Baydenin ABŞ-ın ATACMS ballistik raketləri ilə Rusiya ərazilərinin vurulmasına icazə verməsi göstərir ki…

ABŞ Rusiyanı Ukrayna ərazilərinin daha geniş hərbi əməliyyatlar aparamağa təhrik edir. Belə olacağı təqdirdə NATO üzvü olan ölkələr üçün təhlükə bir az artmış olacaq və bununla da, hərbi alyansın üzvü olan və Rusiyaya loyal münasibət göstərən Avropa ölkələri yenidən Vaşinqtonun orbitinə geri dönmək məcburiyyətində qalacaq. Məqsəd NATO-nun tam şəkildə Rusiyaya qarşı praktiki hərbi birliyinə nail olmaq deyil.

NATO-Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayətinə daxil olmasından sonra müharibənin taleyində heç bir dönüş yaranmayıb. Rusiya Kursku təmizləməyə tələsmir, 300-350 km üçün nəzərdə tutulan ATACMS raketlərinin müharibənin taleyində dönüş yaradacağı da ciddi görünmür. Çünki ABŞ-ın qərarında “Rusiyanın dərinliklərinin vurulması” utopik iradəsi yer alsa da, bu raketlər həmin gücdə deyil. Əks effekt verə bilər. Bu qərar Rusiyanı daha da aqressivləşdirə və Ukraynanın daha dərinliklərinə nüfuz etmək üçün fürsət əldə etmiş olar. Ukraynada əsgər qıtlığı yaşandığına və Qərbin göstərdiyi maliyyə, silah yardımları tarixdə görünməmiş dərəcədə korrupsiya əməliyyatlarının qurbanı olduğuna görə Rusiyanın hücumlarının qarşısını almaq da çətinləşəcək.

Beynəlxalq güclərə məxsus Müdafiə Sənaye Komlekslərinin yaradılması prosesi tam yekunlaşmayıb. Bu proses yekunlaşana qədər müharibə davam etməlidir.

Baydendən fərqli olaraq, yeni seçilən prezident Trampın Zelenskiyə və ümumən Ukrayna məsələsinə münasibəti daha proqressiv görünür. Böyük ehtimalla, Trampın prezidentliyi dövründə Zelenski devriləcək. Tramp ABŞ-a milyardlarla vəsait hesabına başa gələn bu müharibənin tezliklə dayandırılması ilə bağlı vədlər verib. Əgər Baydenin qərarı icra olunarsa, bu, Ukraynanın daxilində qiyamla nəticələnə bilər.

ABŞ Tayland məsələsi ilə bağlı hərbi əməliyyatların başlamayacağına dair Çindən zəmanət ala bilmir. ABŞ-ın əvvəlki kimi Şərqə asanlıqla ordu yeritmək imkanları çətinləşib, digər tərəfdən, Şimali Koreyaya məxsus döyüşçülər Şərqi Avropaya yaxınlaşıb. Rusiya Şimali Koreyaya məxsus əsgərləri nə üçün gətiribsə, ABŞ da ballistik raketlərin istifadəsi ilə bağlı qərarı məhz buna görə verib. Lakin bunun ağır nəticələrini yalnız Ukrayna yaşayacaq.

Kurskun tarixi əhəmiyyəti:

1943-cü ilin iyul-avqust aylarında Kurskda tarixin ən böyük döyüşlərin biri baş vermişdi. Sovet ordusunun qələbəsi ilə yekunlaşan Kursk döyüşü İkinci Dünya Müharibəsinin taleyində dönüş yaratmış və bununla da almanların məğlubiyyətinin möhürü vurulmuşdu. İndi ABŞ 350 km-lik silahla NATO-nun xeyirinə müharibənin taleyində dönüş yaradacağını düşünürsə, yanılır. Bəli, bu ərazidə şiddətli və yekun döyüş olacaq. Amma bu gün Rusiya Kursku işğal edilmiş ərazi kimi beynəlxalq hüquq müstəvisinə çıxarır. Halbuki özü demək olar ki, Şərqi Ukraynanı tamamilə götürüb və yaxud həmin ərazilərə tam nəzarət imkanı qazanıb. Ukrayna ərazilərində hər gün bir neçə kənd ələ keçirən Rusiyanın Kurskdakı təmkini düşündürücüdür. Nəyə hazırlıq gedir!? Ukrayna kimi almanlar da Kurska hücumu strateji qərar ghesab edirdilər. Amma sonda ən böyük tank və hava döyüşləri burada baş verdi. İndi oturub düşünülməlidir, həmin ərazidə Ukraynanın nə qədər tankı var və Rusiya nə üçün Kurskda sadəcə kosmetik hücumlarla məşğuldur… Rusiyanın hərbçi tarixçiləri isə Kursku həmişə “bataqlıq, tələ” kimi qiymətləndiriblər.

Samir FEYRUZOV,                                  jurnalist-politoloq.

 

araz.az xəbər portalı.