“Dünyanın ən böyük beynəlxalq konfransı — COP29-un Azərbaycanda keçirilməsi özlüyündə mühüm əhəmiyyətə malikdir. Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə, Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi veriləndə hər bir vətndaş qürur hissi keçirdi. Səbirsizliklə gözlənilən gün gəlib çatdı. 192 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 75 min iştirakçının qatıldığı bu konfrans bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur. Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin qatıldığı mötəbər tədbirdə hər bir dövlətin özünəməxsus formada pavilyonu var, hər bir dövlətin məsələyə mövqeyi və yanaşması aydın görünür”.
         Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin və onun ali rəhbərliyinin dünyada gedən proseslərə, iqlim dəyişmələrinə, ekoloji mühitin sağalmalaşdırılmasına münasibətini ifadə etdi.
         Azərbaycanın Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkə olduğunu və bunun təkcə coğrafiya ilə bağlı olmadığını qeyd edən Cənab İlham Əliyev bildirdi ki, müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik və salırıq. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
          Qeyd edək ki, COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. COP29 Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini artıracaq. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edəcək. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40% azaltmağı məqsəd qoyub. Bu da Paris Sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhfə verəcək. Yəni, Azərbaycanla bağlı BMT səviyyəsində mövcud olan etibarlı tərəfdaş mövqeyi ölkəmizin kifayət qədər siyasi nüfuzundan irəli gələrək hörmət əsasında formalaşır. Azərbaycanın digər qurumlarda və ya təşkilatlarda təmsilçiliyini, xüsusilə də Qoşulmama Hərəkatını buna nümunə olaraq göstərə bilərik. Ölkəmizin bu təşkilata sədrliyi əvvəlcə üç il olmuşdu. Sonra Azərbaycanın rolunu nəzərə alaraq müddət bir il də artırılmışdı. BMT-nin say etibarilə ikinci nüfuz sahibi olan platformasında Azərbaycanın rəhbər orqanlarda təmsil olunması ölkəmizə olan rəğbətdən qaynaqlanan mövqedir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.
          Siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq. Çünki Azərbaycanda, yəni Cənubi Qafqaz bölgəsində yaşıl ərazinin yaradılması önəmlidir. Vaxtilə ölkəmizin beşdə bir hissəsi işğal altında qalanda Ermənistan orada boz zona yaratmışdı. Bu zonada işğalçılıq siyasəti nəticəsində respublikamızın florası və faunası məhv edilmişdi. Eləcə də Azərbaycanın mədəni irsi, mədəni abidələri, şəhər, qəsəbə, kəndləri dağıdılıb, kənd təsərrüfatı ziyan görmüşdü. Artıq torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunub.
          Azərbaycanın həmin ərazilərdə alternativ, yaşıl enerjilər, karbohidrogen və karbon qazlarından azad olan seqmentlər üzrə inkişaf etdirilməsi yanaşmasının ortaya qoyulması faktiki olaraq yaşıl enerjiyə yeni münasibətin sərgilənməsindən və həmin sahədə siyasətin formalaşmasından xəbər verir. Məhz bu səbəbdən də vaxtilə boz zona olan əraziləri yaşıl zonaya çevirmək niyyətində olan Azərbaycan üçün 29-cu sessiyanın ölkəmizdə keçirilməsi olduqca vacibdir. Təəssüflə qeyd etmək lazımdır ki, bir sıra siyasi dairələrin hələ də ikili standartlardan əl çəkə bilməməsi yenə də özünü büruzə verdi. Qərbin bəzi siyasi dairələrinə yaxınlığı ilə seçilən media qurumları hər vəchlə bu tədbiri gözdən salmağa cəhd etsələr də, niyyətləri baş tutmadı. Ölkə başçısı öz çıxışında bildirdi:
         “Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar: “Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir.
          Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, mən planlarımızı artıq təsvir etdim. Ölkələr öz xarici borcunu necə idarə edirlər? Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir”.
          Tutarlı və vaxtında verilmiş cavabdır. Zaman sürətlə irəli gedir. Bu sürəti kimsə tutub saxlamaq iqtidarında deyil. Və bu sürətli gediş içərisində Azərbaycan özünəməxsus yolla irəliləyir. Bu gün bir daha sübut olundu ki, Azərbaycan zamanla yarışda öz müdrik Liderinin rəhbərliyi ilə bütün maneələri aşacaq və dünyaya, onun iqliminin və ekologiyasının sağlamlaşıdırılmasına öz töhfələrini verəcəkdir.                                 
Əziz ƏLƏKBƏRLİ,
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı.

araz.az xəbər portalı.