Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticəsini açıqlayıb.
97. 011 faiz sayılan səslərə əsasən, “Gürcü Arzusu” partiyası seçicilərin 54, 24 faizinin etimadını qazanıb. Hakim partiyanı 1 087 801 seçici dəstəkləyib. Dörd qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37, 33% səs toplaya bilib.
Bəs Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrindən razı qalmayan Qərb bundan sonra hansı addımları atacaq? Gürcüstanda dövlət çevrilişi baş verə bilərmi?
araz.az bildirir ki, mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev turkustan.az-ın suallarını cavablandırıb.
Politoloq bildirib ki, “Gürcüstanda nəticələrdən Qərb təbii ki, razı qalmadı. Ancaq “Gürcü Arzusu” partiyasının qalibiyyəti gözlənilən idi: “Keçirilən bitərəf sosioloji rəy sorğularında da hakim partiyanın qalib gələcəyi gözlənilirdi. Düzdür, iri şəhərlərdə “Gürcü Arzusu”nun mövqeləri xeyli dərəcədə zəifləyib, gənclər üstünlük təşkil etdiyi bu şəhərlərdə müxalifət qalib gəldi. Ancaq ümumilikdə Gürcüstanın əsas əhalisi aqrar təyinatlı rayonlarda yaşayır ki, həmin rayonların əhalisi iqtidar partiyasını güclü şəkildə dəstəklədilər. Lazım olan qədər səsi yığdı. Düzdür konstitusion çoxluğu əldə edə bilmədi. Ona görə də bu onlara mühüm problemlər yaradacaq. Qanunların qəbulunda müxalifətin dəstəyinə ehtiyacı olacaq.
Ancaq təkbaşına hökumət qurmaq üçün lazım olan səsi əldə etdi. Gürcüstanda parlamentin açılması ilə bağlı qərarsızlıq var. Bildiyiniz kimi 150 deputatdan 100 deputat mandatı təsdiq etdirdikdən sonra parlament açılacaq. Artıq Mamuka Xazaradzenin rəhbərlik etdiyi “Güclü Gürcüstan Naminə” partiyası, Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası, Nika Melianın rəhbərlik etdiyi “Gürcüstan Üçün Dəyişiklik” partiyaları parlamentə getməyəcəklərini bildirdilər və bu da kifayət qədər böyük rəqəmdir. Gürcüstan partiyasının lideri Georgi Qaxariyadan hələ ki səs yoxdur. Qaxariya “Gürcü Arzusu”nun keçmiş müttəfiqidir və baş nazir vəzifəsində çalışıb. Deyilənlərə görə o da özü üçün vəzifə istəyir. Hökumətlə koalisiyaya getmək istəyir, hətta dediklərinə görə baş nazir vəzifəsini tələb edir ki, parlamentə getsin və parlament fəaliyyətə başlasın. Qaxariya parlamentə gedərsə parlament fəaliyyətə başlaya bilər. Ancaq belə olmasa, ki “Gürcü arzusu” xırda partiyalarla, Gürcüstan parlamentdə təmsil olunan fraksiyalardan kənar və müstəqil şəxslərlə danışıqlara başlayacaq və çalışacaqlar ki, həmin qruplarla 100 deputatı təmin edərək parlamenti açsınlar.
Böyük ehtimalla parlament açılacaq, ancaq konstitusion çoxluğu təmin edə bilmədilər. Gürcüstanda artıq bu gün də mitinqlər başlayır. Qərb çox çalışacaq ki, Gürcüstanda bəli inqilab eləsin. Ancaq bu bir qədər ziddiyyətli görünür. Çünki Saakaşvili həbsdədir, müxalifətin vahid və nüfuzlu lider yoxdur. Saakaşvilidən sonra da müxalifət populyar bir lider ortalığa çıxara bilməyib”.
Politoloq əlavə olaraq bildirib ki, “ikinci bir səbəb isə, iqtidar partiyasının nüfuzu ölkədə güclüdür: “Düzdür Tiflisdə insanlar çoxdur, müxalifətin tərəfdarları çoxdur, insanları küçələrə çıxara bilərlər. Ancaq nəzərə alaq ki, hakimiyyət administrativ resurslardan istifadə edərək də regionlardakı tərəfdarlarını paytaxta cəlb edə bilər və bu inqilabın qarşısını ala bilər. Hakimiyyət inzibati resurslardan da kifayət qədər istifadə edir və bu baxımdan da inanmıram Qərb Gürcüstanda hansısa inqilab həyata keçirə bilsin. Çox böyük ehtimalla keçirilən mitinqlər baş tutmayacaq və burada inqilab görüntüsü olmayacaq”.
araz.az xəbər portalı.