Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbərindən ilginc açıqlamalar; “Torpaqlarımızı azad etməkdə tərəddüd etsək, onda bizi Qarabağı qaytarmaq yox, Naxçıvanı itirməmək haqqında düşünməyə məcbur edəcəklər”
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərinə Ermənistan növbəti təxribatlarla qarşılıq verdi. Vaşinqton görüşü ərəfəsində işğalçı ölkə Azərbaycan zabitini snayperlə vurmaqla sülh prosesinə zərbə vurdu. Bir sıra ekspertlər danışıqların ya dayandırılmasını, ya da birbaşa Rusiya ilə aparılmasını təklif edir. Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov mövcud durumla bağlı “Yeni Müsavat”ın sullarını cavablandırarkən xeyli ilginc fikirlər söylədi.
– Eldar bəy, Qarabağ ətrafındakı durum, son gərginliklər proseslə bağlı sizdə hansı qənaəti formalaşdırır. Rəsmi Bakının bundan sonrakı siyasəti necə olmalıdır?
– Ümumiyyətlə, bizim Qarabağla bağlı həm siyasətimizə, həm də informasiya işlərimizə yenidən baxmalıyıq. Allah şəhidimizə rəhmət eləsin, onun qanı yerdə qalmayacaq! Biz həm ermənilər, həm beynəlxalq təşkilatlar tərəfindən saxta görüntülərdən ibarət olan manipulyasiyalara gərək son qoyaq. Bizim Qarabağ məsələsi ilə bağlı milli gündəliyimiz olmalıdır. Buna da uyğun olaraq həm siyasi sahədə, həm də təbliğat sahəsində addımlar atılmalıdır. O milli gündəlik də nə beynəlxalq təşkilatların təsiri altında, nə ermənilərin informasiya təxribatları ilə formalaşmalı deyil. Bizim vacib, düzgün saydığımız bir yol xəritəmiz olmalıdır və heç kim bizi o yol xəritəsindən yayındıra bilməməlidir.
– Siz bir beyin mərkəzinin rəhbərisiniz. Konkret planınız, konsepsiyanız, yol xəritəniz varmı?
– Mən hesab edirəm ki, yeni milli gündəlik üçün bir neçə vacib və hamının dərk etdiyi istinad nöqtələri ondan ibarətdir: birincisi, danışıqlar yolu ilə heç bir nəticə əldə olunmayacaq və Dağlıq Qarabağ, həmçinin ətrafdakı işğal olunmuş əraziləri danışıqlar yolu ilə qaytarmaq mümkün olmayacaq. Digər tərəfdən, Azərbaycan güc tətbiq etməyə və torpaqlarımızı azad etməyə məhkumdur! Artıq ermənilər tərəfindən bizə başqa seçim qoyulmayıb. O cümlədən də beynəlxalq təşkilatların yaranmış duruma münasibəti bizə başqa yol qoymur. Üçüncüsü, Azərbaycanın güc tətbiq etmək hüququ çoxdan var. BMT Təhlükəsizlik Şurasının qətnamələrindən sonraEBMT Nizamnaməsinə görə, əgər təcavüz faktı təsdiqlənibsə, BMT Təhlükəsizlik Şurası bunu təsdiqləyibsə və işğalçı qarşısında tələblər qoyulubsa, işğalçılara qarşı müəyyən hansısa ölkələr sanksiyalar tətbiq edibsə – məsələn, Azərbaycan və Türkiyə sanksiya tətbiq edib – bunlar heç bir nəticə verməyibsə, həmin ölkənin güc tətbiq edib ərazi bütövlüyünü bərpa etməyə tam haqqı çatır. Bu hüquq bizdə var. Danışıqlara müəyyən ümidlər olduğu üçün biz o hüquqdan bu günə kimi istifadə etmirdik. İndi danışıqlara ümidlər “0″ nöqtəsindədir. Ona görə də bizim problemi həll etməklə bağlı yeganə çıxış yolumuz güc tətbiq edib torpaqları azad etməkdir. Bizi burada düşündürən məsələlər, ordu sahəsində atılan addımlar təbii ki, nə səsvermə ilə, nə mətbuatda müzakirələrlə həll olunmur. Hərbi plan təbii ki, mövcuddur, aprel döyüşləri də bunu göstərdi. Bu, bir kəşfiyyat döyüşləri idi. Ermənilərin yaradıldığı müdafiə sistemlərinin nə qədər güclü, etibarlı olduğunu aprel döyüşləri çılpaqlığı ilə ortalığa qoydu. Ermənistan Müdafiə Nazirliyinin rəhbər işçilərinin yarısı işdən qovuldu, nazir başda olmaqla, bir qisminə də cinayət işi açıldı. Hərbi əməliyyat nə vaxt keçiriləcək, bu, təbii ki, Ali Baş Komandanın, müdafiə nazirinin verdiyi qərarlardan asılıdır. Bizim təbliğatımız buna yönəlməlidir. Diplomatik addımlarımızda və təbliğatımızda dünya ictimaiyyətini buna hazırlamalıyıq. Burada günahkar kimdir, kimin hərəkətləri bu müharibənin yenidən alovlanmasına gətirib çıxartdı, diqqəti buna yönəltməliyik.
