Gürcüstanda iqtidar partiyası “Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyası dünən keçirilən parlament seçkilərində qalib gəlib. araz.az xəbər verir ki, artıq səslərin 99.3 faizi sayılıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, iqtidar partiyası olan “Gürcüstan Arzusu” 54,234 %, müxalif partyalar olan – “Dəyişiklik üçün Koalisiya” 10,822 %, “Birlik – Milli Hərəkat” partiyası 10,105 %, “Güclü Gürcüstan” 8,758 %, “Gürcüstan üçün Qaxariya” partiyası 7,753 % səs qazanıb. Digər partiyalar 5 %-lik baryeri aşa bilməyiblər.
***
Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin baş tutduğunu elan edib.
araz.az xəbər verir ki, saat 20:00-a olan ilkin məlumatına görə, seçici fəallığı 58,94 % təşkil edib. Səslərin 70,9 %-i işlənildikdən sonra “Gürcü Arzusu” 52,98 % səs toplayıb. “Gürcü arzusu”na 921 067 seçici səs verib. Parlamentə, həmçinin 4 müxalifət partiyası daxil olur: ”Dəyişiklik Koalisiyası” – 11,2 %, ”Vahidlik – Milli Hərəkat” – 9,8 %, ”Güclü Gürcüstan” – 9 %, ”Qaxariya – Gürcüstan naminə” – 8,2 %. Qalan partiyalar 5 %-lik baryeri keçə bilməyiblər.
Parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi. Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib.
Qeyd edək ki, Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.
***
“Gürcüstanda müxalifət partiyaları xalqın dəstəyini almır, ölkədə çevriliş və ya inqilab təşkil edə bilməyəcəklər”.
Bunu Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze deyib.
“Müxalifətin ölkədə çevriliş və ya inqilab etmək imkanı yoxdur. Çevriliş edəndə cəmiyyətin, xalqın dəstəyini almalısan. Bu gün müxalifət, bu radikal qrup məğlub olub. Əgər kimsə qanunsuz addımlar atmağa cəsarət etsə, dövlət tərəfindən çox sərt reaksiya olacaq”, –– Kaladze bildirib.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hakim partiya 52,99% səs toplayıb ki, bu da təxminən parlamentdəki 90-91 mandata uyğundur. Partiya hökuməti təkbaşına qurmaq hüququ əldə etsə də, parlamentdə konstitusiya çoxluğuna malik olmayacaq.
araz.az xəbər portalı.