“Ölkəmizdə ətin qiyməti çoxdan artmağa başlayıb və bu proses hələ bir neçə il öncədən özünü büruzə verir. Yəni ki, sözügedən tendensiya indi qeydə alınmır. Bu da daxildə kənd təsərrüfatının ən mühüm sferası olan heyvandarlıq sahəsində böhranın tədricən genişlənməsi və istehsalın azalması ilə əlaqədar cərəyan etməyə başlayıb”.
araz.az bildirir ki, bu fikirləri editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
İqtisadçı qeyd olunan məsələlərlə əlaqədar səbəblərə diqqət çəkib. O bildirib ki, əsas səbəb heyvandarlığın inkişafı üçün zəruri olan şərtlərin, məsələn, yem məhsullarının əldə olunmasının, örüş yerlərinin azalması kimi amillərin ilk kəs ortaya gəldiyi vaxt diqqətdən kənar saxlanılması və buna fikir verilməməsi olub:
“Hətta bir sıra kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirmək məqsədilə heyvandarlığın əleyhinə bilərəkdən və ya bilməyərəkdən addımlar da atılmış, müvafiq siyasət yürüdülmüşdür. Bütün bunlar da nəticəsini təbii ki, gec-tez göstərməli idi.
İllər öncə, biz ətə olan tələbatımızı 90%-dən çox özümüz təmin edirdik və bu faktı yerli ərzaq məhsulları istehsalı sahəsində tədbirlərdən söhbət açdıqda xüsusi ilə qeyd edirdik. Çünki ölkədə mal-qara saxlamaq üçün şərait indikindən çox-çox yaxşı və əlverişli idi. Ət elə bir ərzaq məhsuludur ki, idxal nə qədər çox geniş xarakter daşısa belə onun yerli istehsala məxsus növü rəqabətdə həmişə üstün təşkil edib və edəcək. Ona görə də bu sahədə idxal qiymətlərin sabit saxlanmasına zəmin yarada bilməz. O səbəbdən ki, yerli ət xaricdən gətiriləndən çox-çox keyfiyyətlidir. Xaricdən gətirilən ətdən yalnız dönərxanalarda, emal yolu ilə istehsal olunan ayrı-ayrı məhsullar növlərində istifadə oluna bilər və məhz bu cür də olur. Məsələn, hətta 7-8 manatlıq dönərdə belə yerli ətdən istifadə olunduğu inandırıcı deyil”.
P. Heydərovun sözlərinə görə, proses bu tendensiya ilə davam etsə, ətin qiyməti artmaqda davam edəcək:
“Ona görə ki, təkrar edirəm ki, ölkədə heyvandarlıq böhran içindədir. Təcili tədbirlər görülməlidir. Fermer və xüsusən də fərdi təsərrüfatlarda mal-qara saxlanmasına dövlət dəstəyi genişləndirilməlidir. Bunun üçünsə yem məhsulları ucuzlaşmalı, bu sahədə əlçatanlıq asanlaşmalı, örüş yerləri artırılmalıdır. Əks təqdirdə, idxal heç bir effekt verməyəcək”.
araz.az qeyd edir ki, iqtisadçı Natiq Cəfərli isə editor.az-a ətin idxalının artmasına baxmayaraq, qiymətinin düşməməsinin əsas səbəbini yerli istehsalla əlaqədar olduğunu deyib:
“Belə ki, ölkədə yerli istehsal bahalaşıb. Çünki yem bahadır. Bundan başqa istehlak artıb, çünki son aylarda ölkəyə gələn insanların sayında ciddi artım var. Keçən ilin eyni dövrünə nisbətən bu ilin ilk 10 ayında 35-40 faizə yaxın daha çox insan ölkəyə gəlib. Gələn insanların da ət tələbatını nəzərə alsaq, bu, tələbi yüksəldir. Tələb də yüksəldikcə qiymətlər artır. Bundan çıxış yolu yerli istehsalın artırılması, yem bazasının yaxşılaşdırılmasıdır. Problemin həlli yolu budur”.
araz.az xəbər portalı.