Məsuliyyətli COP 29 tədbirinin keçirilməsinə paytaxt Bakının ev sahibliyi başladığı gün, bu mövzu ilə bağlı Ramin İsayevin qələmə aldığı “İqlim dəyişikliyi. Mif və reallıq. Elm və əməkdaşlıq dünyanı xilas edəcək” adlı yeni kitabı “AFPoliqrAF”-da işıq üzü görüb.
Yüksək səviyyədə və anlaşılan səlis üslubda yazılan qlobal mövzulu bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Tam əminik ki, dünya ərazisinin hidrometeoroloji şəraitinin, iqlim dəyişmələrinin, baş verən təhlükəli hidrometeoroloji hadisələrin təhlilinə həsr olunan nəfis tərtibatlı bu yeni kitab, ictimai-siyasi mövqeyindən, işindən və vəzifəsindən asılı olmayaraq, hər kəsin marağına səbəb olacaq. Çünki əsərdəki bütün təhlillər önəmli məlumatlar əsasında yerinə yetirilib. Qeyd edək ki, kitab alim və mütəxəssislərin, bakalavr, doktorant və magistrantların, müxtəlif elmi-tədqiqat, dissertasiya işlərinin yerinə yetirilməsində sərfəli praktik mənbə rolunu da oynaya bilər.
Yeri gəlmişkən xatırladırıq ki, kitab müəllifi sıradan bir şəxs deyil. Buna baхmayaraq, uğurlarını gözləri götürməyənlər onu sifariş əsasında və qurama ittihamlarla həbsə atdıra biliblər. Üzləşdiyi əsassız ittihamlar karyerası qarşısında keçilməz səddə çevrilib. Bu yerdə bildirmək istəyirik ki, kitab barəsində televiziyalarda da danışılıb. Həmin video-görüntülərdən birinin linkini yazının sonunda dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
Deyilənlər barəsində və Ramin İsayevin müdafiəsi ilə bağlı əməkdaşı olduğum araz.az xəbər portalında dəfələrlə yazılar dərc olunub. Həmin yazılarda xüsusi olaraq vurğulanıb ki, Ramin İsayev dünyanın ən nüfuzlu ali təhsil müəssisəsi kimi tanıdığımız Amerikanın Harvard Universitetində ali təhsilini başa vurduqdan sonra, beynəlxalq aləmdə tanınan nüfuz sahibi bir sıra neft qurumlarında müxtəlif vəzifələrdə, 12 il 6 ay isə, özünün qurub-yaratdığı “SOCAR — AQŞ” MMC-nin Baş direktoru vəzifəsində çalışıb. Yalnız onu demək kifayətdir ki, istedad və bacariğı sayəsində bu qurumun adını dünya səviyyəli müəssisələr sırasına qaldıra bilib.
Doğma Vətən, xalq və millət təəssübkeşi kimi nümunə göstərilən bu soydaşımız neft-qaz sənayesi sahəsinin hərtərəfli inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə, möhtərəm Prezidentin imzaladığı Sərəncam əsasında “Tərəqqi” medalı ilə təltif edilib. Eyni zamanda, Yeni Azərbaycan Patriyasının üzvü kimi, dövlət başçısının şəxsi göstərişi ilə, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü təyin edilib. Ramin İsayev barəsində, onun dövlət səviyyəli ürəkaçan möhtəşəm işlərinə yaxından bələd olanlar redaksiyamıza nələri çatdırmayıblar?! Saymaqla qurtaran deyil. Bunun sübutu kimi, yalnız bunları demək kifayətdir ki, o, mərhum Prezidentimiz Heydər Əliyevin özü barəsində yazılan və onun özünün yazdığı Neft Strategiyası mövzulu 3 kitabı Azərbaycan dilindən ingilis dilinə tərcümə edib. Üstəlik, dünya fikir liderləri ilə birlikdə ən öncül tədqiqat layihələrinin həyata keçirilməsində iştirak edib. Qlobal iqlim Dəyişikliyi, Bərpaolunan Enerji, Yaşıl İqtisadi Artım və Süni Zəka texnologiyaları sahəsində ən öncül sırada dayanan azərbaycanlı kimi fəxrimizdir.
Ramin İsayevin həyata keçirdiyi eyni səpkili möhtəşəm işlərdən biri barədə məlumatlı mənbə tərəfindən araz.az-a ötürülən bir məlumat bizim üçün olduqca maraqlı alınıb. Belə ki, o da, bu gün dünya gündəmini zəbt edən “yaşıl enerji” qlobal probleminin həllinə “yaşıl işıq” yandıran tanınmışlarla bir sırada olanlardandır. Bu “yaşıl işığın” daha gur yanmasına güc qatan və bir-neçə dildə Azərbaycan adına hazırlanan, bu yeniliyə keçid sahəsində müasir səviyyəli yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdıran beynəlxalq səviyyəli mükəmməl kitabın ərsəyə gəlməsində isə, onun əməyi ölçüyəgəlməz olub.
Yeri gəldi deyə, bir daha bildirmək istəyirik ki, Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbir artıq ölkəmizdə başlayıb. Bu tədbirin keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsi kimi göstərilib. Bu qərarın qəbul olunmasında iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin böyük rolu olub. Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə, 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir. Azərbaycan böyük neft-qaz resurslarına malik və onları ixrac edən ölkə olsa da, əsas məqsədlərdən biri, bərpa olunan enerji sahəsinin inkişafı və “yaşıl enerji”nin ixracatçısına çevrilməkdir.
Hazırda həyata keçirilən iri həcmli günəş, külək enerji layihələrini, bərpa olunan enerjinin Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmasına səbəb olma perspektivi böyükdür. Bu, həm də, Avropanın enerji təminatının “yaşıl enerji” vasitəsilə şaxələndirilməsinə Azərbaycanın növbəti töhfəsini təqdim edir. Bu yerdə, xüsusi olaraq onu qeyd etmək yerinə düşür ki, ciddi rəhbər göstərişləri ilə, ölkəmizdə mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafına dəstək çərçivəsində bir-neçə mükəmməl pilot layihənin hazırlanmasında, müəllif kimi də, Ramin İsayev əsas fiqurlardan biri olub.
Sonda demək istəyirik ki, Ramin İsayev kimi nüfuz sahibini nəyinsə hesabına həbs etdirənlər, heç olmasa, onun kimliyinə, həyat və fəaliyyətinə öncədən baxmalıydılar. Axı, bu faktdır ki, sabiq Baş direktor həbs olunsa da, bu şəxs barəsində irəli sürülən ittihamlar hələ öz təsdiqini tapmır. Bu səbəbdən, elə, ibtidai istintaqın müddəti 4 dəfə 4 ay artırılıb. Məhkəmə istintaqı isə, bir müddət öncə başlayıb. Bir də ki, ötən ilin iyul ayından Ramin İsayevin həbsdə saxlanması ölkə rəhbərinin həyata keçirdiyi siyasətin əleyhinə yönəlik xəyanət hesab edilir. Bu, həm dövlətimizin imicinə, həm də ölkəmizin adına ləkə kimi qəbul olunur. Özünüz deyin, belə birisinin həbsdə saxlanması dövlətimizə və xalqımıza başucalığı gətirirmi?! Əsla yox! Əslində, neft-qaz sənayesi sahəsi üzrə peşəkar mütəxəssis kimi özünü tanıdan Ramin İsayevin potensialından, bacarığından, istedadından və iş təcrübəsindən lazımi məqsədlər üçün istifadə olunması daha yaxşı olardı.
Məhi ELSEVƏR,
araz.az xəbər portalı.