ikram rafiqogluBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyilə, hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən reallıq.info saytının təsisçisi və Baş redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim məhkəmə istintaqının bitdiyini bildirib. İkram Rəhimovun vəkili Elçin Sadıqov hakimin bu qərarına etirazını bildirərək, qeyd edib ki, istintaq orqanı tərəfindən zərərçəkən və şahid qismində Raqub Mirzəyev ifadə verməyib. Çünki bütün məhkəmə prosesində zərərçəkənlər hamısı onun şahidliyi və vasitəsiylə İkram Rəhimova pul verildiyini bildiriblər. Həmin şəxsin məhkəməyə gəlib, şahid və zərərçəkən qismində ifadə verməsi vacibdir. Hakim Əlövsət Abbasov bildirib ki, Raqub Mirzəyev xəstədir və məhkəməyə gələ bilmir. Dəfələrlə teleqram göndərilib, o isə, xəstəliyi ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirib.

Vəkil Elçin Sadıqov sonra, növbəti şahid Bəxtiyar Həsənovun ifadə verməsi üçün, şərait yaradılmasını tələb edib. Hakim isə, buna ehtiyacın olmadığını deyib.
Məhkəmədə çıxış üçün son söz verilən prokuror, Cinayət Məcəlləsinin 182.2-ci maddəsi ilə təqsirli bilindiyi üçün, İkram Rəhimova altı il, beş ay həbs cəzası tələb edib və onun üç il jurnalistika fəaliyyəti ilə məşğul ola bilməməsinin hökmə əlavə olunmasını hakimdən istəyib.
Növbəti məhkəmə prosesinin iyunun 12-də saat 15-00-də davam etdiriləcəyi bildilib.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.