“Oktyabrın 23-də Fransa Senatının xarici işlər, müdafiə və silahlı qüvvələr komitəsində ölkənin xarici işlər naziri Jan Noel Barronun dinlənilməsi keçirilib. Tədbirin məqsədi Fransa Xarici İşlər Nazirliyinin 2025-ci il büdcəsini və beynəlxalq vəziyyəti müzakirə etməkdən ibarət olsa da, Azərbaycan əleyhinə ikiüzlü və riyakar bəyanatlar səsləndirilib”.
araz.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Ermənistanı silahlandıran və regionda sabitliyi pozan başlıca ölkə olan Fransanın silahlı qüvvələr naziri ictimai dinləmələr zamanı bir daha etiraf edib ki, rəsmi Paris Ermənistana maliyyə və hərbi yardımını daha da genişləndirəcək:
“Nazir, həmçinin, Avropa sülh mexanizmi çərçivəsində Ermənistana əlavə hərbi yardım edilməsindən fəxrlə danışaraq, İrəvanın Moskva ilə münasibətlərini qırdığını və bu işdə Fransanın xüsusi rolunu vurğulayır, digər ölkələrin daxili və xarici siyasətlərinə necə müdaxilə etdiklərini etiraf edir. Erməni xalqı kənar qüvvələrin onları revanşizmə və hərbiləşməyə sürüklədiyini nəhayət dərk etməli, hökuməti region ölkələri ilə normal münasibətlər qurmağa məcbur etməlidir”.
“COP29-un nəticələrinin uğurlu olmasında maraqlı olmayan bir sıra dövlətlər anlamalıdırlar ki, bu qlobal tədbirin uğurları da, uğursuzluğu da hamının payına düşür. Dünya ictimaiyyəti ilk növbədə maliyyə ilə bağlı inkişaf etmiş ölkələrdən uğurlu nəticə gözləyir. Azərbaycan isə bu prosesdə yalnız ev sahibidir”, — deyə, deputat vurğulayıb.
araz.az xəbər portalı.