Barəsində söhbət gedən 88 yaşlı Qüdrət kişi 1936-cı ildə Gəncə şəhərində doğulub. MTK sədri vəzifəsində çalışıb. Paytaxt Bakıda isə, bu şəxsə Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi açılıb. 30 ildir borcunu ödəməyən bu Mənzil-Tikinti Kooperativinin sədrinə hökm oxunub.

araz.az-ın əldə etdiyi məlumata görə,  rəhbəri olduğu tikinti şirkətinin podratçısı kimi işlətdiyi Toğrul adlı iş adamına 85.000 ABŞ dolları borcu var. Ümumi borc çox olub. 2010-cu ildə 8500 min manat borc ödənilsə də, 85 min dollar qalıb.

2011-ci ildə Yasamal Rayon Məhkəməsi borcun ödənilməsi ilə bağlı qərar verib. 2013 və 2016-cı illərdə qərarı icra etmədiyi üçün, MTK sədri cərimələnib, 2017-ci ildə ev dustağı edilib. Toğrul isə məhkəmədə qəti şəkildə bildirib ki, Qüdrət yaşından istifadə edir:

“Bu kişinin heç nədən xəbəri yoxdur. Qüdrət müəllimə fədailik missiyası yüklənib. Məqsəd borcdan yayınmaqdır. Dəfələrlə yazılı öhdəlik götürüb, lakin əməl etmirlər. Pulun ödənilməsini çox söz veriblər. Lakin nəticə olmayıb. Şans verilsə belə, yenə eyni metodlara baş vurub, pulu ödəməkdən boyun qaçıracaqlar. Təqsirləndirilən şəxs ziyanı ödəməyib, ona görə də ən ağır formada ciddi şəkildə cəzalandırılmalarını xahiş edirəm”.

Buna baxmayaraq, məhkəmənin qərarı ilə, məhkəmə prosesinin gedişi zamanı günahının nədən ibarət olduğunu bilmədiyini deyən MTK sədrinə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron qolbaq gəzdirmək vəzifələri qoyulub.

Malik MİRZƏ, 

araz.az xəbər portalı.