araz.az bildirir ki, sözügedən Qətnamə ilə bağlı gununsesi.info deputatlar arasında sorğu keçirdərək, onların məhz qətnamədəki insan hüquqları ilə bağlı hissəsinə münasibətini öyrənib.
“Avropa Birliyinin bütün bu sənədləri, əslində, elə qərəzli şəkildə həyata keçirilir ki, orada olan diqqətə layiq məqamları da arxa planda qoyur. Hesab edirəm ki, bu məsələ elə narahatedici amillərdən biridir, çünki belə olanda, güvən qalmır. Onların insan hüquqları kontekstində söylədikləri də həmin qərəzin başqa bir formasıdır”
Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
O, həmçinin qeyd edib ki, “Azərbaycanda müəyyən məhkəmə sistemi var. Təbii ki, COP29 ərəfəsində də hansısa media qurumlarında çalışan adamlarla bağlı məsələlərə bu məhkəmə qurumları baxa, mövcud stiuasiyanı nəzərə alan addımlar ata bilər. Amma bu, o demək deyil ki, bütövlükdə elə Azərbaycanda günahsız şəxslərin hamısını həbsə atıblar. Azərbaycan cəmiyyətində bu kimi tezislərlə o qədər böyük yalanlar işlədirlər ki, inamağa da maraq göstərilmir. O boyda Dağlıq Qarabağ mövzusu az qala Ermənistanın yadından çıxıb, bunu xatırlatmırlar, amma birdən-birə Avropa Birliyində olan bir qrup səfeh deputat oturub qərar qəbul edirlər ki, Azərbaycanda Dağlıq Qarabağ əraziləri hansısa bir şəkildə işğal altındadır, ermənilər incidilir. Bunun fonunda da insan hüquqlarını araya qatırlar. Bu, onlara maraqlı olsaydı, 30 il ərzində məcburi köçkünlərlə bağlı söz deyər, işğalçıya qarşı qətnamə çıxardardılar. Avropa İttifaqında 30 il torpaqları işğal etmiş ermənilərə qarşı bir qətnamə çıxartmayıb, özlərini isə indi anormal düşüncə sahibi kimi aparırlar. Bizim üçün də bu, bir kağız parçasıdır. Avropa Birliyi olmur, hansı təşkilat olur-olsun, Azərbaycanla bağlı əsası olmayan hansısa bir qərar çıxardırlarsa, Azərbaycan niyə buna diqqət yetirməlidir? Ona görə də insan hüquqları məsələləri ilə Azərbaycanın özü məşğul ola bilər, Avropanın çağırışına ehtiyac yoxdur. Əksinə, onlar bu cür çağırışlar etməklə, həbsdə olan adamların işini çətinləşdirirlər. Biz də istəyirik ki, müəyyən dərəcədə bəlli bir kateqoriya olan insanlar var ki, onlar azadlığa çıxsınlar. Azərbaycanın bunu Avropanın göstərişi ilə etmək niyyəti yoxdur, təsir də edə bilməzlər. Humanizmlə bağlı bizdə hər il əfv prosedurları olur. Ona görə də bu cür bəyanatlar təsiredici mahiyyətə sahib deyil və əslində, həmin insanların hüquqlarını məhdudlaşdırmaq üçün atılan addımlardır. Onlar bununla, məsələn, Ermənistana da pislik etmiş olurlar. Sülh müqaviləsi ərəfəsində belə bir bəyanat imzalamaq, el mane olmaqdır, sülhü pozmaqdır. O cümlədən həbsdə olan adamlara da.”
Milli Məclisin digər bir xanım deputatı Elnarə Akimova isə məsələyə münasibətini bu cür bildirib:
“Gün kimi aydındır ki, Avropa Parlamentinin son qətnaməsi hər zaman olduğu kimi, ölkəmizə qarşı qərəzlə doludur. Azərbaycanın haqlı qələbəsinə təhdid əlamətidir, ermənipərəst düşüncənin məhsuludur. Onlar erməni terrorçularını günahsız qismində təqdim edirlər. Amma nə üçünsə, ermənilərin Qarabağda, Gəncədə törətdiyi cinayətlərə səssiz qaldılar. Bu miqyasda insan ölümlərini görməzdən gələnləri, görəsən, həbsdə olanların müqəddəratı nə əcəb narahat edir? Əvvəlcə ermənilərin bizə qarşı törətdiyi maddi-mənəvi qətliamlara hüquqi qiymət verməyi bacarsınlar, insan haqlarını sonra müzakirə edərlər.”
Deputat Elman Nəsirovun fikirlərinə görə isə, avropalı parlamentarilərin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur, şərdir, böhtandır.
Elman Nəsirov həmçinin qeyd edir ki, “Azərbaycan əleyhinə çirkli oyunlar oynayarkən aynaya baxsınlar və eybəcər sifətlərini görsünlər. “Avropa Parlamenti və Korrupsiya” sözləri artıq sinonimləşib. Qaldı Azərbaycanda ayrı-ayrı cinayət törətmiş şəxslərin azadlığa buraxılması məsələlərinə, Cənab Prezident İlham Əliyev kifayət qədər humanist insandır və humanizm prinsiplərindən çıxış edərək xüsusi və ağır cinayətlər törətməyən şəxslərin yaxın qohumlarının xahişlərini, onların davranışı, səhhətlərini və digər bu kimi səbəbləri nəzərə alaraq qərarlar qəbul edir. O cümlədən Mehriban xanım Əliyeva da deputat olarkən, səhv etmirəmsə, dörd dəfə aminitsiya aktının verilməsi təşəbbüsü ilə çıxış edib və bunu reallaşdırıb. Azərbaycanda siyasi məhbus yoxdur, ola da bilməz. Azərbaycan demokratik dövlətdir. Demokratiya bir prosesdir və orada son nöqtə yoxdur, bu yolda addımlar hər zaman atılır. Kimsə həbsxanaya düşübsə, bundan siyasi məhbus adı yaratmaq lazım deyil. Həmin adamlar cinayət əməlinə görə həbsə düşüb, siyasi baxışlarına görə yox. Əgər Cənab Prezident tərəfindən əfv fərmanları imzalanıırsa, bu, yanlız humanizmdən irəli gələn məsələdir, buna başqa məna qatmağın mənası yoxdur. Qətnamə verənlər isə gedib ilk növbədə öz problemlərini həll etsinlər. Məsələn, ağır miqrasiya problemini həll edə bilərlər. Bu problemin yaranmasında da günahkar özləridir. Yaxın Şərqdə yeritdirdikləri siyasətin nəticəsidir. İnsanlar öz ev-eşiyindən didərgin düşüb, ünvan kimi də Avropanı seçiblər. İndi bunu həll etsinlər. O cümlədən də korrupsiyadan özlərini azad etsinlər. Bir daha qeyd edirəm, bu günləri həm dünya, həm də Azərbaycan ictimaiyyətində “Avropa Parlamenti və Korrupsiya sözləri artıq sinonimləşib”.
araz.az xəbər portalı.