Qazaxıstan COP29 çərçivəsində ümumi dəyəri 3,7 milyard ABŞ dolları olan yeni layihələrin həyata keçirilməsinə dair sazişlər imzalayıb.
araz.az xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan Bakıda COP29 çərçivəsində keçirilən Mərkəzi Asiyada enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.
“İlk növbədə təşkilatçılara təşəkkür etmək və Azərbaycan tərəfini bu böyük iqlim tədbirinin keçirilməsi münasibətilə təbrik etmək istərdim. Ölkələrimizin gələcəkdə ümumi və regional dayanıqlığa, ekoloji təhlükəsizliyə nail olunması ilə bağlı iddialı planları var”, — nazir müavini qeyd edib.
O əlavə edib ki, COP29 çərçivəsində Qazaxıstan “yaşıl enerji”nin inkişafı sahəsində böyük hökumətlərarası layihələrin həyata keçirildiyini uğurla elan edib.
“Xüsusilə Qazaxıstan, Azərbaycan və Özbəkistan prezidentləri Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsinə dair hökumətlərarası saziş imzalayıblar. Bu, gələcəkdə “yaşıl enerji”nin Avropaya ixracı üçün infrastrukturun yaradılmasına töhfə verəcək ən böyük regional layihədir”, — İ. Bakıtcan qeyd edib.
O vurğulayıb ki, COP29 çərçivəsində Qazaxıstan və Çin hökumətləri bərpa olunan enerji mənbələri (BEM) sahəsində iri layihələrin həyata keçirilməsi barədə saziş imzalayıblar.
“Həmçinin “Masdar” şirkəti ilə BEM-lə bağlı layihələrin həyata keçirilməsinə dair investisiya sazişləri imzalanıb. Bu layihələrə investisiyaların ümumi həcminin təxminən 3,7 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir”, — nazir müavini bildirib.
araz.az xəbər portalı.