlı döyüşlərdə SSRİ-nin qazandığı bu şanlı qələbə naminə 300 mindən çox azərbaycanlı canını fəda verib. Həlak olanlar arasında qəhrəmanlıq nümunələri əfsanəyə çevrilənlər daha çoxdur. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə, 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə, partizan dəstələrinin tərkibində vuruşaraq, misilsiz rəşadət göstəriblər. Ağır müharibə illərində arxa cəbhədəki həmvətənlərimizin fədakar əməyi də unudulan deyil.
Bu qələbədə çox böyük payı olan Azərbaycanın nefti belə həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli yağların 85 — 90 faizi də Azərbaycanın payına düşüb.
Azərbaycanın əsgər və zabitləri qan çanağına dönmüş Brest, Moskva, Leninqrad, Ukrayna, Stalinqrad, Belarus, Moldova, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, Polşanın, Çexoslovakiyanın və Yuqoslaviyanın azadlığı uğrunda döyüşlərdə də öz fəallıqları ilə seçiliblər.
Xalqımızın fəxri olan Böyük Vətən müharibəsi veteranlarının bu amansız müharibə illərində göstərdikləri şücaət bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycanın oğul və qızlarının tarixi şücaətləri yaddaşlardan heç vaxt silinmədiyindən, bu qəhrəmanlıq gənc nəsil üçün əbədi vətənpərvərlik nümunəsinə çevrilib. Elə, Azərbaycanın mədəniyyət məbədi kimi qəbul edilən qədim Şuşa şəhərinin erməni faşistləri tərəfindən işğal olunduğu qanlı-qadalı 8 may günü onun müdafiəsinə qalxmış oğul-qızlarımızın yalın əllə göstərdikləri qəhrəmanlıqlar bu nümunənin ifadəsi kimi tarixə yazılıb. Şuşa təslim edilsə də, bir gündən sonra ata-babalarımızın şanlı qələbə gününü qeyd edəcək igidlərimiz onların döyüş şücaətlərini yada salaraq, son damla qanları bahasına əsl qəhrəmanlıq nümunəsi göstəriblər. Heç şübhəsiz, bu qəhrəmanlıq nümunəsindən ilham alan Azərbaycan igidləri istənilən yolla Qarabağ problemini yoluna qoyub, qədim Şuşa şəhərini işğaldan qurtarmaqla, iki şanlı qələbə gününü tezlikle qoşa qeyd edəcəklər.
Qələbə Günü münasibətilə, nəsillərə nümunə olan İkinci Dünya müharibəsi veteranlarını və bütün xalqımızı ürəkdən təbrik edir, onlara problemsiz həyat, möhkəm cansağlığı, Vətənimizə qələbə müjdəli sabahlar arzulayırıq!

Dərin hörmət və ehtiramla,
Fizuli Məmmədov,
Rusiya Azərbaycanlıları İttifaqının Prezidenti.

araz.az xəbər portalı.