Yazının sərlövhəsinə çıxardığımız xəbəri, Cənubi Koreya kəşfiyyatı da, öz məlumat ilə rəsmən təsdiq edib. araz.az-ın da əldə etdiyi həmin məlumatda Şimali Koreyanın Rusiyaya əlavə qoşun göndərməyi planlaşdırdığı açıqlanıb.
araz.az xəbər verir ki, 1500 elit hərbçidən ibarət birinci qrup Şimali Koreyadan 10 minə yaxın hərbçinin yerləşdirilməsi planı çərçivəsində artıq Rusiyanın uzaq şərqində təlim keçir. Nüfuzlu “Bloomberg” də yazır ki, bu bölmələr Vladivostoka 8-13 oktyabr tarixlərində gəliblər.
Kəşfiyyat sənədlərində Şimali Koreyadan Rusiya ordusuna dəstək məqsədi ilə, silah göndərişi də yer alır.
Avqust ayından bəri Pxenyan Rusiyaya təxminən 8 milyon 122-152 mm-lik artilleriya mərmisi verib. Bundan əlavə, Ukraynadakı döyüş meydanında 100-ə yaxın “Hwasong-11” raketi və “Bulsae-4” tank əleyhinə silahı aşkarlanıb.
Cənubi Koreya kəşfiyyatı bu məlumatı müttəfiqlərlə bölüşüb və bəzi informasiyaları NATO-nun Şimali Atlantika Şurasının iclasında təqdim etməyi planlaşdırır.
Məlumatlı mənbələrin məlumatına görə, Vladivostok, Xabarovsk və Uzaq Şərqin digər şəhərlərində keçirilən təlimlərdən sonra Şimali Koreya hərbçiləri Ukraynaya göndəriləcək.
İqbal SƏMƏDOV,
araz.az xəbər portalı.