Bu gün “Report” İnformasiya Agentliyinin yaranmasının 10 ili tamam olur. İstər ölkəmizə qarşı informasiya savaşında, istər baş verən hadisələrin cəmiyyətə doğru, düzgün ötürülməsi, istərsə də insanların fərqli sahələrlə bağlı maarifləndirilməsi, bunların hər birində REPORT-un xüsusi yeri var.

Elə, modern.az-ın əməkdaşı da, report.az-ın xüsusi günündə “Report”un xüsusi adamı, Agentliyin Baş redaktoru Murad Əliyevlə söhbətləşib. araz.az da, həmin maraqlı müsahibəni oxucularının diqqətinə çatdırır:

— Murad müəllim, siz “Report” İnformasiya Agentliyi yaranandan qurumdasınız və rəhbərlik edirsiniz. “Report.az” sizə nə qədər dost qazandırıb. Bildiyimiz qədəri ilə dostlarınızın bəziləri fərqli sahələrdədir. Onlarla görüşməyə vaxtınız olurmu?

—  Bəli, “Report” buradan yolu keçən hər kəs üçün bir ailə, bir məktəb olub. Çünki, redaksiyaya gələn hər kəs burada gərgin işgüzar mühitlə yanaşı, həm də biri- birinə hər zaman dəstək olan həmkar, dostlar tapır. Hazırda bir sıra dövlət qurumlarında, özəl şirkətlərdə vaxtilə “Report”da çalışmış şəxslər kifayət qədər məsuliyyətli vəzifələrdə çalışırlar. Vaxt tapdıqca onlarla görüşür, fikirləşirimizi bölüşürük.

— “Report.az” Azərbaycan mediasında sanballı yerə malikdir. Həmişə fərqlənmisiniz. Bundan sonra fərqlənmək üçün hansı addımları atacaqsınız?

— Yarandığı gündən “Report”un qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video-reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub. Bu missiyamızı növbəti illərdə də davam etdirərək oxucu auditoriyamızın daha da genişlənməsinə çalışacağıq. Bildiyiniz kimi, “Report” İnformasiya Agentliyi “Global Media Group” şirkətinin tərkibinə daxildir. Bu da Agentlik üçün yeni imkanlar yaradır, fəaliyyət üfüqlərinin genişlənməsinə şərait yaradır. Bir nümunə kimi qeyd edim ki, beynəlxalq arenada öz yerini möhkəmləndirməyi hədəfləyən agentlik “Global Media Group”un tərkibinə daxil olan digər şirkətlərlə birgə 2022-ci ildən keyfiyyətin idarə edilməsindən ətraf mühitin mühafizəsinə, əməyin mühafizəsindən təhlükəsizliyinə qədər ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq sertifikatlarına sahibdir və mütəmadi olaraq tələb olunan auditləri uğurla keçir. Azərbaycan mətbuatında ilk olan bu sertifikatlaşdırma agentliyin dünyanın aparıcı media qurumları ilə bir sırada qərarlaşması ilə bağlı gələcək hədəflərini müəyyən edir.

— Xarici əlaqələriniz hansı səviyyədədir? Bu istiqamətdə yeni nələr gözlənilir?

— Agentliyin xarici əlaqələri günü gündən genişlənir. Buna əsas rəvac verən amil kimi gündəlik olaraq xarici ekspertlərə, Azərbaycanla əlaqələri inkişaf edən ölkələrin dövlət aparatında təmsil olunan vəzifəli şəxsləri ilə müsahibələrin təşkil edilməsini göstərmək olar. Bildiyiniz ki, bizi qarşıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi çox mühüm tədbir gözləyir. Bu tədbirə hazırllıq çərçivəsində də xarici əlaqələrimizi kifayət qədər genişləndirdik, tədbir keçirilən günlərdə də bütün səylərimizi məhz o istiqamətdə cəmləyəcəyik. Elə bu yaxınlarda “Report”un da daxil olduğu “Global Media Group” və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb. Sənədə əsasən müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcəklər. Bu faktın özü də yuxarıda dediklərimizi təsdiq edir.

