Azərbaycanın görkəmli alimi, “Sovet Ermənistanı” qəzetinin sonuncu baş redaktoru, tarix elmləri namizədi, tanınmış yazıçı, tarixçi, publisist, ictiami-siyasi xadim, Əməkdar jurnalist, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı İsrafil Məmmədov 2019-cu il iyunun 25-də 92 yaşında dünyasını dəyişib.
İsrafil Süleyman oğlu Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Meğrı rayonunun Əmrəkar kəndində anadan olub. Həmin kəndin məktəbini qızıl medalla bitirərək bir müddət orada müəllimlik edib. Sonra rayon qəzetində işləyib və paralel olaraq rayon radiosunun aparıcısı olub. Meğrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Ali Partiya Məktəbini bitərdikdən sonra 1955-1990-cı illərdə “Sovet Ermənistanı” qəzetində işləyib, qəzetin sonuncu baş redaktoru olub.
İ.Məmmədov Ermənistanda müxtəlif yüksək vəzifələrdə xalqını ləyaqətlə təmsil edib, təhsil nazirinin müavini, Respublika “Bilik” Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, EA Tarix İnstitutunda “Ermənistanda Azərbaycan mətbuatı tarixi” üzrə baş məsləhətçi vəzifələrində çalışıb. 1964-cü ildən həm də İrəvan Pedoqoji İnstitutunda dərs deyib.
1972-ci ildə “Ermənistanda Azərbaycan mətbuatı” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb, 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub.
Azərbaycanlıların yaşam fəlsəfəsi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Dövri mətbuatda xeyli sayda hekayələri dərc olunub, dünya ədəbiyyatından bir çox səhnə əsərlərini ana dilimizə tərcümə edib.
İ.Məmmədov 1988-ci ildə Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə doğma yurdu tərk etmək məcburiyyətində qalıb, Bakı şəhərinə pənah gətirib. O, Azərbaycanlıların soyqırımı haqqında ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra Azərbaycan və Türkiyədə lentə alınmış, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub. Azərbaycan radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri işləyib.
Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədov 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatına layiq görülüb.
İsrafil Məmmədovun əziz xatirəsi, xalqımız və dövlətimiz qarşısındakı xidmətləri unudulmayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Mətbuat Şurası
araz.az xəbər portalı.