yaxud
ŞİRMƏMMƏD MÜƏLLİM MƏNİM “DAYI”M OLUB
1966-cı il avqustun əvvəlləri idi. Universitetin filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul imtahanı verirdim. İlk imtahandan (Azərbaycan dili və ədəbiyyat – yazılı) “5” almışdım. İndi həmin fənnin şifahisi idi. Bilet çəkib ön sırada əyləşdim. Suallarla tanış olanda gördüm ki, müəllimlərdən biri (sonra biləcəkdim: Famil Mehdi) о birinə (profes¬sor Ədövsət Abdullayevə) deyir: “Bu, Şirməmməd müəllim deyən oğlandır. Özünü çağırmaq lazımdır”. Sanki bu sözləri gözləyirmiş kimi, Şirməmməd müəllim (Əlbəttə, о vaxt nə adını bilirdim, nə də üzünü görmüşdüm) auditoriyaya daxil oldu. İşarə elədilər ki, bu, həmin oğlandır. Мənə yaxınlaşıb suallarıma baxdı:
1) M.F.Axundovun “Puşkinin ölümünə Şərq poeması”;
2) Süleyman Rüstəmin Cənub şeirləri;
3) Cümlə təhlili.
– Hə, balası, fikirləşmədən danışa bilərsən?
– Bəli.
– Elə isə gəl.
Məndən imtahanın ilk iki sualını о özü (O vaxt Şirməmməd müəllim fakültənin dekan müavini imiş, Jurnalistika şöbəsinə qəbulun məsuliyyətini о daşıyırmış) götürdü.
Şirməmməd müəllim:
– Poema hansı dildə yazılıb?
Mən:
– Farsca.
Şirməmməd müəllim:
– Bir parça əzbər deyə bilərsənmi?
Mən:
– Kimin tərcüməsində?
Şirməmməd müəllim:
– Kimlər tərcümə edib ki?
Mən:
– Mikayıl Müşfiq, Cəfər Xəndan, Böyükağa Qasımzadə…
Şirməmməd müəllim:
– Mikayıl Müşfiqin.
Mən:
– Gecə etdim uyğumu gözümdən kənar,
Sordum: “Ey sirr çeşməsi ürəyim, nə var?..”
Şirməmməd müəllim:
– Bəs Cəfər Xəndanda necə başlanır?
Mən:
– Gözlərimdən yuxu qaçmış, məni boğmaqda xəyal,
Düşünən beynimi sarmış yenə bir qəmli sual…
Şirməmməd müəllim:
– Keç ikinci suala. De görüm. “Cənub şeirləri”nin qayəsi nədir?
Mən:
– Qayəsi budur ki. əvvəl-axır Azərbaycan birləşib bütöv olacaq.
Şirməmməd müəllim:
– Cümləni təhlil elə.
Mən:
– Necə: morfoloji, yoxsa sintaktik?
Мənə heç nə deməyib üzünü rəhmətlik Əlövsət müəllimə tutdu:
– Kişinin qiymətini köçür aşağı (yəni yazıdan aldığı “5”-i təkrar et). Bu, gələcəkdə jurnalistika fakültəsinin professoru olacaq.
Sonradan öyrəndim ki. mənim yazı işim yoxlanarkən də həlledici sözü Şirməmməd müəllim deyib. “Qəhrəman Azərbaycan qadınları” adlı sərbəst inşam mübahisələrə səbəb olub. Bəziləri deyiblər ki, sovet dövrünün Basti Bağırova, Şamama Həsənova, Sevil Qazıyeva kimi əmək qəhrəmanları haqqında bircə cümlə yazılıb, yazıda ən çox Tomrisdən, Nüşabədən, Nigardan, Həcərdən bəhs olunur. Şirməmməd müəllimin sözü kəsə olub: “O, “5” almalıdır”.
Arxadan kimsə pıçıldayıb:
– Bəs deyirdilər, bu heç kəsi düzəltmir.
Şirməmməd müəllimin qulağı pıçıltını çalıb və cavab verib:
– Gələcəkdə görərsiniz mənim düzəltdiyim kimdir.