Bir sıra digər məqamlar var. Bu da ondan ibarətdir ki, adətən qonşuya qarşı müharibə, təcavüz edən ölkə müharibədə məğlub olandan sonra onu bir cəza gözləyir. Məğlub olmuş ölkənin zavod, fabrikləri sökülür, aparılır ziyan çəkmiş ölkələrdə yerləşdirilir. Ya da ki, ərazi itkiləri olur. İkinci Dünya müharibəsindən sonra Almaniyanın bir sıra əraziləri Polşaya, SSRİ-yə birləşdirildi, yaponlar da müharibədən sonra ərazi itkilərinə məruz qaldılar. Hesab edirəm ki, gündəliyimizdə bunu açıq şəkildə dünyaya elan etməliyik ki, torpaqlarımız azad olunandan sonra erməniləri bir cəza da gözləyəcək, bu müharibəni başladıqlarına, bizə təcavüz etdiklərinə, bizə bu qədər ziyan vurduqlarına görə. Nəzərə alsaq ki, kontribusiya-zad ödəmək üçün ermənilərin iqtisadi potensialı yoxdur. Ermənilərin əsas sənaye obyektlərinin hamısı artıq Rusiyanın sərəncamında, rus şirkətlərinin mülkiyyətindədir. Ermənistanın atdığı bu addımlara və 25 ildir bizə qarşı təcavüzkar siyasətinə görə onların cəzası qədim Azərbaycan ərazisi Zəngəzurun Azərbaycana qaytarılmasından ibarət olmalıdır. Bolşeviklərin vaxtında Naxçıvanı Azərbaycandan ayırmaq üçün Zəngəzur ermənilərə verilib. Həmin torpaqlar Azərbaycana qaytarılmalıdır. Ermənilər bilməlidirlər ki, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edəndə həmişə onlar belə itkilərə məruz qalacaqlar.
– Maraqlı fikirlərdir…
– Digər məsələlər də var. Bizə qarşı informasiya müharibəsi aparan qurumlara da münasibətimizi dəyişməliyik. İllərlə Rusiya telekanallarından ermənipərəst aparıcılar Azərbaycana qarşı təbliğat aparırlar. Məsələn, “Rossiya-1″ kanalında Solovyov açıq-aydın erməniləri müdafiə edir, onun Azərbaycanın ərazi bütövlüyünə qarşı qoyduğu mövqe heç Rusiyanın rəsmi mövqeyi ilə də üst-üstə düşmür. Serj Sərkisyan açıq dəstəyə görə bu adamı Ermənistanın orden-medalları ilə təltif edib. Belə kanalların rəhbərliyi məsuliyyət daşımalıdır. Bu adam ekspert deyil ki, gəldi, öz mövqeyini dedi, çıxıb getdi. Həmin kanalda çalışan bir işçidir. Ona belə bir şərait yaradırlarsa, bizim müvafiq qurumlarımız əvvəlcə sınaq dövrü üçün telekanalın Azərbaycanda yarım illik-bir illik yayımlanmasını dayandırmalıdır. Həmin dövr ərzində bu hadisələr təkrarlansa, onda, ümumiyyətlə, o telekanalın Azərbaycanda yayınlanması daimi dayandırılmalıdır. Yəni bizim gündəliyimiz fərqli olmalıdır. Bizim informasiya gündəliyimizi ermənilər formalaşdırır. Bizim öz gündəliyimiz olmalıdır: o torpaqları qaytarmalıyıq, Ermənistan cəzasını almalıdır, Zəngəzur Azərbaycana qayıtmalıdır, bizə qarşı kampaniya aparan telekanalların Azərbaycanda yayımı dayandırılmalıdır. Biz bu addımlarla öz gündəliyimizi formalaşdırmalıyıq.
– Eldar bəy, çox ciddi təkliflərdir. Amma bəlkə qarşımızdakı minimum vəzifələrdən başlasaq, daha doğru olar. Məsələn, biz Zəngəzurun qaytarılmasından danışırıq, amma ermənilər Qarabağda futbol yarışı keçirir. Sizcə, buna Bakının reaksiyası necə olmalı idi?
