1563180880_untitled-1.jpgNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tələbə yoldaşı və şəxsi dostu olmasına baxmayaraq, ötən ilin noyabr ayında vəzifəsindən uzaqlaşdırılan Naxçıvan MR Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədovun ətrafında araşdırmalar bu gün də davam edir.

Araz.az xəbər verir ki, aztoday.az-a daxil olan məlumata görə, külli miqdarda mənimsəməyə görə V.Talıbovun qəzəbinə gələn A.Məmmədovun Bakıda yeni obyektləri aşkarlanıb. Məsələ ondadır ki, A.Məmmədov mənimsəmə ittihamlarını qəbul etmirdi. Lakin MR hüquq-mühafizə orqanlarının aylardır davam edən araşdırmaları müəyyən nəticələr verib.

Məlumata görə, bu yaxınlarda A.Məmmədovun Bakıda yeni milyonluq əmlakları aşkarlanıb. Bu əmlakları o, Etibar Kərimov adlı keçmiş gömrük işçisinin və yaxın dostunun nəzarəti altında gizlədibmiş.

Qeyd edək ki, A.Məmmədovun Naxçıvanda və Bakıda yerləşən çoxsaylı əmlakları indiyədək əlindən alınmışdı. Lakin istintaqçılar bununla kifayətlənmir, belə hesab edirdilər ki, o, əmlaklarının bir hissəsini gizlədir. Belə görünür ki, bu şübhələr özünü doğruldub.

araz.az xəbər portalı.