II. “PRAVDA” VƏ MÜSTƏQİLLİK
Şirməmməd müəllim III kursda bizə dərs deməyə başladı. Fənninin adı “Partiya-sovet mətbuatı tarixi” idi. Yəni “İskra”dan, “Pravda”dan, “Proletari”dən danışırdı. Amma elə danışırdı ki, elə bil bunlar bolşevik qəzetləri deyildi, gələcəkdə Azərbaycan jurnalistlərinə lazım olacaq təcrübə məktəbi idi. Şirməmməd müəllimin о vaxt bizi Azərbaycanın müstəqillik dövrünə hazırladığını xeyli sonralar başa düşdük.
III. “KƏLƏK”
Qəbul imtahanı vaxtı Şirməmməd müəllim mənə necə “vurulmuşdusa”, seminarlarda heç vaxt məndən dərs soruşmurdu. Bir gün semestrin axırına yaxın onun sabahkı seminarına hazırlaşanda kirayədə qaldığım evin işığı söndü və ilk dəfə onun dərsinə hazırlıqsız getdim. Bir az da arxayınlığım vardı ki. onsuz da məndən soruşmayacaq. Zəngə 2-3 dəqiqə qalmış üzümə baxıb dedi: “Sən heç mənə dərs danışmamısan. Gəl görüm”. Özümü о уеrə qoymayıb yazı taxtasının yanına get¬dim və aram-aram danışmağa başladım: “Lenin yoldaşın gözəl bir kəlamı var. Deyir, tarix nədən başlanırsa, fikirlərin gərdişi də oradan başlanmalıdır. Нər hansı bir hadisəyə qiymət verərkən həmin hadisənin baş verdiyi tarixi şəraiti araşdırmaq lazımdır. Mən də “Pravda” qəzetinin yarandığı tarixi şəraitdən danışmaq istəyirəm…”
Bu yerdə Şirməmməd müəllim üzünü tələbə yoldaşlarıma tutub dedi: “Вахın, öyrənin, dərsi belə danışarlar. Halal olsun…”
Е1ə bu vaxt zəng vuruldu və biz tənəffüsə çıxdıq (Bu “sirri” birinci dəfədir açıram).
IV. “SƏNİN BABAN ŞAUMYANDIR, YOXSA ƏMİRYAN?”
1918-20-ci illərin bolşevik mətbuatından danışanda tələbələrdən biri yana-yana dedi: “Heyif ki. 1918-ci ildə bizim babalarımızı – 26 Bakı komissarını ingilislər güllələyiblər”.
Şirməmməd müəllim dözə bilməyib cavab verdi: “Şəxsən mənim elə babalarım olmayıb. Bəs səninki hansıdır – Şaumyan. yoxsa Əmiryan?”
V. “BURJUA CƏMİYYƏTİNDƏ JURNALİSTLƏR TƏQİB OLUNUR”
IV kursda Şirməmməd müəllim bizə “Xarici ölkələrin kommunist və fəhlə mətbuatı tarixi”ni tədris edib. Özü də necə? Məsələn. Vyetnam mətbuatından danışanda deyirdi ki, Vyetnam vətənpərvərləri yadelli işğalçılara qarşı mübarizə aparanda qarınlarını cırıb qumbaranı oraya yerləşdirirlər ki, əsir düşəndə də yağılara ziyan vura bilsinlər. Sonra astadan əlavə edərdi: “Vətənin müstəqilliyini belə qoruyarlar, bizim kimi yox”.
Xarici mətbuat dərslərində “Deyli uorker”, “Morninq star”. “Humanite” kimi kommunist qəzetlərinin çıxma tarixini göstərəndən sonra daha çox “burjua” qəzetlərindən danışar, oradakı müəlliflərin yazılarını vətənpərvərlik baxımından təhlil edərdi. Məsələn, İspaniya mətbuatından danışanda özü ilə Mariano Xose de Larranm “Satirik oçerklər” kitabını gətirmişdi. Mən həmin kitabdakı oçerkləri tələbələr qarşısında oxuyub ıuscadan birbaşa tərcümə edirdim. Yadımdadır: bir dəfə Larranın “Sən saydığını say, gör fələk nə sayır, yaxud jurnalist olmaq nə deməkdir” oçerkini oxuyanda Şirməmməd müəllim gördü ki, tələbələrdən biri (Onun haraya xidmət etdiyini bəzilərimiz bilirdik) çox narahatdır və qarşısındakı kağıza nəsə yazır. Dərhal mənim sözümü kəsib dedi: “Görürsünüz, dəə, uşaqlar, burjua cəmiyyətində jurnalistləri necə təqib edirlər”.
