“Bu problem uzun illərdir davam edir. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi çeklərlə bağlı əlahiddə bir qərar verməlidir. Yaxud da Prezidentin fərmanı olmalıdır ki, bu problem yoluna qoyulsun. Əmlak payı olan vauçerlərin üzərində etibarlılıq müddəti göstərilməyibsə, istənilən halda vətəndaş haqlıdır. Dövlətin qiymətli kağızından hansısa vətəndaş yararlanmayıbsa, onun yararlanması üçün şərait yaradılmalıdır.
Dövlət özünün qiymətli kağızını qiymətsiz etməməlidir. Əgər dövlət özəlləşdirmə prosesində bu çeklərdən istifadə etməyəcəksə, istifadə etmək niyyətində deyilsə, o zaman bəlli məbləğ müəyyənləşdirilməli və dövlətin qiymətli kağızını vətəndaşdan almalıdır. Yaxud da əlində çekləri qalmış vətəndaşlara kompensasiya ödənilməlidir.
Pul əskinasları kimi bu çeklər də qiymətli kağızdır. Vətəndaşa vaxtilə verilmiş əmlak payını qiymətsiz etmək doğru deyil. Üstəlik, bu çeklərin üzərində etibarlılıq müddəti yoxdursa, onu adi kağız parçası hesab etmək yanlışdır. Yenə də deyirəm, əlahiddə qərar verilməli, vətəndaşın haqqı bərpa olunmalıdır”.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, keçmiş deputat Fərəc Quliyev:
“Mənə də dəfələrlə həm fərdi, həm də qrup şəkilində çek sahibləri müraciətlər ediblər. Onların müraciətlərini bir partiya rəhbəri olaraq aidiyyəti dövlət qurumlarına yönləndirmişəm. Hesab edirəm ki, vaxtilə özəlləşdirmədə bu çeklərdən doğru-dürüst istifadə olunmayıb. Əlində çekləri qalan vətəndaşlar dövlətin qiymətli kağızından səmərəli istifadə edə bilməyiblər. Bu da onların hüquqlarının pozulması anlamı verir.
Çeklər problemini həll etmək üçün dövlət addımlar atmalıdır. Yenidən tədavülə buraxılması, yaxud da çek sahibləri olan vətəndaşlara hansısa formada kompensasiya ödənilməsi mümkündür. Məncə, Milli Məclisdə özəlləşdirmə payları ilə bağlı qanun qəbul edilməli, yaxud mövcud qanunvericilikdə dəyişiklik edilməlidir. İctimai müzakirə keçirilməli, iqtisadçılar müzakirələrə cəlb olunmalı və problemin həlli yolu tapılmalıdır. Beləliklə, hüququ pozulmuş vətəndaşlarla bağlı ədalətli qərar verilməlidir. Dövlət öz qiymətli kağızlarına sahib çıxmalıdır, vətəndaşının da pozulan hüququnu bərpa etməlidir. İnsanları dövlətindən narazı salmaq düzgün deyil. Düşünürəm ki, bunun həll yolu mütləq var”.
ReAL Partiyasının sədri Natiq Cəfərli:
“Bununla bağlı yeni qanun layihəsi qəbul oluna bilər. Bundan sonra özəlləşdirmə çekləri yenidən tədavülə qayıda bilər. Köhnə qaydalarla onların yenidən dövriyyəyə qaytarılması çətinlik yarada bilər. Üzərindən uzun müddət keçib, bu müddətdə dəfələrlə inflyasiyalar baş verib, du dəyişikliklər fonunda həm manat, həm də həmin müəssisələr dəyərini itirib. Bu baxımdan yeni qanunun qəbulu lazımdır ki, bu məsələyə ədalətli formada yekun vurulsun.
Bu gün hökumətin əlində əsasən böyük şirkətlər qalıb. Onların özəlləşdirməyə çıxarılması zamanı çeklərdən istifadə oluna bilər. Bütün hallarda yüzminlərlə vətəndaş tarixi ədalətin bərpa olunacağı günü gözləyirsə, onların çağırışlarına cavab vermək lazımdır. Azərbaycan hökuməti problemin həlli istiqamətində hərəkətə keçməlidir”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:
“Bu qədər vauçerlərin əldə qalması sübut edir ki, özəlləşdirmə qanunazidd şəkildə həyata keçirilib. Buna görə də dövlət əmlakını, vətəndaşların əmlakını qeyri-qanuni mənimsəyən adamlardan həmin əmlak alınmalı, daha sonra vətəndaşların iştirakı ilə özəlləşdirilməlidir.
