Müharibənin başlanmasından bir gün sonra şəhid olan Cəbrayıl Dövlətzadə necə qəhrəman oldu?

Biri var idi, 19 yaşında bir erməni generalını və polkovniklərini əlləri ilə boğan Cəbrayıl Dövlətzadə vardı. O, Vətən Müharibəsində cəmi bircə gün iştirak etmişdi. 1 gün, hətta bir-neçə dəqiqə ərzində elə bir hadisəyə imza atmışdı ki, adı Fəxri Xiyabanda, xatirəsi isə, bütün Azərbaycan xalqının yaddaşında əbədiləşdi. 

Əslən Zəngilan rayonundan olsa da, Cəbrayıl Dövlətzadə 2001-ci ilin sentyabr ayının 11-də Sumqayıtda doğulub. Bir bacısı və bir qardaşı var. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda, 9 il cüdo ilə məşğul olub. Hətta idman sahəsində qiymətli neçə-neçə mükafata layiq görülüb.

Cəbrayılın 8 yaşı olanda, valideynləri bir-birindən ayrılıb. Anasının sözlərinə görə, əri övladları ilə heç vaxt maraqlanmayıb. Lakin Cəbrayıl elə o yaşdan etibarən, özünü ailə başçısı kimi aparıb. 12 yaşından ailə qeydinə qalaraq, bu borcunu, el arasında deyilən “ofisiant” kimi işləməklə yerinə yetirib. Bir çox istiqamətli istedad sahibi olub. O, hətta, yeniyetmə yaşlarında həvəskar repçi kimi də özünü tanıda bilib.

Şəhid əsgərlərimiz kimi, onun da qısa ömrü, necə deyərlər, “süd işığında aydınlanıb”. Doğma-yaxınları, dost-tanışları, hər kəs onun haqqında danışanda, fövqəladə birindən söz açırmış kimi ürəkdən gələnləri deyib. Təkcə anasının dediyi bu cümlələrə diqqət etsək, Cəbrayılın alın yazısını və pasportunu aydın görə bilərik: “Cəbrayıl 2019-cu ilin oktyabr ayından Cəlilabadda, sərhəd qoşunlarında xidmət edirdi.
Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması, 19 yaşlı əsgəri olduqca məyus etmişdi. Həmin gün verdiyi söz, yerdə qalan iki aylıq həyatının mayakına çevrildi: “Polad Həşimovun qisasını alacam!”.

O, bu istəklə də, ərizə yazaraq, xüsusi təyinatlı tabora qatılır. 44 günlük müharibə başlanan an, könüllü olaraq döyüşə qatılır.
Murovdağda düşmən mövqelərinin və xüsusi postlarının ələ keçirilməsi planı həyata keçirilərkən, əməliyyatda 11 zabitlə yanaşı, 19 yaşlı Cəbrayıl da iştirak edir. Anası müsahibələrindən birində qeyd edir ki, ona verilən məlumata görə, Cəbrayıl ən təhlükəli anda zabitlərə səslənərək, onların ailəli olduğunu deyib və geri qayıtmalarını xahiş edib.

Əslində, onda Cəbrayıl yerinə yetirəcəyi öz missiyasının astanasında idi. Həmyaşıdları, hələ də həqiqi hərbi xidməti başa çatmayan Cəbrayıl yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə, yəqin ki, hədəfinə çatdığını yaxşı bilirdilər. Onun qarşısındakı düşmən generalı və polkovnik, kimliyindən asılı olmayaraq, bu an Polad Həşimovun qatili idi.

Onda, Cəbrayıl Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalıb. O, bu hücum zamanı öncə erməni generalını öldürüb. Əlbəyaxa döyüşdə isə, düşmən polkovnikini yalın əllə boğub. Anası Məleykə Məmmədzadənin Cəbrayılın döyüş yoldaşlarından aldığı məlumata görə, o, həmin əməliyyata tək girib və 11-ə yaxın düşmən hərbçisini cəhənnəmə göndərib.

Cəbrayıl əməliyyat zamanı yaralanıb. Əgər yoldaşları onu hadisə yerindən çıxaranda, o, özündə əli ilə “Əla!” işarəsi göstərməyə də güc tapıb. Yəqin ki, bu işarə onun istəyini həyata keçirdiyindən irəli gəlirdi.

Cəmi bircə gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bircə günə, hətta bir-neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə, 2020-ci ilin sentyabr ayının 28-də çoxlu qan itirdiyi üçün, şəhid olub!

O, idealı olan və onun naminə gənc ömrünü qurban verdiyi mərhum general Polad Həşimovun yanında, ikinci Fəxri Xiyabanda dəfn olunur. Ölümündən sonra, “Vətən Uğrunda” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif edilir.

Cəbrayıl Dövlətzadənin həmin əməliyyatda öldürdüyü yüksək rütbəli şəxslərin kimliyi ilə bağlı məlumat olmasa da, onun dəfn olunduğu məkan və ona verilən təltiflərdən görünür ki, o, bir gün ərzində Azərbaycan tarixinə düşəcək tarixi bir qəhrəmanlığa imza atıb. Adını 44 günlük müharibənin tarixi səhifələrinə qızıl hərflərlə yazdırıb.

Ruhun şad olsun, qəhrəman əsgər — Ulu Şəhidimiz!

araz.az xəbər portalı.