alqish2Alqış Həsənoğlu

Təəccüblənməyin. Bəli, məhz Vladimir İliç Lenin.

Qeyri-münasib, köntöy və qüsurlu görünə bilər. Almanlar hər cür müqayisəni yanlış hesab edirlər.

Cünki arada bir əsrlik zaman məsafəsi uzanır. Gəncə şəhər icra hakimiyyəti Xalq Komissarları Soveti deyil.
İcra hakimiyyətinin başçısı ilə proletariatın dahi rəhbərini necə eyniləşdirəsən?

Nəzərə alaq ki, hadisələr fərqli məkanlarda törədilib: Gəncə şəhər icra hakimiyyətinin qarşısı və Moskvada yerləşən Mixelson zavodu.

Söz yox ki, Leninə sui-qəsd edən terrorçu eser qadın Kaplan ilə Yunis Səfərov arasında oxşar cəhətlər (bir-neçə detalı istisna etsək) aramaq özü də yersizdir.

Amma inqilab rəhbərinin terrora məruz qalandan sonra onu yoluxmağa gəlmiş proletar yazıçısına verdiyi sərrast cavab aktual olaraq qalır.

Ölümcül yaralanmış Vladimir İliç Maksim Qorkiyə belə demişdi:

Ziyalılardan mənə güllə dəydi…

Niyə ziyalılardan?

Axı Kaplan adi, sıradan bir eser qadın idi , intellektual – yaradıcı kəsimi təmsil etmirdi…

1918-ci ildə hələ ki, Leninin ağlı başında idi. Təsadüfi söz danışmazdı.
Sovet dövlətinin banisi işarə edirdi ki, ziyalıların sosilaist inqilabına şübhəylə yanaşması, marıqda dayanıb açıq mövqe sərgiləmək istəməməsi əks-inqilabçı qüvvələri təşkilatlandırır və bizə qarşı ayağa qaldırır.

Nəticədə Kaplan kimilər (vidadilər, yunuslar, orduxanlar) üstümüzə yeriyir və düşünürlər ki, bir gülləylə (xəncərlə və söyüşlə) bir neçə hədəfi sıradan çıxarmaq olar.

Dövrünun və fəhlə kəndli hökumətinin maraqları konteksində Lenin yüz faiz haqlıydı . Onun məntiqində zərrə qədər qeyri-dəqiqlik yoxdur…

Laqeydlik qarşı tərəfdə ümid doğurur.

Susmaq razılıq təəssüratı yaradır.

Mövqesizlik ədavət üçün əvəzedilməz kolorit rolunu oynayır, qidalandırır və perspektivə ruhlandırır.

Bu, şəksizdir!..

****

Gəncə hadisələrinə görə Azərbaycan ziyalısını köklü-köməcli ittiham etmək fikrindən uzağam.

Baxmayaraq ki, bu istiqamətdə müzakirə açmaq mümkündür.

Azərbaycan aliminin, akademikinin, yazıçısının, şairinin öz dövlətinə münasibəti o qədər də həssas deyil:

Mənə ev ver, akademik seç, orden ver, sonra o biri ordeni ver, təqaüd ayır, oğlumu , qızımı işlə təmin et, öləndə fəxri xiyabanda dəfn elə, qəbirüstü abidəmi ucalt.. ancaq məndən konkret və birmənalı mövqe gözləmə.

Şübhəsiz ki, bütün ziyalılırımız nəzərdə tutulmur.

****

Gəncədə Azərbaycana atəş açılıb.

Təbii ki, ortada (hələ ki, bütün incəlikləri bizə bəlli olmayan) bir ssenari mövcuddur.

Və bu dramın əyalət “teatrında” səhnələşdirilməsi xüsusu məqsəd daşıyır. Həm də belə dramatik səhnələr “qələm haqqı” ödənilmədən yazılmır.

“Qorxmayın, rejimə xidmət göstərməkdən imtina edin .

Ruzini verən Allahdır .

