BŞİH əməkdaşları 9 müxtəlif məkanda qapıları və şlaqbaumları, habelə qiymət yazılan lövhələri götürüblər; bəs sonra nə olacaq?
İyunun 15-dən etibarən çimərlik mövsümü açıq elan edilib. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.
“Report”un əldə etdiyi məlumata görə, departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub.
Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb. Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.
Qeyd edək ki, çimərlik ərazilərin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil.
“Report” xəbər verir ki, havaların isti keçməsi ilə əlaqədar olaraq, yerli vətəndaşlarla yanaşı, turistlərin də dənizə axını müşahidə olunur.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Lakin müşahidələr onu deməyə əsas verir ki, hələ də bu tələblərə riayət etməyənlər var. Bəs vətəndaş çimərliyə buraxılmadıqda, qapıda ondan pul istənildikdə nə etməlidir?
BŞİH-in Ticarət və xidmət departamentindən bildirilib ki, məsələ ilə əlaqədar “Qaynar xətt” fəaliyyətə başlayıb. Vətəndaşlar çimərliklərə getdikdə girişin ödənişli olduğunu görəndə 012 566-83-71 əlaqə nömrələrinə zəng etmələri xahiş olunur.
Yada salaq ki, Milli Məclisin iyunun 27-də keçirilən plenar iclasında deputat Fəzail Ağamalı da bu mövzuya toxunub. ”Xəzər dənizinin Azərbaycan hissəsinə diqqət yetirsək, çox təəssüfedici mənzərə ilə üz-üzə qalırıq. Elə etmək lazımdır ki, dənizin sahilində ərazilər tam təmiz olsun və ətraf mühitə zərər yetirilməsin. Dəniz Nabrandan başlayaraq Abşeron ərazisinə qədər çirklidir. Bu natəmizlik aradan qaldırılmalıdır” deyə, o bildirib. Onun sözlərinə görə, dənizin sahilini turizm zonasına çevirmək mümkündür: “Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir, obyektlərin hərəsi bir qiymət qoyur. Qanunvericilikdə dəyişiklik edərək bunu sərtləşdirmək lazımdır. Bu hasarlanmalar aradan qaldırılmalıdır. Xəzər dənizinin kilometrlərlə hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz. Deputatlar bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalıdırlar”.
Parlamentin vitse-spikeri Valeh Əsgərov isə deyib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını isə dövlət qurumları həyata keçirməlidir.
Çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə bir neçə gün əvvəl çimərlik sahələrində monitorinqlər keçiriblər.
“Dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Analizlərin nəticələrinə əsasən, Xəzər rayonu Türkan, Nogaoaiu rayonu Hövsan, Səbayel rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil. Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə istifadəyə yararlıdır. Hazırda Xəzər dənizinin Cənub və Şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır”, – deyə yayılan açıqlamada bildirib.
Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reydlər keçirib.
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, reydlər zamanı Sumqayıt şəhərinin Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən “Duyğu”, “Liman”, “Atlantida”, “Narınqala” və “Flaqman” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib.
Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə cavabdeh şəxslər 2500 manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib.
ORXAN,
“Yeni Müsavat”
araz.az xəbər portalı.