Ceyhun Əmrahov: “Qanunsuz şəkildə 2 növbə ardıcıl işləyib, sükan arxasında yatıb və…”
“Avtobus gəldiyi sürətlə 8 maşını vurdu. Sükanı arxasında olduğum maşın xurd-xəşil oldu. Qəza olanda qızımı məktəbdən gətirirdim, o da maşında idi. Maşının şüşələri uşağın üstünə töküldü. Qəzadan 2 həftədən çox keçir, uşağın yuxusu qaçıb, gecələr qışqırır, ağlayır. Bizə vurulan ziyanı da ödəyən yoxdur”.
“Yeni Müsavat”a müraciət edən Bakı sakini Ceyhun Əmrahov belə deyir. Onun bəhs etdiyi qəza mayın 6-da, Bakının Yasamal rayonunda, Şərifzadə küçəsindəki “ASAN xidmət”in yaxınlığında baş verib. 165 saylı marşrut üzrə hərəkət edən “Daevo” markalı, Az 99 LZ 861 nömrə nişanlı avtobus sürətlə hərəkətdə olduğu zaman 8 maşına çırpılıb. Ceyhun Əmrahov deyir ki, onu və qızını Allah qoruyub: “Svetaforda dayanmışdıq. Anidən güzgüdən arxaya baxanda gördüm ki, böyük bir avtobus sürətlə yaxınlaşır. Tormoz səsi də gəlmədiyindən anladım ki, qəza qaçılmazdır. İdarə etdiyim ”Mitsubhishi Galant” markalı, Az 99 XZ 549 nömrə nişanlı maşının qarşısında, sağında, solunda maşınlar vardı. Maşını qəzadan yayındıra bilmədim. Hər şey ani oldu. Qəzadan sonra uşağı maşından çıxarıb xəsarət almadığını gördüm. Avtobus idarə etdiyim maşınla yanaşı dayanmış, içində yağ çəlləkləri olan mikroavtobusa çırpılmışdı. Zərbənin qarşısını həmin mikroavtobusdakı yağ dolu çəlləklər aldı, Allah bizi qorudu. Avtobusun sürəti çox idi deyə, bizim maşınlar qarşıdakı maşınlara, onlar da digərlərinə çırpılıb. Ümumilikdə 8 maşına ziyan dəyib. Ən çox mənim idarə etdiyim maşın əzilib. Çünki avtobusun əsas zərbəsi mikroavtobusdan sonra mənim maşınıma dəyib”.
Ceyhun Əmrahovun sözlərinə görə, qəzadan sonra avtobusun sürücüsünün özündə olmadığını seziblər: “Maşını əzilən digər sürücülər də avtobusun sürücüsünün özündə olmadığını sezdilər, içkili və ya digər bihuşedici maddənin təsiri altında olmasından şübhələndilər. Faktiki, ayaq üstündə güclə dayanırdı, yellənirdi. Avtobus 165 saylı marşrut üzrə hərəkət edib. Marşrutun məsul şəxsi Elməddin adlı şəxs bizə deyir ki, narahat olmayın, sizin ziyanınız ödəniləcək. Sonuncu dəfə müstəntiqin yanında sürücünün içkili olması ehtimalını dedim. Bildirdilər ki, araşdırmışıq, sürücü içkili olmayıb. Sadəcə, 2 növbə ardıcıl işləyib, ona görə yuxulu vəziyyətdə olub, qəza zamanı da sükan arxasında yatıb”.
Ceyhun Əmrahov sürücünün 2 növbə ardıcıl marşruta buraxılmasının qanunsuzluğun etirafı olduğunu bildirir: “Əgər sürücü yuxusuz olduğu halda marşrut üzrə avtobusun sükanı arxasına buraxılıbsa və belə bir qəza meydana çıxıbsa, deməli, günahkar təkcə o deyil. Günah həm də onu marşruta buraxanlardadır. Qəzada maşınlar yox, insanlar xəsarət alsaydı, daha ağır nəticələr olsaydı, bu cinayətə görə kim cavab verəcəkdi?”
Zərərçəkmiş daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova da müraciət ünvanlayıb: “165 saylı marşrut üzrə sürücüləri xəttə yarıyuxulu buraxırlar və bunu gizlətmirlər də. Şərifzadə küçəsi hərəkətin intensiv olduğu hissədir. Bu cür məsuliyyətsiz yanaşma ilə orada yenə də qəza baş verəcək. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində marşrutun məsul şəxsi Elməddin deyir ki, səbr eləyin, maşınınız düzələcək. Müstəntiq də sürücünün qəza zamanı tormoz vurmamasını onun sükan arxasında yatması ilə əlaqələndirir. Deyir ki, ailəsi ilə problemləri olub. Boşanma həddində olub. Qəzadan az əvvəl yoldaşı ilə barışıb, özünü doğrultmaq, ailəsini dolandıracağını sübut etmək üçün gecə-gündüz işləyib, növbədən sonra da işə çıxıb. Ona görə də sükan arxasında yatıb. Sürücü ailəsi ilə barışıb deyə, avtobusla maşınımızın üstündən keçməlidir? Bu adamlar məsuliyyətlərini dərk etmirlər. İçi sərnişinlə dolu avtobus körpünün üstündən aşağı yuvarlansaydı nə olacaqdı? Cənab nazirdən, baş prokurordan xahiş edirəm ki, bu məsələni nəzarətə götürsünlər, bizə dəyən ziyan ödənilsin, 165 saylı marşrutda sahman yaransın”.
E.HÜSEYNOV,
“Yeni Müsavat”
araz.az xəbər portalı.