Bu prosesin həyata keçirilməsi olduqca ağrılı olacaq. Çünki özəlləşdirilən müəssisələrin əksəriyyəti dağıdılıb. Ona görə də indi özəlləşdirilməyə nəsə qalmayıb. Çünki çeklərdə söhbət Sovet dövründən qalmış ictimai və dövlət əmlakının özəlləşdirilməsindən gedir. Bu, vətəndaşların halal haqqıdır, tədavül müddəti və digər bu kimi mənasız bəhanələrlə onların hüquqlarını pozmaq olmaz”.
AĞ Partiyanın sədri Tural Abbaslı:
“Qiymətli kağızın qiymətsiz hala gətirilməsi dünyanın yəqin ki, heç bir ölkəsində yoxdur. Bu barədə hüquqşünasların rəyləri var və onlar detallı şəkildə izah edirlər ki, bu məsələdə vətəndaşlar haqlıdırlar. Əgər vətəndaşın hüququ pozulubsa, problem vətəndaşların xeyrinə həll olunmalıdır. Bu çeklər özəlləşdirmə paylarıdır və maraqlı məqam odur ki, əlində çeki qalan xeyli sayda vətəndaş dövlət tərəfindən verilmiş özəlləşdirmə çekləri ilə özəlləşdirmə prosesində iştirak edə bilmir. Səbəb isə, üzərində etibarlılıq müddəti göstərilməyən çeklərin 2011-ci ildə tədavüldən çıxarılmasıdır. Çeklərin üzərində etibarlılıq müddəti göstərilmədiyi halda, onun tədavüldən çıxarılmasının özü də sual doğuran məsələdir. Anlamaq olmur, dövlətin qiymətli kağızı necə qiymətsiz sayıla bilər?!
Düşünürəm ki, ölkə rəhbərliyi, aidiyyəti nazirlik, komitə, məmurlar bu məsələnin həlli üçün addım atmalıdırlar. Hansısa komissiya yaradıb, müzakirələr aparıb son qərarı vermək elə də çətin deyil. Söhbət 5-10 çekdən yox, külli miqdarda qiymətli kağızdan gedir. Dövlət özü təminat verdiyi özəlləşdirmə çeklərinə, onlara sahib olan vətəndaşlara sahib çıxmalıdır… Əlində özəlləşdirmə çekləri qalmış vətəndaşların hüquqlarının tapdanmasına yol verməmək üçün münasib yollar, metodlar axtarmaq lazımdır. Bu, kompensasiya şəklində də mümkündür, özəlləşdirmə prosesində iştirak formasında da mümkündür. Bütün hallarda vətəndaşların pozulan hüquqları bərpa edilməlidir”.
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev:
“Çek məsələsində vətəndaşların pozulan hüquqlarının bərpası vacibdir. Zamanında vətəndaşlara bu çeklərdən verilsə də, özəlləşdirmə prosesində çox ciddi problemlər, korrupsiya halları oldu. Nəticədə bir çox vətəndaş öz qiymətli kağızından lazımınca istifadə edə bilmədi. Ortada reallıq var və dövlətin ona verdiyi qiymətli kağızı əlində qiymətsiz hala düşən insanlarımız mövcuddur. Onlar haqlı olaraq bu özəlləşdirmə payından istifadə hüququnun bərpasını istəyirlər. İndi söz dövlətindir və hökumət insanların hüquqlarını bərpa etməlidir.
Əlində çekləri qalmış şəxslərə vurulan ziyanın qarşılanması üçün dövlət proqramı tərtib olunmalıdır. Faktlar yenidən araşdırılmalı və qalan müəssisələrin özəlləşdirilməsi üçün çeklər tədavülə buraxılmalıdır. Yaxud da vauçerlərindən istifadə edə bilməmiş vətəndaşlara hansısa formada kompensasiya ödənilməlidir”.
