“Rusiyanın Kazan şəhərində keçirilən BRICS-in 16-cı sammiti müasir dünya siyasətində bir sıra yeni reallıqları nümayiş etdirməkdədir. Əvvəla, 35-dən çox ölkənin, 6 beynəlxalq təşkilatın nümayəndə heyətinin, eləcə də BMT-nin Baş katibi Antonio Quterreşin tədbirdə iştirakı BRİCS-in mötəbər tribuna olmasını təsdiqləyir.
       Rusiyanın və ölkənin lideri Vladimir Putinin sədrliyi ilə inkişaf etmiş dövlətlərin bu nəhəng platformada birləşərək mühüm geosiyasi aktual məsələləri müzakirə etməsi BRİCS-in geniş siyasi-iqtisadi bloka çevrildiyini göstərir”.
         araz.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, Qərb bu təşkilatın nüfuzunu və rolunu azaltmaq üçün müxtəlif spekulyativ yanaşmalar sərgiləyir, özünə qarşı yönəlmiş ittifaq hesab edir. Ancaq qəbul ediləcək gerçəklik budur ki, BRİCS-dəki ölkələri qarşılıqlı hörmət və yaxın dostluq, bərabərhüquqluluq, etimad, dəstək və həmrəylik ruhunu birləşdirir:
         “Dünya əhalisinin 50 faizini və qlobal ÜDM-in 34 faizini özündə cəmləşdirən BRİCS-in qloba siyasətə təsir imkanları ilə yanaşı, iqtisadi bazası da böyükdür. Beynəlxalq ticarətin təxminən 20 faizi, maliyyə resurslarının isə 25 trilyon dolları BRICS ölkələrində cəmləşib. Hazırda qlobal tranzit-logistika marşrutları, o cümlədən Yeni İpək yolu, Orta Dəhliz, Şimal-Cənub dəhlizinin böyük bir hissəsi bu birlik ölkələrinin ərazisini əhatə edir.
         Azərbaycan və qardaş ölkə Türkiyə də BRİCS ölkələri ilə sıx tərəfdaşlıq münasibətlərinə malikdir. Türkiyə NATO ölkəsi olsa da bu təşkilata daxil olan ölkələrin hər biri ilə strateji münasibətlər qurub və inkişaf etdirir.
         Eləcə də, Azərbaycan bu təşkilatın iki üzvü ilə yaxın qonşudur, eləcə də, Şərq-Qərb nəqliyyat dəhlzinin müəllifi olan Çinlə strateji müttəfiqdir. Eləcə də, respublikamızın xarici iqtisadi ticarət tərəfdaşının böyük bir qismi də BRİCS-də təmsil olunur. Ona görə də ölkəmizin bu təşkilatla yaxın təmaslarını intensivləşdirməsi müasir geosiyasi reallıqlara söykənir”.
         Vaqif Abdullayev deyib ki, cənab Prezidentin müəyyənləşdirdiyi müdrik və təmkinli xarici siyasət kursu sayəsində ölkəmiz bütün ölkələrlə ikitərəfli və çoxtərəfli, bərabərhüquqlu dost münasibətlər qurub:
          “Ona görə də, Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli siyasətində BRİCS-əməkdaşlıq ümumi dövlət maraqlarına və mənafeyimiz uyğundur və digər təşkilatlarla əlaqələrimizin zəiflədə bilməz”.

araz.az xəbər portalı.