Məzarlığa getmişdim. Qəbristanın girişində bir məmura böyük torpaq sahəsində nəhəng qara mərmərdən daş qoyulmuşdu. Üstündə də kabinetdə kreslodakı şəkli. Ayaq saxladım. Xeyli düşündüm, ətrafa baxdım, gördüm qəbrin üstünə kamera da qoyublar. Bəlkə də sağlığında qanını içdiyi, rüşvət aldığı adamlardan narahat olub yaxınları…

Yəni, qəbrə baxanda hiss olunur ki, bilməyiblər pulu qəbrin harasına səpsinlər, ona görə ağıla gəlməz oymalar, bəzəklər, qalın betonlarla sütunlar düzəldiblər… Böyük və bahalı daşlarla hasara da alıblar. Yer, döşəmə də xüsusi cəlbedici mərmərdən döşənib. Qapqara nəhəng daşın heybəti, daşa görə də döyülmüş böyük şəklin zəhmli və qəddar baxışları sanki bütün qəbirləri qorxu içində saxlayırdı. Başqa qəbirlər kiçik və cılız görünürdü. Başqa məzarlardakı şəkillər yağışlı havada dayanacaqda bürüşən arıq poçtalyona oxşayırdı, müəllimin kresloya gərəlmiş yekəqarın şəklinin yanında. Sanki həyatda olduğu kimi məzarlıqda da camaatı vahimə içində saxlayırdı məmur lələ…

Çərbəndin dəmir qapısına da böyük və kodlu qıfıl vurulmuşdu. Qəbrin üstündə də bütün titulları, vəzifələri yazılmışdı. Sanki yerin altında lazım olacaqmış. Danmıram, rəhmət deməyə dilim gəlmədi. Çünki məzarın görkəmi, şəkil sanki deyirdi ki, sizin rəhmətinizə filana ehtiyacım yoxdur, baxın, titullarımı oxuyun, sürüşün buradan…

Sağlığında kasıb salamını almayan məmur olduğu o saat hiss olunurdu…

Yanında da bütün tayfası yerləşəcək qədər yer saxlatmışdı… Açıq hiss olunurdu ki, öləndən sonra da hələ gözü doymayıb.

Tural İRFAN,                                         ilahiyyatçı.

 

araz.az xəbər portalı.