İsrailin Baş naziri Benyamin Netanyahu gecə saatlarında müdafiə naziri Yoav Qallantı vəzifəsindən azad edib, yerinə xarici işlər naziri İsrail Katzı təyin edib. Məlumata görə, Netanyahu Baş Qərargah rəisi Herzi Halevi və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barı da vəzifədən azad etmək niyyətindədir.
Ölkə müxalifəti müharibə getdiyi vaxtda müdafiə nazirinin dəyişdirilməsinə etiraz edib və tərəfdarlarını aksiyaya çağırıb. Hazırda İsraildə müxalif fəalların aksiyası keçirilir.
Əslində, İsrail müxalifətinin arqumenti haqlıdır: müharibə zamanı müdafiə nazirinin dəyişdirilməsini radikal qərardır. Lakin bu qərar iki mühüm hadisə fonunda verildi:
ABŞ-da prezident seçkilərinin keçirildiyi vaxtda;
İsrailin İrana gözlənilənin əksinə məhdud xarakterli cavab verməsindən sonra.
İran-İsrail gərginliyi fonunda Təl-Əvivin İranın nüvə obyektlərini hədəfə alması və məhv etməsi gözlənilirdi. Hətta bu gediş fonunda regionda İsrail-İran müharibəsinin başlayacağı ehtimalları vardı, lakin bu baş vermədi.
Aydındır ki, ABŞ bu məsələdə İsrailə veto qoydu. Hətta İrana İsrailin hücumuna cavab verməməsi ilə bağlı xəbərdarlıq edildi. Xəbərdarlıqda bu dəfə “İsrailin qarşısını ala bilməyəcəyik” deyilməsi də vəziyyətin ciddiliyindən xəbər verir.
ABŞ-ın İsraili xəbərdar etdiyi təəssüratı yaransa da, Netanyahunun gecə saatlarında müdafiə naziri Yoav Qallantı vəzifəsindən azad etməsi fərqli mətləblərdən xəbər verir. Görünür, Netanyahu Vaşinqtonun xəbərdarlığını dinləməyib və İranın nüvə obyektlərinə zərbə vurmaq əmrini verib. Amma Yoav Qallant, Herzi Halevi və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar bu əmrə əməl etməyib. Netanyahu ehtimal ki, buna görə Qallantı vəzifəsindən uzaqlaşdırıb.
İkinci məsələ isə, bu qərarın ABŞ-da prezident seçkilərinin getdiyi zamanda verilməsidir. Netanyahu adi vaxtda belə qərar versə, Vaşinqton qarşı çıxa bilərdi. Buna görə də məhz indi bu qərarı verdi. Aydın məsələdir ki, seçki prosesi və sonrası Vaşinqtonun başı qarışıq olacaq. İsrail isə yeni prezidentin seçilməsi fonunda atacağı addımlara hazırlıq görür.
ABŞ prezident seçkilərindən sonra İsrail-İran gərginliyi yenidən arta bilər. Bu dəfə daha sərt formada…
Turan RZAYEV, politoloq.
araz.az xəbər portalı.