— Sosial medianın ayaq açdığı bir zamanda  media qurumunun fəaliyyəti  üçün elə də münbit şərait yoxdur. Ölkədə media sahəsində öncül yerdə olmaq və münbit şərait yaratmaqdan ötrü hansı addımları atırsınız?

— Əslində elə sosial şəbəkələrin bu qədər inkişaf etdiyi bir dövrdə ciddi media orqanına heç vaxt olmadığı qədər ehtiyac var. Gündəlik olaraq yəqin ki sosial şəbəkə istifadəçilərinin paylaşdığı məlumatları izləyirsiz. Həmin məlumatların əksəriyyəti ciddi araşdırılmaya ehtiyac duyur. “Report” da fəaliyyətinin ilk günündən sosial mediada yayılan bütün iddiaları dəqiqləşdirir, müvafiq qurumlara sorğular verir. Nəticədə, artıq bir ənənə halına çevrilib – kimsə sosial şəbəkələrin Azərbaycan seqmentində hansısa məlumatı, hadisə barədə xəbəri oxuyursa Report.az-a daxil olub nə qədər doğru olduğunu və digər təfərruatları oxuyur.

— Agentlik rus, ingilis dillərində də xidmət göstərir. Başqa dillərdə də xidmət barədə düşünürsünüzmü?

—  “Report” Agentliyi hazırda 3 dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Xəbərlərin mütləq əksəriyyəti tərcümə olunur. Hesab edirəm ki, istər region ölkələri, istər dünyanın istənilən yerindən sayta daxil olan oxucular bu dillərdə xəbər oxuya bilərlər. Şəxsi qənaətim ondan ibarətdir ki, redaksiyada hansısa dilin daşıyıcısı olan müxbir, redaktor, həmin dildə ehtiyac olan müsahibələri alacaq kadrlar yoxdursa sırf tərcümə materiallarının yerləşdirilməsi üçün əlavə dili artırmaq o qədər də məqsədəuyğun deyil. Əks halda, bu gün xəbərləri oxuduğumuz istənilən brauzerdə tərcümə funksiyaları var, istənilən dilə tərcümə etmək mümkündür. Bu gün “Report”da həm rusŞ həm ingilis dilində material hazırlayacaq, müsahibə alacaq kifayyət qədər peşəkar jurnalistlər çalışır.

— “Report.az” həm də bir sıra ölkələrdə xüsusi müxbirləri olan informasiya agentliyidir. Yeni dövrdə daha hansı ölkələrə xüsusi müxbir təyin etməyi düşünürsünüz?      

— Hazırda “Report” İnformasiya Agentliyinin Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda fəaliyyət göstərən xüsusi büroları həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır. Təbii ki, bu günün reallıqlarını nəzərə alaraq xarici ölkələrdəki fəaliyyətini daha intensiv qurmağı öz qarşımızda məqsəd kimi qoymuşuq.
— Kadrlarla bağlı hansı yeniliklər gözlənilir?

— Ümumiyyətlə, istənilən mətbu orqanda kadrlarla bağlı vəziyyət demək olar ki eynidir – kimsə dövlət sektorunda vəzifəyə gedir, kimsə ümumiyyətlə media sahəsindən ayrılaraq özəl biznes mühitinə keçir. Bu proses daimidir. “Report” Agentliyi isə bu illər ərzində artıq bir məktəbə çevrilib. Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına bu gün də töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə 2018-ci ildən Report Media Məktəbi fəaliyyət göstərir. İlk illərdə məktəbə tələbə qəbulu yalnız Azərbaycan dilində aparılsa da, hazırda həm də rus dilində aparılır. Bu günədək 17 qrup media məktəbinin məzunu olub. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist “Report”da və digər KİV-də fəaliyyətə başlayıb.

REDAKSİYADAN:

“Araz” Media Qrupunun kollektivi də bu təbriklərə qoşulur, “Report”a gələcək fəaliyyətində möhtəşəm uğurlar arzulayır!

 

araz.az xəbər portalı.