Rusiyada çalışan iş adamlrı sizi ac qalmağa qoymazlar”.

Gəncə polisinə ünvanlanmış bu məzmundakı müraciətlər diqqətdən yayınmamalıdır.

İki zabitin ölümu ilə nəticələnən qətlin hədəfi polis deyildi.

Polis – Azərbaycan vətəndaşının gün boyu (hər yerdə, şəhərində, kəndində, yanında, kücəsində, yolunda , parkında və s. ) qayğısını hiss etdiyi asayiş keşikçisidir.

Polis-dincliyin, təhlükəsizliyin rəmzidir.

Polis – ölkəmizdəki sabitliyin sinonimlik hüququnu mənimsəmiş peşə sahibidir.

– İslahatları ləngitmək…

– Yenicə formlaşmağa başlayan vitse – prezidentlik institutunu gözdən salmaq …

– Daxili iğtişaşlar hesabına iqtıdarı zəiflədib Qarabağ konfliktinin həllində güzəştə məcbur etmək…

… Və sair planlar terror səhnəsinin dramaturji komponentləri ola bilər.

Bütün bunlara rəğmən mən bədbin düşünmürəm: Çünki qətiyyətli liderimiz, güclü dövlətimiz və belə sınaqlardan çıxa bilmək təcrübəmiz var.

Məni daha çox bir sual məşğul etməkdədir.

Əminlik hardan gəlir?…

Ki, söyüşlə, xəncərlə, tapança ilə oturuşmuş bir dövlətin qarşısına cixmaq və bir gülləylə, iki polisin qətliylə onu sarsıtmaq olar?!

Yeganə mənbə – bəzi prinsipial və həlledici siyasi dönəmlərdə elitanın nümayiş etdirdiyi sükutdur.

(Əlbəttə ki, mənim zənnimcə.)

Sükut siyasi dilə tərəddüd və çıxılmazlıq kimi “tərcümə” olunur..

(Unutmyaq ki, elitanın və siyasi komandanın hər addımı iti nəzərlərlə və qarış-qarış izlənilir.

Ən xırda tərəddüd, ən adi ehtiyatsızlıq üzağa gedən nəticələr çıxarmaq üçün rəvac verir).

Uzaq keçmişin yox, lap elə dünənin söhbətidir…

Ölkənin himni təhqir olunur. Dinən tapılmır.

Ölkənin Ali Baş Komandanı və Prezidentinı hədəf seçirlər .

Millət vəkili Siyavuş Novruzovun dili qabar bağlayır, – “mövqe bildirin” deməkdən.

“Tərif demək lazım olanda sıraya düzülürsünüz . Cavab vermək məqamı gələndə çınqırınız çıxmır..”

(Yeri gəlmişkən, rüs ziyalısının (və kilsəsinin) öz dövləti ilə davranışı məni bir xeyli təəcübləndirir. Çox yaxşı mənada.
O, “Allah mənim ömrümdən kəsib Putinin ömrünə calasın”, demədən dövlətini və onun rəhbərini dərk edir və dəyərləndirir.)

****

İndi bizə (heç bir dövrdə ehtiyac olmadığı qədər) siyasi ritorika gərəkdir.

Gur və ahəngdar səslənən.

Bir şərtlə, heç kim fikirləşməsin ki, həmin ritorikanı yalnız prezidentin ictimayi-siyasi sahəyə məsul etdiyi şəxslər və jurnalistlər təmin etməlidir.

Bu ümüm elitanın və ümüm komandanın birgə və bir nömrəli vəzifəsidir.

(Siyasi ritorika avazıyanda din Allahla bəndə arasında ünsiyyət vasitəsi olmaqdan çıxıb pərdəlik materiala çevrilir)

Söz vaxtında deyilməli, mövqe anında ifadə olunmalı, qərarlar zamanında qəbul edilməlidir.

Əks təqdirdə….

Proseslər elə sürətlə gedir ki, daldan atılan daş heç topuğa da dəyməyə bilər.

araz.az xəbər portalı.