Sonralar mən həmin oçerkin tərcüməsini “Müxbir” jurnalında dərc etdirmək istəyəndə Qlavlit (senzura) icazə vermədi. Redaktor Oqtay Cəfərov, Şirməmməd müəllim və mən məsləhətləşib ona bir ön söz yazdıq. Məzmunu təxminən belə idi ki, əziz oxucular, biz sovet jurnalistləri çox xöşbəxtik, kapitalist ölkələrində isə onların heç bir azadlığı yoxdur. Bundan sonra tərcümə növbəti nömrədə dərc edildi və çox böyük əks-səda doğurdu…
“Xarici mətbuat” dərslərində Şirməmməd müəllimin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Azərbaycan mətbuatının beynəlxalq əlaqələri idi. Əcnəbi müəlliflərin Azərbaycan mətbuatında dərc olunmuş yazılarını və xarici mətbuatda respublikamız haqqında çıxmış məqalələri özü ilə gətirib bizə oxudardı. О vaxtdan məndə bu sahəyə böyük həvəs yarandı və xarici publisistikada Azərbaycan mövzusuna dair əvvəl diplom işi, sonra isə namizədlik dissertasiyası yazdım.
VI. QƏBUL İMTAHANINDAN 9 İL SONRA
1971-ci ildə fakültəni bitirib Azərbaycan televiziyasına təyinat aldım (уеnə də Şirməmməd müəllimin köməyi ilə. O vaxt jurnalistika şöbəsi fakültəyə çevrilmişdi və Şirməmməd müəllim dekan idi). 4 il yarım orada çalışdım. Fikirləşirdim ki, yəqin, Şirməmməd müəllim məni və verdiyi sözü unudub. Lakin belə deyilmiş. 1975-ci ilin dekabrında şəxsən özü zəng vurub məni fakültəyə işə dəvət etdi. Və beləliklə, 1966-cı ilin avqustunda dediyi (Bu, gələcəkdə fakültənin müəllimi olacaq) sözə əməl etdi.
Hazırda jurnalistika fakültəsində işləyən professor və dosentlərin əksəriyyətini müxtəlif vaxtlarda məhz Şirməmməd müəllim seçib götürüb. Ona görə də…
VII. HALALLIQ ƏNƏNƏSİNİN MÜƏLLİFİ
Ona görə də BDU-nun jurnalistika fakültəsi, bəlkə də, yeganə yerdir ki, heç bir müəllim heç bir tələbə qarşısında gözükölgəli deyil. Bunu məzunlar da təsdiq edə bilər, bugünkü tələbələr də. Və bu halallıq ənənəsinin müəllifi məhz uzun illər fakültədə müxtəlif rəhbər vəziyələrdə işləmiş pro¬fessor ŞİRMƏMMƏD HÜSEYNOVdur. 70-ci illərin əvvəllərində fəlsəfə müəllimlərindən birinin qiyabiçi tələbədən pul alması barədə Şirməmməd müəllimə siqnal çatır və fakt təsdiqləndikdən sonra həmin müəllim dərhal həbs olunur.
Müstəqilliyin ilk çətin illərində, elə bu günün özündə də jurnalistika fakültəsinin müəllimləri ağır iqtisadi durum qarşısında əyilməmək, sınmamaq üçün öz əsas iş yerləri ilə yanaşı, ya bir neçə özəl universitetdə də dərs deyir, ya da müxtəlif informasiya vasitələrində çalışaraq başlarını əvvəlki kimi уеnə də dik tuturlar. Buna görə də harada işləmələrindən asılı olmayaraq fakültə məzunları öz müəlllimlərinə halallıq nümunəsi kimi baxır, həmişə onların yolunu saxlayırlar. Və bütün bunlar Şirməmməd MÜƏLLIMin böyük xidməti kimi qiymətləndirilməlidir.
1999
Nəsir ƏHMƏDLİ,
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru.
araz.az xəbər portalı.