– Təbii ki, bu məsələlərə reaksiya olmalıdır. Ancaq bu şəraiti, bu problemləri vaxtilə biz özümüz yaratdıq. Siz nəzərə alın ki, biz bu günə kimi Qarabağ məsələsində çoxlu səhvlərə yol vermişik. O cümlədən Minsk Qrupunun yaradılması, ATƏT-ə bu mandatın verilməsi də bizim tərəfimizdən böyük bir səhv idi. O mandat beynəlxalq təşkilatlara verəndə sən həmin ərazilər üzərindəki suverenliyini öz artıq şübhə altına alırsan. Rus ordusu birinci müharibədə çeçenlərə məğlub olanda təklif edilirdi ki, ATƏT-in çərçivəsində daimi qrup formalaşsın, onun mandat da problemin həlli ilə bağlı olsun. Rusiya onda getdi Xasavyurt sazişi imzaladı, çeçenlərə güzəşt elədi, ancaq o mandatı beynəlxalq güclərə vermədi. Bir neçə ildən sonra güclərini səfərbər edib ikinci Çeçenistan müharibəsini uddular. Yəni bizim bu günə kimi Qarabağ məsələsində o qədər yanlışlıqlarımız olub ki… Minsk Qrupunun yaradılmasından tutmuş, Madrid prinsiplərindəki referendum məsələsinə kimi. Biz bu səhvlərdən nəticə çıxarıb ortalığa yeni gündəlik qoymalıyıq.
– Son vaxtlar belə fikirlər tez-tez səslənir ki, biz Ermənistanla yox, Rusiya ilə danışıq aparmalıyıq. Sizin bu yanaşma ilə bağlı mövqeyiniz necədir?
– Rusiya burada ən çox təsir edən ölkələrdən biridir və Rusiya daim Ermənistana hərbi qarant duran ölkədir, ermənilərlə rəsmi olaraq hərbi bloku var. Ümumiyyətlə, Qarabağ münaqişəsinin özü də Rusiya imperiyasının Cənubi Qafqazda yüz illərlə apardığı siyasətin davamıdır. Ancaq bu, o demək deyil ki, bizim burada təsir imkanlarımız “0″-a bərabərdir, bu məsələdə hərəkət etməyə heç bir imkanımız yoxdur. Rusiyanı da bu məsələdə neytral mövqeyə gətirmək üçün imkanlar və arqumentlər kifayət qədər var. Xüsusən də bu gün Rusiyanın Ermənistan hakimiyyəti ilə münasibətlərini nəzərə alsaq… Burada açıq-aydın düşmənçilik mövqeyini gizlətmək mümkün deyil. Keçmiş prezident Köçəryanın ətrafında baş verən hadisələr də Ermənistanın daxilində birmənalı olaraq Rusiya-Ermənistan qarşıdurması kimi qiymətləndirilir. Həmin o proses dərinləşə-dərinləşə gedir. Artıq İrəvanla Xankəndi arasında açıq qarşıdurma mövcuddur. Ermənistanın son ”milli bayramında” ilk dəfə olaraq Xankəndindən qondarma rejimin heç bir rəhbər şəxsi iştirak və çıxış etmədi. Hətta böyük bir təmtəraqla öz oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərən Paşinyan təcili şəkildə onu geri çağırmağa məcbur oldu. Ona görə ki, artıq Paşinyanın oğlu orada girova da çevrilə bilərdi. Dağlıq Qarabağ ermənilərinə etimad göstərmədiyinə və onlarla qarşıdurma kəskin forma aldığına görə, oğlunu İrəvana qaytarmalı oldu. Bu amilləri nəzərə almaq lazımdır. Ancaq əsas gəldiyimiz nəticəni və əsas gündəliyimizi diqqətdən qaçırmalı deyilik: danışıqlar yolu ilə bu məsələdə heç bir nəticə əldə olunmayacaq.
– Deməli, siz də danışıqların Rusiya ilə aparılmasını məqbul sayırsınız?
– Sözsüz. Bunun üçün çox ciddi arqumentlər var. Bir neçə arqument də əlavə edə bilərəm. İndi Rusiya ilə Türkiyə arasında çox sıx strateji müttəfiqlik münasibətlərinin qurulması – həm S-400 silahları, həm Suriya ilə bağlı, həm də Türkiyədə nüvə proqramının inkişafı ilə bağlı – Azərbaycan- Rusiya münasibətlərində də çox ciddi amildir. Ona görə ki, Rusiya Azərbaycana qarşı əvvəlki kimi hərəkət etsə, vaxtilə atdığı addımları atsa, artıq Türkiyə ilə bağlı bütün planları artıq havadan asılı vəziyyətdə qala bilər. Bizim səsləndirmədiyimiz arqumentlər hələ kifayət qədər çoxdur. Biz nəyin bahasına olursa-olsun torpağımızı azad etməliyik! Risklər də, təhlükələr də olacaq. Ancaq belə şeylərdən çəkinib torpaqlarımızı azad etməkdə tərəddüd etsək, onda təbii ki, bizi Qarabağı qaytarmaq yox, Naxçıvanı itirməmək haqqında düşünməyə məcbur edəcəklər. Mənə elə gəlir ki, biz bəhanə axtarmalı deyilik, sadalanan problemlərlə məşğul olub, müəyyən riskləri nəzərə alıb öz borcumuzu yerinə yetirməliyik.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
araz.az xəbər portalı.