Proseslərin diqqətçəkən tərəfi bütün bunların Gürcüstandakı parlament seçkiləri fonunda baş verməsidir. Düzdür, Abxaziyada seçkiöncəsi də vəziyyət gərgin idi, amma bu həddə deyildi. Aksiya iştirakçılarının “hökumət binalarını” tam ələ keçirməsi, “prezident” Aslan Bjaniyanın istefa verməsi vəziyyətin qəlizliyindən xəbər verir.

Abxaziyada üç fikir və bu fikirlər ətrafında formalaşan qrup var:

1. Abxaziyanın Rusiyaya birləşməsi və daxili subyekt olmasını tələb edənlər;

2. Abxaziyanın Gürcüstana birləşib, yüksək muxtariyyətlə idarə edilməsini istəyənlər;

3. Abxaziyanın öz müqəddəratını təyin edib, müstəqil olmasını düşünənlər.

İkinci düşüncədə olanlar, yəni Abxaziyanın Gürcüstana birləşib, yüksək muxtariyyətlə idarə edilməsini istəyənlər azlıq təşkil edir. Bunun ən böyük səbəbi isə, abxazların əksəriyyətinin Gürcüstan tərəfindən etnik diskriminasiyaya məruz qaldığını düşünməsidir.

Keçmiş gürcü siyasətçilərin yanlış daxili siyasəti bu düşüncəni ildən-ilə radikallaşdırıb. 2008-ci il olaylarından bu günə qədər isə, Abxaziya faktiki olaraq, müstəqil dövlət kimi hərəkət edir.

Bu gün Abxaziyadakı daxili çəkişmə Rusiyaya birləşməsini və daxili subyekt olmasını tələb edənlərlə, müstəqil olmasını istəyənlər arasında gedir. “Prezident” Aslan Bjaniya da, Abxaziyanın Rusiyaya birləşməsini və daxili subyekt olmasını istəyən qrupa mənsub idi. Əgər Rusiya ilə mübahisəli investisiya sazişi alınsaydı, proses sürətlənə bilərdi.

Abxaziyadakı olayların indiki məqamda Gürcüstandakı seçkilərin nəticəsi ilə əlaqəsi isə, xüsusi diqqət çəkir. Məsələ ondadır ki, Gürcüstan qərbmeyilli siyasət yeritdiyi bir vaxtda, Qərb Tbilisini Abxaziya və Cənubi Osetiya məsələsində dəstəkləyib. Düzdür, bu dəstək sözlü olsa da, abxazların müqəddəratı məsələsi heç vaxt müzakirə predmeti olmayıb. Lakin “Gürcü Arzu”sunun Qərblə arasında məsafə qoyması, Kremllə normallaşmaqda maraqlı görünməsi prosesləri dəyişə bilər. Yəni, əgər Gürcüstan Rusiya ilə münasibətləri normallaşdırsa, Qərb buna cavab kimi, Abxaziyanın müqəddəratını təyin etməsi məsələsində aktivləşə bilər. Nəzərə alaq ki, rusmeyilli Aslan Bjaniya da istefa verib ,yeni “prezident”in kimliyi isə, hələlik bəlli deyil.

Gürcüstanda seçkisonrakı vəziyyət gərgin olaraq qalır. Müxalifət hələ də aksiyalar təşkil edir. Belə bir məqamda hakim “Gürcü Arzusu” Partiyasının diqqəti, çətin ki, Abxaziyada olsun. Abxazlar bu vəziyyətdən istifadə edib, Qərblə təmas qura bilər. Çünki abxazlar Rusiya-Gürcüstan münasibətlərinin normallaşması fonunda Kremlin Abxaziyanı Tbilisiyə güzəştə gedəcəyini düşünür. Hətta Gürcüstanın burada antiterror əməliyyatlarına başlaması da, istisna edilmir.

Turan RZAYEV,                                    politoloq, globalinfo.az-ın siyasət yazarı.

 

araz.az xəbər portalı.