Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu respublikamızda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genefondunun qorunması və səmərəli şəkildə istifadə olunması üzrə geniş elmi-tədqiqat işləri aparan elm ocağıdır. Hazırda bu institutda 4 şöbə, 9 laboratoriya və 1 qrup fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli 104 nömrəli qərarı əsasında Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu yaradılır. Dendrologiya yunan sözü olub “Dendron”–ağac, “loqos” isə öyrənmək deməkdir. Yəni, bu sahə botanikanın bir bölməsi olaraq, ağac və kol bitkilərinin morfologiyasını, sistematikasını, ekologiyasını və coğrafi yayılmasını öyrənməklə məşğul olur. Ağac bitkilərinin seleksiyası da, dendrologiya dəlilləri əsasında öyrənilir və bəzi alimlərimizin iddialarına görə, bu gün respublikamızın ərazilərində 450-dən çox yabanı ağac və kol bitki növləri bitir. Onlardan 70-nin endem növlər olduğu bildirilir və həmin bitkilərin respublikamızdan başqa dünyanın digər ölkələrinin heç bir yerində təbii halda bitmədiyi də qeyd olunur.
Dendrologiya İnstitutunun Dendroloji Parkı Abşeron yarımadasının ən gözəl guşələrindən birində, yəni Mərdəkan qəsəbəsində yerləşir. Bu parkın ərazisi 1895-1920-ci illərdə xeyriyyəçi və neft sahibkarı adı ilə tanınmış məşhur milyonçu Murtuza Muxtarovun şəxsi bağı olur. Ümumi sahəsinin təqribən 12,5 hektar olduğu bildirilən bu bağa, məşhur milyonçu gəmilərlə Lənkərandan torpaq gətizdirir və 40 santimetr qalınlığında əraziyə torpaq qatı verilir. Bağın landşaft memarlığı əsasında qurulması Fransanın park mənzərələrinin yaradıcılarından biri, tanınmış arxitektor L.Q.Plaşkonun layihələri əsasında həyata keçirilir. Dendroloji Park 1920-ci ildən sonra müsadirə olunur və bir müddət baxımsız qalır. 1925-cı ildə bağ dövlət mülkiyyətinə keçirilir, sonradan müxtəlif təşkilatların tərkibində olur. Bu parkdan 1924-1926-cı illərdə Ümumittifaq Tədbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926-1936 -cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936-1945-ci illərdə Subtropik Bitkillərin Təcrübə Stansiyası, 1945-1964-cü illərdə E.T. Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun Təcrübə Bazası kimi istifadə olunmuş və park 1964-1966-cı illərdə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966-cı ildə bu park Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutuna verilməklə bərabər, ona hüquqi status da verilir. Dendrologiya İnstitutu Dünya Botanika Bağlarının üzvüdür və bu gün 100-dən çox Botanika Bağları ilə qarşılıqlı əməkdaşlıq etməkdədir. 1994-cü ildən Dendrologiya İnstitutuna AMEA-nın müxbir üzvü, çox hörmətli və tanınmış ziyalılarımızdan olan Məmmədov Tofiq Sadiq oğlu rəhbərlik edir. Bu şəxsin həyat və fəaliyyəti ilə yaxından tanış olduqda bəlli olur ki, o, 10 fevral 1957-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonunun Dırnıs kəndində anadan olmuş və 1964-1974-cü illərdə adı çəkilən kənddə orta təhsilini uğurla başa vurmuşdur. 1974-1976-cı illər ərzində Vətən qarşısında hərbi xidməti borcunu layiqincə yerinə yetirən Tofiq Məmmədov, 1982-ci ildə tam ali təhsilini başa çatdırmağa müyəssər olur. Bu şəxs 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda ilk əvvəl direktor müavini, 1996-cı ildən isə,
