Abşeron rayonun Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yüzlərlə evə kanlizasiya suları dolub. Bu barədə araz.az-a daxil olan məlumata görə, ətrafdakı evlər çirkab sulara qərq olub, sakinlər isə, mənzillərindən bayıra çıxa bilmirlər.
Onlar bildirirlər ki, mövcud problem xeyli müddətdir davam edir. Kanalizasiya suyu küçəyə və evlərə dolduğundan yalnız iriboğaz çəkmələrlə hərəkət etmək mümkün olur. Dəfələrlə bu barədə aidiyyatı qurumlara şikayət olunsa da, problem həllini tapmır. İş o yerə çatıb ki, gələn üfunət iyi evlərdə yaşamağı mümkünsüz edib. Məhəllədə antisanitariya baş alıb gedir.
Şikayətçilər problemin mütəmadi hal aldığını, insanların evlərinə girib-çıxa bilmədiyini, hətta məhlədəki mağazaların fəaliyyətini dayandırdığını deyirlər. Abşeron Su-Kanal İdarəsinin problemin həlli istiqamətində heç bir iş görmədiyini bildirirlər. Məhəllədə kanalizasiya suyunun səviyyəsi həddindən çox olduğundan azyaşlı uşaqlar ümumiyyətlə məhləyə buraxılmır.
Sözügedən küçədə böyük gölməçələrin yaranması hətta avtomobil yolunu da keçilməz edib. Evlərə su dolması nəmişlik yaradıb və mənzillərə böyük ziyan dəyib. Abşeron Su və Meliorasiya Sistemləri İdarəsinin qaynar xəttinə dəfələrlə zəng edilsə də, qurumun əməkdaşları əraziyə cəlb olunmur. Sakinlərə yalnız müraciətin qeydə alındığını və növbəyə yazıldığını deməklə kifayətlənirlər.
Abşeron Su və Meliorasiya Sistemləri İdarəsinin baş mühəndisi Ramil İbadov problemdən xəbərdar olduqlarını bildirib və problemin həll olunması üçün addımlar atılacağını deyib.
Ümid edirik ki, Abşeron Su və Meliorasiya Sistemləri İdarəsinin yeni təyin olunan rəisi Etibar Nəbiyev isti kabinetində oturmaq əvəzinə, ona göstərilən etimadı doğruldacaq və problemin həlli istiqamətində daha ciddi addımlar atılacaq.
araz.az xəbər portalı.