DF2A1BA1 B04B 4116 8579 51DDBBF2D9AF

Belə deyirlər; sevgidə son yoxdur. Bitən sevgi yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgi bir ürəkdən o biri ürəyə ən qısa yoldu, düzxətli bir yol. Heç bir yerə ani də olsa dönməyən bir yol. Və əgər o yol cəbhə xəttindən keçibsə, illərin, nə illər e, on illərin sınağından çıxıbsa…

Əslində, buna sınaq da demək olmaz. Harada sınayacaqdılar ki? 27, hə, düz 27 il idi ki bir-birini itirmişdilər. Amma hər şey belə başlamışdı…

 

Zaman: 13 iyul, 2019. 

Şənbə günləri adətən yuxudan gec dururam. Çünki iş günü deyil. Bir az sosial şəbəkələrdə dolaşıb, adətən şəxsi işlərimlə məşğul oluram. Həmin gün də elə oldu. Facebook-a göz gəzdirəndə bir foto çıxdı qarşıma.

Hmmm, doğrudanmı odur?

Bəs, nədən?

Tərəddüd məni bir anlıq da olsa buraxmır…

Yox, ola bilməz. Dərhal fotonu paylaşan dostumuzla əlaqə saxlayıram. Odur?

Təsdiqləyir. Və ardınca da nə desə yaxşıdır? Hə, bu artıq, necə deyərlər, əsl şok idi mənim üçün. Dostumuz heyrətamiz bir həyat hekayətinin qısa anonsunu vermişdi.

Etiraf edirəm, həmin foto və fotodakı insanlar məni öz sehrinə salmışdı. “Ola bilməz”, “bu mümkün deyil”; beynimdən çıxmırdı bu sözlər.

…Fotodakı başqa bir xanım dostumuza zəng vururam. Duruxur əvvəlcə, səsi titrəyir və…

Və bircə bunu deyir:

– Mən gördüklərimin təsirindən hələ də çıxa bilməmişəm, Səbuhi. Sanki bir nağıl idi. Necə izah edim axı. Necə deyim?

Bir az da kövrəlir xanım dostumuz.

Amma bu nağıl deyil. Bu, nağıldan da ötədir. Bu, inanılmaz bir həyat dramıdır. Azərbaycan beləsini eşitməyib, duymayıb.

Zaman: 1992-ci il, 20 mart. 

Məkan: Bakı ətrafı daş karxanalarından biri.

Əlahəzrət oxucu, indilikdə, yuxarıdakı zamana diqqət et. Çünki bu tarixlə bir daha rastlaşacaqsan!

Hə, Bakı, daha doğrusu, Bakının tozlu-torpaqlı karxanalarından biri. Əslən Şəkidən olan və briqadir işləyən 26 yaşlı gənc, Tariyel adlı karxana müdirinə yaxınlaşır:

– Əlim işə yatmır…

– Niyə, nə olub?

– Mən savaşa gedirəm.

Tariyel əvvəlcə heç nə başa düşmür. Amma sonacan dinləməli olur həmin gənci.

– Bilirsiz, alınmır belə. Dözə bilmirəm, əynimiz-başımız üstümüzdə, yeməyimiz-içməyimiz qaydasında. Gecə evimizdə rahat yatırıq. Amma 300 km aralıda müharibə gedir. Qız-gəlin girovluqda. Nə burda rahat ola bilirəm, nə də burdan baş götürüb getmək. Rusiyanın, Ukraynanın bazarlarda donub ölməkdənsə, Qarabağda şəhid olmaq daha şərəflidir.

Bunu deyib də iş yoldaşlarıyla vidalaşır.

– Mən ordan Şəkiyə gəldim, kəndimizə. Valideynlərimlə görüşdüm, halallaşdım. Elə Şəkidə bir avtobus gənc Şuşaya yola düşdük. Çünki ən təhlükəli yer idi Şuşa. Xocalıdan sonra.

STOP! 

Bax, bu, xüsusi seçdirdiyimiz ifadəyə də diqqətlə fikir verin. Yenə qarşınıza çıxacaq.

Zaman: 1992-ci il, 20 mart.

Məkan: Gəncə.

Həmin gün rəfiqəsi Raygüllə yenə hospitaldaydılar. Hər gün cəbhədən yaralılar gəlirdi ora. 22 yaşlı gənc qız tibb kurslarına təzə yazılmışdı. Əvvəl çətin idi onunçün. Ziyalı ailəsində böyümüşdü. Atası hərbi zavodda mütəxəssis idi. Onu heç vaxt ağır işlərə buyurmamışlar. Və birdən-birə sanki qan gölünün içinə atmışlar.