AMEA-nın Mərdəkan dendrarisində direktor vəzifəsində çalışır. Tofiq Məmmədov “Landşaft memarlığı” laboratoriyasının rəhbəridir və 2000-ci ildə o, namizədlik, 2004-cü ildə isə, doktorluq dissertasiyasını müdafiə edib. Çalışdığı sahədə göstərdiyi xidmətlərinin nəticəsi olaraq o, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilir. Bundan əlavə, Tofiq müəllim elmi yaradıcılığının və qarşılıqlı əməkdaşlığının göstəriciləri əsasında 2005-ci ildə Mərdəkan dendrarisinin, Dünya Botanika Bağlarının, 2009-cu ildə isə, Amerika Botanika Cəmiyyətinin üzvü də seçilir. Bu şəxs 30 kitabın, yerli və xarici ölkə mətbuatında dərc olunan 235-ə qədər elmi məqalənin və 11 patentin müəllifidir. Onun məqalələrindən 5-nin məşhur “İmpact factor” jurnalında dərc olunduğu da bildirilir. Hal-hazırda bu şəxsin elmi araşdırmalarının nəticəsi olaraq, onun təkcə respublikamızda deyil, dünyanın bir çox xarici ölkələrində tanındığı, həmçinin 40-a yaxın nüfuzlu beynəlxalq qurultay və konfranslarda iştirak etdiyi də bildirilir. Tofiq Məmmədovun təşəbbüsü və fəaliyyəti nəticəsində 2006-cı, 2010-cu və 2013-cü illərdə Mərdəkan dendrarisində Beynəlxalq Botanika konfransları keçirilir. Hal-hazırda o, Bakı Dövlət Universitetinin “Botanika” və Odlar Yurdu Universitetinin “Tibbi biologiya” kafedrasının professorudur və bu universitetlərdə “Bəzək gülçülüyü” və “Bitki ekologiyası” proqramları bu şəxs tərəfindən tədris olunur. 2004-cü ildə Odlar Yurdu Universiteti tərəfindən ona “professor” elmi adı verilir.
2019-cu ildə Tofiq Məmmədovun “Azərbaycan Dendroflorası” kitabının V cildi nəşr olunur. Bu kitab I-II-III-IV cildlərin davamı olur ki, kitab yerli və xarici floraya mənsub 15 fəsilə, 36 cins və 156 növlə təmsil olunmuşdur. Hansı ki, onlardan 55,2%-i təbii, 44,8%-i isə mədəni floraya aid növlərdir.Tədqiqat işində Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş ekspedisiyalar zamanı bitkilərin təbii yayılma arealları müəyyən edilmiş, növ tərkibi dəqiqləşdirilmiş, çoxsaylı herbari və toxum materialları toplanılmışdır. Həmçinin verilən növlərin taksonomiyası, fəsilə, cins, növlər üzrə təyinedici açarları verilmişdir. APG III-IV sisteminə əsasən qruplaşdırılmış, ümumi yayılma arealları, botaniki təsviri, ekoloji mühit amillərinə münasibəti və tətbiq sahələri göstərilmişdir. Mədəni floramızda istifadə olunan müxtəlif dünya dendroflorasına mənsub introduksiya olunan bitki növləri, onların taksonomik tərkibi araşdırılmış və kitaba əlavə olunmuşdur. Kitab aparılan elmi tədqiqat işinin məhsuludur və ondan botaniklərin, ekoloqların, dendroloqların, ali və orta ixtisas məktəblərinin müəllim və tələbə kontingentinin, hətta geniş oxucu kütləsinin istifadə etmələri üçün nəzərdə tutulmuşdur.
