Türkiyə kubokunda 2018/19 mövsümünə yekun vurulub.
ONA-nın məlumatına görə, turnirin final oyunu Sivas şəhərində keçirilib.
Həlledici qarşılaşmada kubokun 17 qat qalibi “Qalatasaray”la ötən mövsüm mükafatı başı üzərinə qaldıran “Akhisar” üz-üzə gəlib. Super Liqanın fərqli qütblərində qərarlaşan komandaların oyunu gərgin mübarizə şəraitində keçib.
Sonuncu pillədə yer alan və aşağı liqaya yuvarlanacağı rəsmiləşən “Akhisar” oyunun 57-ci dəqiqəsində hesabı açıb. Elvis Manu autsayderin azarkeşlərini sevindirib.
İstanbul klubu buraxılan qoldan 9 dəqiqə sonra penalti imkanı qazansa da, şansdan yararlanmayıb. Final fitinə 10 dəqiqə qalmış “Akhisar” ikinci penalti və qırmızı vərəqəylə cəzalanıb. Sinan Gümüş 11 metrlik nöqtədən vurduğu zərbə ilə hesabda tarazlıq yaradıb. Matçın sonlarında Fequlinin, ardınca Mbaye Diaqnenin vurduğu qollar isə “Qalatasaray”a 18-ci Türkiyə kubokunu qazandırıb. “Akhisar”ın Avropa Liqasında iştirak arzusu isə reallaşmayıb.
Türkiyə kuboku
Final
15 may
“Akhisar” – “Qalatasaray” – 1:3
Manu, 57 – Gümüş, 80, Fequli, 88, Diaqne 90+4
66-cı dəqiqədə Diaqne penaltidən yararlana bilməyib.
araz.az xəbər portalı.