“Toplum” TV-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin səhhətindəki ciddi problemlər qalır. araz.az bildirir ki, bu barədə onun qardaşı Nəsimi Məmmədli deyib.
Onun sözlərinə görə, ötən həftənin sonu təcridxanada ultrasəs müayinəsi aparıblar. Müayinə zamanı Ələsgər Məmmədlinin böyrəyində daşlar aşkarlanıb. Mədəaltı vəzi və qaraciyərində böyümələr var.
“Həkim dedi ki, bu düyünlər mütləq cərrahi əməliyyatla götürülməlidir. Amma təcridxanada cərrahi əməliyyatın aparılması üçün şərait yoxdur. Çünki o yüksək dəqiqlik tələb edən cərrahi prosesdir”, — N. Məmmədli əlavə edib.
Onun sözlərinə görə, bu yaxınlarda müdafiə tərəfi Ə. Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatətlə müraciət edəcək.
Məmmədli saxlanma şəraitindən şikayət etmir. Amma mühakimə prosesini “hüquq terroru” kimi qiymətləndirir.
Yarım ildən çox həbsdə olduğu müddətdə heç vaxt müstəntiq onu şəxsən dindirməyib. “Ümumiyyətlə, soruşan olmayıb ki, sən nə üçün buradasan?”, — N. Məmmədli qeyd edib. O, hesab edir ki, Ə. Məmmədlinin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.
“Çox təəssüflər olsun ki, dövlət orqanlarına müxtəlif vasitələrlə edilən müraciətlər cavabsızdır”, — o, deyib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər həbs edilib, iki nəfər polisin nəzarətinə verilib. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbuslar kimi tanıyıblar, beynəlxalq təşkilatlar onların azad edilməsinə çağırıblar. /Turan/
araz.az xəbər portalı.