Bu şəxsin dendrariyə rəhbərlik etdiyi dövrdən başlayaraq, bugünə kimi saysız-hesabsız abadlaşdırılma işləri aparılmış, yeni laboratoriyalar və yüksək səviyyəli konfrans zalı inşa olunmuşdur. 2011-ci ilin son aylarında daha iki müasir tipli laboratoriya fəaliyyətə başlamışdır. Son illərdə Tofiq müəllimin birbaşa təşəbbüsü ilə, dendrarinin kolleksiya sahələrində “Dendrari”, “Mədəni bitkilər”, “Dekorativ bitkilər”, “Fond oranjereyası” ekspozisiyaları yaradılmışdır. Bu şəxs indiyə kimi Azərbaycanın bir çox rayonlarının, o cümlədən Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması, həmçinin landşaft arxitekturasının qorunub saxlanılması yöndə çoxsaylı qiymətli tövsiyələrini vermişdir. Tofiq Məmmədov 2005-ci ildə ekologiya sahəsində “İlin adamı” adına, Bakı Şəhər İcra Hakimiyyətinin fəxri fərmanına, Qafqaz İctimai Birliyinin “Heydər Əliyev”, Araz Maarifçilik cəmiyyətinin “Y.H.Məmmədəliyev”, “H.Zərdabi”, “Z.Tağıyev”, “Ş.İ.Xətai” və s. kimi mükafatlarına layiq görülmüşdür. O, iki dəfə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunur və hal-hazırda bu şəxsin rəhbərliyi ilə bir çox gənc alimlər hazırlanır. Bu şəxs fəlsəfə doktoru, elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunan 50-ə qədər dissertasiya işinin opponenti də olub. 2014-cü ildən o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsində ekspert olaraq da fəaliyyət göstərməkdədir. AMEA-nın müxbir üzvü olan Tofiq müəllim, 2013-cü ilin may ayında AMEA Biologiya və Tibb Elmləri Bölməsinin sədr müavini vəzifəsinə də seçilir. Bu şəxsin ailəli və iki övladı olduğu bildirilir. Bir sözlə, bu şəxsin həyat və fəaliyyəti ilə yaxından tanış olduqda o da bəlli olur ki, Tofiq Məmmədov heç də sıradan bir şəxs deyil və onun bugünə qədərki fəaliyyəti olduqca zəngin, olduqca məhsuldar fəaliyyət olmuşdur. Bu şəxs 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərancam əsasında, Azərbaycan Respublikasının Şöhrət Ordeninə layiq görülmüşdür.
Onu da qeyd edək ki, bu bağ öz təbii, coğrafi xüsusiyyətlərinə görə Afrika, Asiya, Avropa, Amerikanın iqlim zonalarına çox oxşarlıq təşkil edir. 1926-1945-ci illərdə görkəmli rus botaniki, akademik N.İ.Vavilov bağın iqlim, torpaq, əkin üçün yararlı xüsusiyyətlərini nəzərə alaraq, burada Ümumittifaq Təcrübi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialını təşkil edir. Filalın fəaliyyətə başlamasında əsas məqsədi, quru subtropik iqlimə malik Abşeron yarımadasında dünyanın bir çox ölkələrindən gətirilmiş ağac və kol bitkilərinin bioloji xüsusiyyətlərini öyrənməklə bərabər, respublikada və ona yaxın digər qonşu ölkələrdə flora zənginliyinin artırılmasına istiqamətləndirilmişdir. Akademik N.Y.Vavilov, A.D.Strebkova, N.D.Kosteçkiy, A.Sutov, Y.A.Yiqareviç, S.D.Ələkbərov kimi görkəmli alimlər tərəfindən Dendrologiyada yeni növlərin introduksiyası istiqamətində elmi təqdiqat işlərinin aparılması respublikamızda subtropik bitkiçiliyin inkişafına səbəb olmuşdur. Bağa yer kürəsinin müxtəlif regionlarından 1500 növə yaxın müxtəlif bitki toxumlarının nümunələri gətirilir və Abşeron şəraitində seçilib becərilməsi, rayonlaşdırılması və iqlimləşdirilməsi sahəsində geniş işlər aparılır. Həmin vaxtlarda bağda 700 növə, formaya və sorta yaxın subtropik ağac, kol bitkiləri introduksiya edilir. Respublikamızın şəhər və kəndlərini yaşıllaşdırmaq üçün, arizon və piramidal sərv