2019-06-10-07-57-1210.jpgÖtənlərdə “Bizim Yol” qəzetinin baş redaktoru Bahədin Həziyev ölkəmizdə körpələrə ərəb adlarının çox qoyulmasından gileylənib. O, bu barədə şəxsi “Facebook” hesabında yazıb.

Baş redaktor qeyd edib ki, valideynlər övladlarına ərəb və fars adlarını qoymaqla yanaşı, onları rus dilində tələffüz edərək çağırırlar. Beləliklə dilimizin qorunmasına əməl olunmur:

“Niyə öz uşaqlarınıza türk adları deyil, ərəb adları, dini mənşəli adlar qoyursunuz?! Mənə ən təəccüblü gələn odur ki, bu günün Ayxan, Aysel, Günay, Tural, Türkel, Aysu… adlı ata-anaları öz uşaqlarına Zəhra, Məhəmməd, Həsən, Hüseyn… kimi adlar qoyur. Nə gündəyik biz?! Niyə beləyik?!”.

Ərəb və fars adlarının qoyulmasının çox böyük qəbahət olduğunu deyən dilçi-alim, professor Firudin Cəlilov “Sherg.az”a bildirdi ki, bəzən valideyn ərəb adının mənasını bilmir, amma dəb xatirinə həmin adı qoyur:

“Uşağa fars və ərəb adı qoymaqla onun ixtiyarı, xəbəri olmadan elə bir hücum edirik ki, o ömrü boyu əziyyət çəkir. Bunlar cəmiyyətimizdə bağışlanmaz bir qüsurdur. Hər millət öz dilində olan adlardan istifadə etməlidir.

Məsələn, türk ailəsində doğulmuş uşaq üçün yüz minlərlə adlar var və bu adlar çox gözəl səslənir. Çünki, bir insanın adını oxuyanda, eşidəndə həmin dəqiqə onun hansı millətdən olduğunu müəyyənləşdirmək olur. Ərəb və fars adlarının qoyulması insanların şüurunda ərəbləşmə prosesinin güclənməsinə səbəb olur. Gerizəkalı insanlar bu məsələnin ciddiyətini başa düşmürlər”.

Professor bildirib ki, uşaqlara ad qoyanda mütləq onun taleyini fikirləşmək lazımdır:

“Ona görə ki, uşaq gələcəkdə tanınmış alim, şair, yazıçı ola bilər. Şairlər niyə özlərinə ləqəb seçirlər? Axı biz 21-ci əsrdə yaşayırıq. Gərək uşaqların gününü “qara” etməyək. Onlara elə ad qoymalıyıq ki, fəxr etsinlər və həmin ad altında özlərini rahat hiss etsinlər.

Bu mənada cəmiyyətimizdə çoxlu təbliğata ehtiyac var. İndiki dönəmdə bu problem sosial şəbəkələrin gündəmində olmalıdır. Biz ziyalıların da günahı odur ki, belə məsələləri vaxtaşırı gündəmə gətirə və geniş izahat apara bilmirik.

Çalışmaq lazımdır ki, ərəb və fars adlarından canımızı qurtaraq. Doğurdan da, milli adlarımız o qədər qürurverici və gözəldir ki… Müəllimlər, ziyalılar, yazıçılar bu məsələdə aktiv iştirak etməlidirlər”.

Yeganə Bayramova

araz.az xəbər portalı.