Nəticələri qəbul etməyən müxalifət isə əhalini etiraza səsləyir. Bu arada isə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstan Avropa İttifaqı və ABŞ-la əməkdaşlığı genişləndirmək niyyətindədir.
Ancaq bir sıra siyasi şərhçilər bu sözlərin qarşıdakı etirazları səngitmək üçün söylənilən fikir olduğu qənaətindədir.
araz.az xəbər verir ki, məsələ ilə bağlı gununsesi.info–ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da Gürcüstanın Avropa İttifaqı və ABŞ-la böyük yaxınlaşmasının olmayacağı qənaətindədir:
“Bu cür mövqelərin hamısı, əslində, ehtimal şəklində deyilir. Bəziləri deyirlər ki, “Gürcü arzusu”da ruslarla yaxınlaşacaq. Elə bunun özü də ehtimaldır. Burada əsas seçim Gürcü xalqının üzərinə düşür. Bizim üçün vacib olan məsələ isə öz aramızdakı mənfi dəyişikliyin olmamasıdır.”
Tofiq Zülfüqarov həmçinin bildirib ki, “hazırda Gürcüstanda siyasi qarşıdurmalar var. Bu cür məsələlər onların bir-birini ittiham etməsidir həm də. Mən hesab edirəm ki, onlar Rusiya ilə də, ABŞ, Avropa İttifaqı ilə də deyilən yaxınlaşmaları etməyəcəklər. Müəyyən siyasi, dövlət əlaqələri ola bilər, amma böyük yaxınlaşma məsələləri olası deyil”.
araz.az xəbər portalı.