ağacları, hələb və italiya şamı, ispan nazı, avropa zeytunu, dəfnə və bir çox başqa ağac və kol bitkiləri, ilk dəfə buradan yayılır. Dendroloji bağda 420 növ və formaya yaxın ağac və kol bitkiləri, 100-dən çox növ və sortda efiryağlı, texniki dərman bitkiləri, 100 növ və formadan çox oranjeriya bitkiləri, 50 növə qədər respublika florasını təmsil edən cır halda bitən bitki nümunələri toplanmışdır. Dendroloji bağın koleksiyası 86 fəsilə mənsub olan 193 cins ağac və kol bitkilərindən, 17 fəsiləyə mənsub olan 52 cins istixana və ya otaq bitkilərindən ibarətdir. Buradakı birmeyvəli retamaya, neştəyarpaq sumağa, enliyarpaq şinusa, yerusəlim göyəminə və ya parkinosoniyaya, budaqlı adenokarpusa, neştəryarpaq kalistemona, qatırquyruqyarpaq kazuariniya və bir çox başqa nadir bitki nümunələrinə ölkəmizin digər nəbatat və dendroloji bağlarında təsadüf edilmir. Antropogen təsir nəticəsində nəsli kəsilməkdə olan nadir endemik bitkilərə bağda xüsusi sahə ayrılmışdır. Azərbaycanın Qırmızı kitabına salınmış 141 növ, ağac bitkilərindən Dendrologiya koleksiya sahələrində 69 növü vardır. Dendrologiyanı landşaft memarlığın nümunəsi kimi, məhz milli sərvət də hesab etmək olar. Ümumi sahəsi təqribən 12-12,5 ha olan dendroloji bağın 8 hektar sahəsində müxtəlif bitki kolleksiyaları yerləşdirilmişdir. Bağın digər sahələrində isə xiyabanlar, istixanalar, parniklər, çərhovuzlar, loboratoriya binaları və digər qurğular yerləşir. Bağın ərazisində iki muzey yaradılıb ki, onlardan biri N.İ. Vavilovun botanika muzeyi, digəri isə şair Sergey Yesenin adını daşıyan muzeydir.
Bütün bunlardan əlavə onu da bildirək ki, son illər dünyada baş verən iqlim dəyişikliyi səbəbindən, bioloji müxtəlifliyin pozulması qlobal səviyyədə bəşəriyyət üçün təhlükə törətməkdədir. Dünyanın bir çox ölkələrində iqtisadiyyatın və sənayenin sürətlə inkişaf etməsi, birbaşa ekoloji mühitə mənfi təsir edən əsas amillərdəndir. Ona görə də həm bu institutun, həm də ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən bu tip elm müəssisələrinin əsas işi, biomüxtəlifliyin qorunması, yaşıl ərazilərin bərpası, mövcud resursların səmərəli istifadəsi, ətraf mühitin mühafizəsi ilə bağlı monitorinqlərin, nəzarət mexanizmlərinin həyata keçirilməsi və öyrənilməsidir. Bu gün institutda landşaft memarlığı ilə məşğul olan kifayət qədər təcrübəli mütəxəssislər var ki, həmin mütəxəssislərinin təcrübəsindən xarici ölkələrin botanika bağlarında da istifadə olunur. Onlar respublikamızın istənilən ərazisində bağ və parkların salınmasında, hətta layihələndirilməsindən tutmuş, bəzəyə qədər bütün işlərin öhdəsindən layiqincə gələ bilirlər. Təəssüf hissi ilə qeyd edək ki, bu sahədə yerli mütəxəssislərin imkanlarından lazımınca istifadə olunmadığı bildirilir.
O da hər kəsə bəllidir ki, son vaxtlar Azərbaycan dendraflorasının hərtərəfli monitorinqi aparılmaqdadır. Aparılan monitorinqlərin nəticəsində müəyyən olunub ki, təbii və mədəni dendrafloramızda 1160-dan çox ağac və kol bitki növlərinin təxminən 60 faizi introduksiya olunub. İntroduksiya işləri də, məhz floranın zənginləşməsinə, biomüxtəlifliyin artmasına səbəb olur ki, bu da aparılan tədqiqat işlərinin uğuru deməkdir.
Hörmətli oxucular! Bu yöndə araşdırmamızı davam etdirib, yaxın günlərdə hər kəsi daha yeni məlumatlarla məlumatlandırmağa çalışacağıq.
Hazırladı: Kamal Mirzə
AtaTv.az
araz.az xəbər portalı.