Son vaxtlar yuxusuzluqdan və yorğunluqdan əziyyət çəkən maşinstlərin Bakı metrosunda sərnişinlərə həyacanlı anlar yaşatmaları haqqında, araz.az saytı da, bir sıra yazılar dərc edib. Yazılarda bildirilib ki, belə halların sayı getdikcə çoxalmaqdadır. Etibarlı mənbəmizin bildirdiyinə görə, ötən gün təxminən 17.40 radələrində də, 30 saylı marşrut üzrə hərəkət edən qatarın sürücüsünün belə bir vəziyyətdə sükan arxasında olmasının şokunu yenə sərnişinlər yaşayıblar. Verilən məlumatda bildirilir ki, maşinist halsızlıqdan ikinci yolla üzü Memar Əcəmi” stansiyasına doğru hərəkət edən qatarı “20 Yanvar” stansiyasında saxlaya və platformada qapını aça bilməyib. Qapılar açılmadan qatar tunelə girib. Bu həyacanlı anları həyatlarına təhlükə kimi başa düşən sərnişinlər yenə şok yaşayıblar.
Məlumatı redaksiyamıza ötürən mənbəmiz maşinistin qatarı platformada saxlaya bilməməsi səbəbinin yenə yuxusuzluqla və halsızlıqla əlaqədar olduğunu bildirib:
“Məsələ ilə bağlı araşdırma aparılıb. Maşinist özü etiraf edib ki, yuxusuzluqdan halsız vəziyyətdə olub. Sanki belə ciddi məsələlər burada adiləşir. Maşinistə adi xəbərdarlıq etməklə, rəhbərlik ciddi ölçü götürmək, bunun səbəblərini aradan qaldırmaq istəmir. Halbuki metro kimi strateji bir obyektdə bütün texniki təhlükəsizlik tələblərinə ciddi riayət olunmasının vacibliyi hər kəsin diqqətində olmalıdır”.
Öncədən qeyd etdiyimiz kimi, bu həlli vacib səbəblər ucbatından belə təhlükəli hadisələrin sayı Bakı metrosunda getdikcə çoxalmaqdadır. Mənbəmizin də dediyi kimi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin sərnişinlərin həyatını təhlükəyə atan belə halların səbəblərini aradan qaldırmaqda maraqlı olmaması təəssüf doğurur.
araz.az
araz.az xəbər portalı.