“Nümunəvi seçki kampaniyası aparmışıq. Seçicilərimiz də çox açıq dəstək verdilər. Seçicilərlə görüşdə onların bütün problemlərini dinləyir, həlli istiqamətində müəyyən addımlar atmağa çalışırıq”.
         araz.az bildirir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
         Onun sözlərinə görə, seçicilərin əsas problemi kommunal məsələlərlə bağlıdır:
          “Burada asanlıqla həll olunan, yaxud da müəyyən vaxt tələb edən məsələlər var. Məşğulluqla bağlı da müraciətlər olur. Öz imkanlarımız daxilində, əlaqələrimiz çərçivəsində təxminən 8 nəfəri işlə təmin edə bilmişik. Məşğulluq xidməti tərəfindən də işə düzəlmələr oldu. Bununla bağlı məktublar göndərilib.
         Seçkilər dönəmində Biləcəri Bələdiyyəsinin külli miqdarda borcu olduğuna dair məsələ qaldırılmışdı. Bununla bağlı Milli Məclisdə iki dəfə çıxış etdim. Rəhbərlik də həmin məsələni diqqətdə saxladı. Məlum oldu ki, respublikanın başqa yerlərində də belə hallar var.
         Şəxsi məsələlərlə bağlı da deputatlara tez-tez müraciətlər edilir. Müvafiq orqanlar qaldırdığımız məsələlərə də diqqətlə yanaşırlar. Əgər bunun əksi olarsa, kimsə işinə məsuliyyətsiz yanaşarsa, ictimailəşdiriləcək. Heç kimdən qorxumuz yoxdur”.

 

araz.az xəbər portalı.