fuad 6

“İki polis döyüb, biri isə foto və videosunu çəkib…”

Rusiyada yaşayan jurnalist Fuad Abbasovla bağlı vəziyyət gərginləşib. Bu barədə Musavat.com-a onun vəkili Elman Paşayev məlumat verib. Vəkilin sözlərinə görə, bu gün təcridxanada saxlanılan jurnalistlə görüşüb. F.Abbasov vəkilinə bildirib ki, onu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər: “O internetə qoyulan fotolar düzgündür. Fuad Abbasov mayın 16-da çox sərt şəkildə döyülüb. Küçədə hüquq-mühafizə orqanı əməkdaşları onu qəddarcasına döyüb. Onlardan ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib. O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub. Adətən sifariş verənlər sübut istəyirlər ki, sifariş hansı formada yerinə yetirilib. Mən kriminalistəm, bu detalları bilirəm. Məqsəd o olub ki, sifarişşçiyə çatdırsınlar ki, Fuad Abbasovu sındırdıq”.

E.Paşayev bildirib ki, döyəndən sonra F.Abbasovun qoluna qandal geyindirilib. Müsahibimiz vəkillik fəaliyyəti boyunca belə bir qanunsuzluqla qarşılaşmadığını dedi. Onun sözlərinə görə, administrativ işlər üzrə heç kimin qoluna qandal vurula bilməz: “Fuad Abbasova deyilməyib ki, bu addım niyə atılır. Mayın 28-də Fuad Abbasov deportasiya edilməlidir. Amma ondan da tez ola bilər. Onu öncə küçədə, daha sonra isə polis idarəsində döyüblər. Məqsəd o olub ki, onu sındırsınlar və bunu yaysınlar”.

Vəkili Elman Paşayev ile ilgili görsel sonucu

Vəkili Elman Paşayev: “Sifarişçilərin kim olduğunu təxmin edirik”

Vəkilin sözlərinə görə, F.Abbasov sifarişçilərin kimliyi ilə bağlı versiyalarını ona deyib. Rusiyada yaşayan həmyerlimiz hesab edir ki, sifarişçi ya erməni lobbisi, ya da Rusiyada yaşayan Azərbaycan diaspor təşkilatının rəhbəri Ağadadaş Kərimovdur: “Fuad deyir ki, polisə qəbul ediləndə bədən xəsarətlərini göstərsə də, onu qeydə almırdılar. Məhkəmədə vəkilinin gəlməsini tələb etsə də, buna məhəl qoyulmayıb. Hazırda saxlanma şəraiti və yeri normaldır. İlk 2 gün heç kimlə əlaqə saxlamağa imkan verməyiblər. Amma bu gün mən telefon verdim, bundan sonra axşam saat 7-dən 9-a qədər telefonla danışa biləcək”.

E.Paşayevin fikrincə, F.Abbasovun deportasiyası üçün heç bir əsas, səbəb yoxdur. Müsahibimiz həmyerlimizə qarşı törədilən qəddar əməliyyatda FCB-nin rolunun olmasına inanmır: “Çünki FCB kimisə döyüb, əlini-qolunu qandallamaz. Sabah tezdən hər tərəfə müraciət edəcəm. İlk olaraq istintaq komitəsinə müraciət edəcəm ki, müvəkkilim qəddarcasına döyülüb. Azərbaycanın Rusiyadakı səfirliyi də hadisə ilə bağlı məlumatlıdır. Onlara da müraciət edəcəm ki, bu olayla bağlı müvafiq qurumlara müraciət etsinlər. Mən vəkillik fəaliyyətim boyunca belə biabırçılıq görməmişəm. Azərbaycanın rəsmi səviyyədə buna reaksiya verməlidir”.

Sevinc, Musavat.com

P.S. Qeyd edək ki, bu yazı ilk dəfə dünən axşam saat 21.03-də dərc olunub.

araz.az xəbər portalı.