65385090_345149022824562_4837086967273357312_n.jpgAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun “Zəngəzur: 100 sual, 100 cavab” adlı kitabı nəşr edilib və zengezur.com saytında yerləşdirilib: http://zengezur.com/KITABLAR/Zengezur-kitab-1.pdf
 “QHT Nəşriyyatı”nda işıq üzü görən elmi-populyar nəşrdə arxiv materiallarından, müəllifin indiyədək Zəngəzurun tarixinə dair kitablarında, dissertasiya işində, elmi-publisistik məqalələrində istinad etdiyi mənbələrdən, araşdırmalarından  istifadə olunmaqla bölgənin tarixinə dair 100 sual cavablandırılıb. Vətənimizin dilbər guşəsi olan Zəngəzur bölgəsinin tarixi xəritələri, təbiəti, abidələri, görkəmli şəxsiyyətlərinin 100 fotosu da yer alıb.

 Layihənin məqsədi bu torpaqların ən qədim dövrlərdən Azərbaycanın müsəlman-türklərinə mənsub olduğunu faktlarla ictimaiyyətə çatdırmaq, vətəndaşlarımızın elmi-tarixi, humanitar biliklərini artırmaq, maariflənməsinə yardımçı olmaq, itirilmiş torpaqlarımıza sahiblik hisslərini diri saxlamaq, xalqımızın dədə-baba yurdlarımıza qayıdış ruhunu yüksəltməkdir. Kitab tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
 Azərbaycan Universitetinin Elmi Şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru  institutun İctimai elmlər kafedrasının müdiri, tarix  üzrə elmlər doktoru, professor Qabil Əliyevdir.  Elmi redaktor kitaba yazdığı rəydə xüsusi vurğulayıb ki, bu nəşr dövlətimizin başçısı İlham Əliyevin müvəqqəti itirilmiş tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurun Azərbaycana məxsus olmasını sübut edən əsərlərin yazılması, tarixi gerçəkliyin üzə çıxarılıb yayılması, əsl həqiqətlərin təbliği  barədə çağırışlarına real cavabdır və QHT Şurasının Ermənistanın ölkəmizə qarşı təcavüzünü, bədnam qonşularımızın havadarlarının fəal yardımı ilə xalqımıza qarşı törətdiyi soyqırımın ifşası, tanıdılması, nəticələrinin aradan qaldırılmasına həsr olunmuş belə layihələri maliyyələşdirilməsi olduqca təqdirəlayiqdir.
Nəşrdə bir sıra böyük dövlətlərin fəal hərbi-siyasi dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən soyqırımı, deportasiya, etnik təmizlənmə və işğala məruz qalmış Zəngəzur bölgəsinin ən qədim dövrlərdən başlanan tarixi tədqiq edilib, bölgənin tarixi keçmişinin ümumi mənzərəsi yaradılıb, əhalisinin məruz qaldığı müsibətlərin səbəbləri, nəticələri gerçək tarixi faktlarla sadə, aydın elmi-kütləvi üslubda  araşdırılıb və oxucu auditoriyasına çatdırılıb.  Zəngəzurda yerli əhalinin çarizmin müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak və 1990-cı illərdə tam işğalına qarşı apardığı mübarizəsi də əks olunub.
 Kitabın elektron variantı ilə birlikdə “Zəngəzur” tarixi-elmi sənədli filmi də nəfis dizaynda disklərə yazılıb və zengezur.com saytında yerləşdirilib.
 Qeyd edək ki, Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, zengezur.com saytının təsisçi və baş redaktoru Hacı Nərimanoğlunun bundan əvvəl də Zəngəzur bölgəsinin tarixinə dair dörd kitabı  nəşr olunub, Türkiyə və Azərbaycanda təqdimatları keçirilib, bütün regionlarda yerləşən məktəb, kitabxanalara, ali təhsil müəssisələrinə, elmi-tədqiqat institutlarına paylanıb. KİV-lərdə bu nəşrlərlə bağlı 100-dən çox informasiya yayılıb.

araz.az xəbər portalı.