“Rəfiqəmlə birlikdə Müdafiə Şurasının qərargahında çalışırdıq. Həm könüllüləri qeydiyyata alırdıq, boş olan kimi hospitala gedib tibb bacısı kimi işləyirdik. Çox ağır vəziyyət idi. Gəncə cəbhə xəttinə yaxın idi. Həmin günlər şəhər sanki qaynayırdı. Bir müddət əvvəl Xocalı faciəsi baş vermişdi. Həmin gün isə…”

Hə, məhz həmin gün – martın 20-də iki rəfiqə Müdafiə Şurasına müraciət edirlər. Könüllü şəkildə. “Bizi Şuşaya göndərin!” Niyə məhz Şuşa?

– Çünki ən təhlükəli yer idi Şuşa. Xocalıdan sonra…

Əvvəl atasına demək istəmir qərarı barədə. Gözündən bir gün də kənara qoymadığı əziz-xələf qızının cəbhənin ən qaynar yerinəmi buraxacaqdı?

Anasına deyir. Sonra hər ikisi bir yerdə Mikayıl kişiyə yaxınlaşırlar: “Qızın Şuşaya gedir…”

– Çox vətənpərvər kişiydi atam. Heç nə demədi. Sadəcə, alnımdan öpüb, bağrına basdı. Halallığını verdi.

Əslində, Raygüllə ikimiz Xocalıdan sonra ərizə yazmışdıq ki, cəbhəyə getmək istəyirik. Düzdü, Gəncədə hospitalda, elə Müdafiə Şurasında tibb bacıları, sanitarlar çox idi. Amma Şuşa qərarını ikimiz verdik. Səhəri ailəmlə vidalaşıb, kiçik bir maşında Şuşaya yollandıq.

Martın 22-də 22 yaşlı iki gənc qız Şuşaya yol alırlar. Axşamüstü maşın onları Laçına çatdırır. Gündüz belə çox təhlükəli olan Daşaltı yolunu gecə keçməmək üçün bir gün Laçında qalıb, səhəri Şuşaya yol alırlar.

22 mart, Şuşa.

Gəncədən gələn hər iki qızı Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsinə təhvil verilər.

Əfsanəvi döyüşçü Tofiq Oğuzun komandir olduğu bu dəstə yaranandan ta sonacan Şuşanın müdafiəsində iştirak etmişdi. Əslən Oğuzun Yaqublu kəndindən olan Tofiq Rzayev Qarabağ döyüşlərində Tofiq Oğuz kimi tanınmışdı. Onun sağ qalıb-qalmaması haqda heç bir məlumat yoxdur. Sonuncu dəfə Laçın dəhlizində başından yaralı vəziyyətdə görmüşdülər. Amma bir qədər səbirli olun: Tofiq Oğuzla bağlı ilginc məqamlara da tanış olacaqsınız.

Onları Şuşadakı tibb məntəqəsinə yerləşdirirlər. Təsəvvür edin, Şuşa uğrunda aramsız döyüşlər gedir, cərrah yox, tibb bacısı yox.

– Vur-tut bircə həkim vardı, Azər həkim. Biz gələnədək tibb bacısının da əvəzindən işləyirdi, öz əvəzindən. O, terapevt idi əslində, amma nə desən edirdi. Çox çətin idi ilk dəfələr. Güllə, raket yağışı altında. Biz belə vəziyyətə öyrəşməmişdik. Peşman olmaq? Qətiyyən. Axı hamı sənə bacı deyir. Şəfqət gözləyir. Bu, çox xoş idi. Qorxmaqmı? İnandırım siz, həyəcan olurdu, qorxmaq yox. Bunu bütün səmimiyyətimlə deyirəm.

 

22 mart, Laçın.

Şəkidən çıxan könüllülər bir gün Fizulidə gecələdikdən sonra Laçına çatır.

Laçından Şuşaya yola düşən avtobusu isə Daşaltı yolunda saxlayırlar.

“Bizə dedilər ki, avtobus boş keçəcək. İçindəkilər piyada. Təxminən 100 metr yolu piyada keçməliydik. Ermənilərin nişangahındaydıq deyə əyilə-əyilə, birtəhər keçdik. Başımızın üstündən güllə yağırdı. Avtobusun sürücüsü isə sanki mahir kaskadyor kimi ilanvari hərəkətlə o yolu keçə bildi.

Şəkidən gələn könüllüləri şəxsən Tofiq Oğuzun özü qarşılayır.

“Nur vardı üzündə. Əvvəl idman müəllimi olmuşdu. Şuşanın müdafiəsində ilk iştirak edənlərdən idi. Axşamı yatdıq. Səhər bizə əsgər forması verdilər. Avtomatdan istifadə edə bilməyən könüllülərə təlim keçdilər. Sovet ordusunda xidmət edən, odlu silahla davranmağı bacaranları isə səhəri gün posta atdılar. Mən Nəbilərə gedəsi oldum…”

Hər şey hələ indi başlayırdı…

Davamını sabahLent.az -da oxuyacaqsınız.

Bizimlə qalın…

Səbuhi Sədəf

 

araz.az xəbər portalı.