Xəzər rayonu, Türkan Bələdiyyəsinin sədri Böyük Ağa Yarıyevin atası Xaləddin Yarıyev istintaqa cəlb olunub. araz.az bildirir ki, musavat.com-a daxil olan məlumata görə, Türkan qəsəbə sakini Xaləddin Yarıyevdən həmyerlisi Famil Yarıyev prokurorluq orqanlarına şikayət yazıb.
lkin araşdırmalarla müəyyən olunub ki, Xaləddin Yarıyevin sahiblərindən olduğu Türkan qəsəbəsində yerləşən daş karxanasında yerin təkindən qanunsuz olaraq istifadə olunub, karxana ərazisindən kənarlaşma baş verib.
Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanıb.
Famil Yarıyev şikayətində yazıb ki, Xaləddin Yarıyev Abşeron İcra Hakimiyyəti tərəfindən icarəsinə verilmiş 15 hektar torpaq sahəsində dağ mədən aktı almadan, həmçinin özünə aid olmayan Dövlətə məxsus ətrafda yerləşən sahələrdə qanunsuz daş karxanası işlədir, dövlətə külli miqdarda ziyan vurur.
O, şikayətində vurğulayıb ki, Xaləddin Yarıyev müxtəlif üsullarla özünü qorumağa çalışır, dövlətə vurduğu milyonlarla ölçülən ziyanın az bir hissəsini ödəməklə qanunsuz fəaliyyətini davam etdirmək niyyətindədir. Famil Yarıyev Xaləddin Yarıyevin cəzalandırılmasına göstəriş verilməsini də tələb edib.
Yada salaq ki, Xaləddin Yarıyev əvvəllər də oxşar qanunsuz fəaliyyətinə görə istintaqa cəlb olunaraq həbsə alınıb. Belə ki, 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları müəyyən olunub.
Toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Başlanmış cinayət işi üzrə ETSN-nin mütəxəssisləri cəlb edilməklə Baş İdarənin təcrübəli müstəntiq, əməliyyatçı və mütəxəssislərindən ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Abşeron rayonunda yerləşən “Güzdək”, Bakı şəhərinin Qaradağ rayonundakı “Güzdək, Gülbaxt, Qaradağ-II, Şahqaya və Karvansaray”, Xəzər rayonunda yerləşən “Türkan-I və Türkan-II” və Səbail rayonu ərazisindəki “Şahinbax” mişardaşı karxanası və əhəngdaşı yataqlarında fəaliyyət göstərən 48 sahibkarlıq subyekti ətraf mühitin qorunması sahəsində qanunvericiliyin tələblərini yerinə yetirməyib, apardıqları qeyri-qanuni istismar işləri nəticəsində ətraf mühitə ümumilikdə 4 milyon 845 min manat məbləğində ziyan vurublar.
İstintaq zamanı həmçinin, qeyd edilən 48 sahibkarlıq subyektindən 29-nun “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması”na dair müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyindən lisenziya almadan fəaliyyət göstərmələri müəyyən olunub. Aparılmış istintaqla qeyd edilən sahibkarların istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh müəyyən edilmiş şəxs kimi həmin qaydaları pozmalarının ağır nəticələrə səbəb olmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına, bununla da “Günəş” kooperativinin rəhbəri Yarıyev Xaləddin Böyükağa oğlunun 337 min manat, fiziki şəxslər Babaxanov Afərin Ağabala oğlunun 132 min manat, Almazov Oruc Mirəskər oğlunun 103 min manat, Qazaxov Laçın İsmayıl oğlunun 100 min manat, Əliyev Cəlal Bayandır oğlunun 74 min manat, Kazımov Elşən Hüseyn oğlunun 64 min manat və Qasımov Tapdıq Xanlar oğlunun 44 min manat miqdarında ətraf mühitə ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə “Günəş” kooperativinin rəhbəri Xaləddin Yarıyev, fiziki şəxslər Afərin Babaxanov, Oruc Almazov, Laçın Qazaxov Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2, Elşən Kazımov və Tapdıq Qasımov Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2, Cəlal Əliyev isə həmin məcəllənin 192.1 və 247-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı Xaləddin Yarıyev tərəfindən 337 min 321 manat ziyandan 109 min 400 manatı ödənilib.
2020-ci ilin fevralında Abşeron Rayon Məhkəməsi Xaləddin Yarıyevin 4 il 6 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi barədə hökm çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək Xaləddin Yarıyev barədə şərti məhkumetmənin ləğv edilməsini istəyib. Sumqayıt Apellyasiya Məhkəməsi protesti təmin etməyib və Xaləddin Yarıyev barədə şərti cəza qüvvədə saxlanılıb.
araz.az xəbər portalı.