AKP hakimiyyətinin yürütdüyü daxili və xarici siyasət müəyyən qrupları narazı salır. Xüsusilə Türkiyə daxilində buna dair etirazlar artmaqdadır. Bütün bunlara baxmayaraq, Türkiyədə bu tezlikdə növbədənkənar prezident seçkilərinin keçirilməsi inandırıcı deyil. Bunun ən önəmli səbəbi seçkilərin 2023-cü ildə keçirilməsidir. Bir çoxu indiki məqamda AKP-nin seçkiyə getmək istədiyini desə də, əslində, belə deyil. Bu daha çox CHP və digər müxalifətin istəyidir.

CHP-nin nüfuzu artmaqdadır. AKP belə bir zamanda seçkiyə çətin ki, getsin. Digər tərəfdən konstitusiyada dəyişiklik olmadan seçkinin baş tutması, daha doğrusu, Əroğdanın yenidən prezident seçilməsi mümkün deyil.

CHP hazırda xüsusilə aktivdir. Bu aktivlik təkcə ölkə daxilində deyil, həm də xaricdə müşahidə edilir. Misal üçün Türkiyənin İstanbul şəhərinin bələdiyyə başqanı Əkrəm İmamoğlu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində Azərbaycana gəldi. Bundan başqa, CHP başqanı Özgür Özəl də Bakı ilə son zamanlar yaxınlaşıb.

AKP növbədənkənar seçkilərə hazırlıqsız getsə, CHP-yə və onun namizədinə məğlub ola bilər. Buna görə də AKP növbəti seçkiyə qədər hazırlıq görəcək, ya da konstitusiyanı dəyişdirməyə çalışacaq.

Türkiyədə növbədənkənar prezident seçkiləri qədər, bu seçkilərin ehtimal nəticəsinin Bakı-Ankara münasibətlərinə təsiri də diqqət çəkir. Qeyd etmək olar ki, Türkiyədə seçkilərin nəticəsi iki ölkə münasibətlərinə təsir etməyəcək. Məsələ ondadır ki, münasibətlər hansısa partiya ya da şəxsin üzərində deyil, çoxşaxəli sistem, habelə tarixi etnik bağlar əsasında qurulub. R.T.Ərdoğan və AKP dövrü münasibətlərin zirvə nöqtəsi olsa da, sonrasında münasibətlərin pozulacağını gözləmək sadəlövhlükdür.

Misal üçün, İsrail Prezidenti İshaq Hersoq COP29-da iştirak üçün 19 noyabrda Bakıya planlaşdırılan səfərini ləğv edib. Məlum olub ki, Türkiyə hökuməti Hersoqun Bakıya uçması üçün hava məkanından istifadəyə icazə verməyib. Suriya, İraq və İran üzərindən uçuşun təhlükəli olması da nəticə etibarilə planlaşdırılan səfərin ləğvinə səbəb olub.

Bu və bu kimi hallar belə iki ölkənin münasibətlərinə zərər vurmur. Tərəflər hər dəfə ortaq məxrəcə gələ bilir. Bu mənada sabah CHP ya da başqa bir partiya iqtidara gələrsə, Azərbaycan-Türkiyə münasibətləri pozulmayacaq.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

 

araz.az xəbər portalı.