Müstəqil siyasətçi, prezidentliyə namizəd olmuş Fuad Əliyev:
“Özəlləşdirmə çekləri ilə bağlı məsələ ciddi narahatlıq doğurur və ən qısa zamanda həllini tapmalıdır. Özəlləşdirmə çekləri məsələsi vətəndaşın xeyirinə həll olunmalıdır. Sözügedən problemin həlli ilə bağlı seçki platformamızda bənd var idi. Həmin bəndlə bağlı debatlar zamanı məlumat verilmişdi”.
Siyasi icmalçı Zərdüşt Əlizadə:
“Ötən əsrin 90-cı illərinin sonlarında Heydər Əliyevin vətəndaşlara əvəzsiz özəlləşdirilmə çeklərinin paylanılması ilə bağlı fərmanı müsbət addım idi. Bu təcrübədən əksər postsovet dövlətləri, o cümlədən Çexiya və digər ölkələr də istifadə edib. Nəzərdə tutulurdu ki, Sovetdən qalan dövlət mirası vətəndaşların iştirakı ilə bölüşdürülsün. İki yol var idi: Ya Rusiyadakı kimi proses formal həyata keçirilir, adı olub, özü olmur, ya da hər şey şəffaf şəkildə təşkil olunurdu. Təbii ki, Azərbaycanda birinci varianta üstünlük verildi.
Amma proses bir qrup işbazın xeyrinə yekunlaşdı. Bununla bağlı hesabat verən də olmadı. Çox mürtəce formada bu prosesi başa vurdular. Bu məsələdə də ənənəvi qaydalardan istifadə edildi. Bir qrup məmur-oliqarx varlandı, əhali isə seyirçi qaldı. Bəzi adamlar oldu ki, vauçerlərini qoruyub saxladılar. Bu gün də saxlayırlar. Ümid edirlər ki, nə zamansa onlar yenidən dövriyyəyə qayıdacaq. Bu prosesi aparan, özünü varlandıran məmur təbəqəsi də imkan verməməyə çalışır ki, əhali bu prosesdən qazancla çıxsın.
Proses ədalətli şəkildə aparılsaydı, Azərbaycanda da vətəndaşlar dədə-babalarından miras qalan paylara sahib olacaqdılar. Müxtəlif müəssisələrin pay sahiblərinə çevriləcəkdilər. Onların özəl sektorun fəaliyyətində iştirakı təmin ediləcəkdi. Bu problemi həll etmək lazımdır”.
Siyasi şərhçi Xəyal Bəşirov:
“Özəlləşdirmə çeklərinin ləğvi barədə qərar yoxdur. Bu səbəbdən də özəlləşdirmə çekləri qanunla qüvvədədir. Tədavül müddətinin başa çatması üçün hüquqi əsaslar olmalı idi. Vauçerlər etibarsız sayılmayıb. Bu amili əsas götürsək, vətəndaşların əlində qalan özəlləşdirmə paylarının dəyərsiz kağıza çevrilməsi məntiqsizdir – çeklərin tədavüldən çıxarılması hüquqa ziddir.
Burada haqqı tapdanan vətəndaşların sayı kifayət qədərdir. Bütün hallarda Konstitusiya Məhkəməsi vətəndaşların xeyrinə qərar qəbul etməlidir. Bu, müəyyən əhali qrupunun sosial rifahının artırılması baxımından da vacibdir. Bu məqsədlə müxtəlif addımlar atıla bilər ki, bunlardan da biri yeni qanunun qəbuludur”.
Politoloq Azər Rəşidoğlu:
“Dövlət ədalət üzərində bərqərar olmalıdır. Ədalət dövlətin təməlidir. Təməl də xalqdır. Əgər ədalət pozulubsa – xalqın dərdi varsa, vətəndaşın haqqı tapdanıbsa, dövlət təməl daşını qucaqlamalıdır.
Özəlləşdirmə çekləri də bu qəbildəndir. Burda ədalət pozulub, xalqın dərdi var, vətəndaşın haqqı tapdanıb. Deməli, söz dövlətindir – dövlət ədaləti yaşatmalı, haqqı bərpa etməlidir”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
ƏLAVƏ QEYD
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
araz.az xəbər portalı.