Dələduzluqda ittiham olunan Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadənin, Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim Əli oğlu İldırımın və Balakən Rayon Dairə Seçki Komissiyasının katibi Qoşqar Məmmədovun birgə ittiham oldunduqları cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dünən başlayıb. araz.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirlən prosesdə öncə məhkumların anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxlər və onların vəkilləri, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi ittiham aktı ilə tanış olmadıqlarını bildiriblər. Məhkəmə müşavirəsi əsasında, bu proses iştirakçılarının ittiham aktı ilə tanış olmaları üçün vaxt verilməsinə qərar verilib. Hazırlıq iclası noyabr ayının 26-sınadək təxirə salınıb.

Yeri gəlmişkən onu xatırladırıq ki, verilən ittihamla birgə cinayət məsuliyyətinə cəlb edilən və istintaqı bu yaxınlarda bitmiş cinayət işləri baxılması üçün artıq məhkəmə baxışına göndərilən bu şəxslərin törətdikləri barədə, ölkə mətbuatı kimi, araz.az xəbər portalı da geniş yazılar dərc edib. Həmin yazılarda nələrin baş verdiyi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu cinayət işində adı daha çox ictimai maraq doğuran şəxs Rasim İldırımdır.
 
                                                                  Tanınmış İldırımzadələr nəslindən olan bu şəxs, həbsindən əvvəl istintaqdan yayındığına görə axtarışda olub. Tutulduqdan sonra isə, məhkəmənin Qərarı ilə, o, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov həbs ediliblər. İstintaqın gedişi zamanı onlar ev dustaqlığına buraxılıb, daha sonra isə,  barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.

Onların əməlindən ziyan çəkən iş adamı Qurban Zeynəddin oğlu Piriyevdir. O, əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Qurbanı, onu aldadan şəxslərlə tanış edən isə, tanışı — Balakən rayon sakini Hürü Əmiraslanova olub.

H. Əmiraslanovanın özü də, bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişi zamanı vəfat etdiyi üçün,  cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Onu da qeyd edək ki, təqsirləndirilən şəxslər Qurban Piriyevi paytaxt Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə, Rasim İldırımdır. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. R. İldırım qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksəkvəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Rasim İldırım Zaur Mirzəzadəni isə, sözügedən yerdə, guya, Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün, Rasim İldırımın adamlarına bir-neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.

YUSİF İLDIRIMZADƏ.    …………………………………..

Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırım, 20 min manatı isə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə, ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir. O, daha çox Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin onunla çəkdiyi video ilə məşhur olmuşdu. 

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə, həm də bakutime.az, xalq.az adlı saytların rəhbəridir. O, 2 il əvvəl də elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək, cinayət işinə xitam verilib.

Səməndər QURBANOV,                            Fərhad MƏMMƏDOV,

araz.az xəbər portalı.