Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə etiraz etmək üçün minlərlə insan Tbilisinin mərkəzində parlament binasının qarşısına toplanıb. Diqqətçəkən məqam aksiyanı Gürcüstan Prezidenti Salome Zurabişvilinin təşkil etməsidir.
Əvvəlcə qeyd edim ki, 26 oktyabrda baş tutan seçkilərdə hakim Gürcü Arzusu 53,93 faiz səslə qalib gəlib. Hakim partiyanın qələbə qazanacağı bəlli idi. Bilinənin əksinə Gürcüstanda hakim partiyanın kifayət qədər çox dəstəkçisi var. Bununla belə, parlamentə düşməyi bacaran 4 müxalif koalisiya və Prezident Zurabişvili seçkilərin saxtalaşdırıldığını iddia edib və nəticələri tanımayıb.
Əslində, müxalifətin seçkinin nəticələrinə etiraz etməsi və aksiyalara başlaması öncədən proqnozlaşdırılırdı. Qərb faktiki olaraq Gürcüstanı itirmək istəmir. Buna görə də rəngli inqilab ssenarisini aktivləşdirib. Prezident Zurabişvilinin liderlik etməsi də proseslərin pərdəarxasında Qərbin olduğunu deməyə əsas verir. Prezidentin təcümeyi-halına nəzər yetirdikdə görmək olar ki, bu şəxs bir çox diplomatik vəzifələri icra edib. 2003-2004-cü illərdə Fransanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb. 2004-cü ildə hər iki dövlətin prezidenti arasında əldə olunan razılığa əsasən Gürcüstan vətəndaşlığını qəbul edib və bu ölkənin ilk qadın xarici işlər naziri təyin olunub. O, Rusiya qüvvələrinin Gürcüstan ərazisinin mübahisəsiz hissələrindən çıxarılmasına səbəb olan müqavilə üzrə danışıqlar aparıb.
S. Zurabişvili prezident olmasına baxmayaraq Qərblə, xüsusilə də kəşfiyyat qurumları ilə təmasları kəsilməyib. Bu da onun hazırda proseslərə liderlik etməsini bir daha açıqlayır.
“Buradakı hər kəsə demək istəyirəm ki, siz seçkilərdə uduzmadınız, onlar sizin gələcəyinizi oğurlamağa çalışdılar, amma heç kimin buna haqqı yoxdur”, – Zurabişvili aksiyadakı çıxışında bildirib.
Gürcüstan faktiki olaraq Qərbin vədlərinə inanmır. Son zamanlar Gürcüstanın Qərbə qarşı qəbul etdiyi qanunlar, həmçinin Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdləri Tbilisinin xarici siyasi kursunda dəyişikliyə gedəcəyini göstərir.
Hazırkı proseslər isə göstərir ki, Qərb Gürcüstana təzyiq yolunu seçib. Lakin bunun nəsə dəyişiklik yaratması real deyil. Belə olarsa, Qərb Tbilisi ilə uzlaşma yoluna gedə bilər.
Mövcud vəziyyət Rusiyanı məmnun etsə də, Gürcü Arzusu Kremllə buzları tez bir zamanda əritməyəcək. Moskva Tbilisini yenidən qazanmaq, həmçinin prosesləri əvvəlki məcrasına salmaq üçün əlindən gələni edəcək. Gürcü Arzusu isə Azərbaycanın illərdir tətbiq etdiyi balans siyasətinin bənzəri bir kurs izləyə bilər.
Turan RZAYEV, politoloq.
araz.az xəbər portalı.