Belə fikirlərin hələ də səslənməsinə baxmayaraq, Nikol Paşinyanın yeni şəxslərə vəzifə verməsi onun seçkilər keçirəcəyi barədə ehtimalları xeyli azaldıb. Ermənistanın Baş naziri görünür, 2026-cı ildə mövcud komanda ilə seçkilərə qatılmaq istəmir. Paşinyanın hesablamaları xalqdan üçüncü dəfə mandat almağın onun üçün çox çətin olacağını göstərir.
Müxalifətin son günlər baş verən istefalara münasdibəti ciddi səslənir. Məsələn, “Erməni seçicilərinin səsi” Vətəndaş Təşəbbüsü Hərəkatının həmtəsisçisi Avetik Çalabyan Nikol Paşinyanın hakimiyyətdə qalmaq üçün komandasının bir hissəsini qurban verdiyini deyib. Bu baxımdan, Çalabyanın Ermənistan mətbuatına açıqlaması diqqəti cəlb edir. Onun sözlərinə görə, bir gecədə Ali Məhkəmə Şurasının sədri də daxil olmaqla 6 yüksək vəzifəli məmurun istefa verməsi sistemli problemlərdən xəbər verir.
Qeyd edək ki, istefaların şəxsi münasibətlərdən qaynaqlanmadığı, sistemli problemlərlə bağlı olduğunu Paşinyan özü də xalqa müraciətində bəyan etmişdi. İlk baxışdan parlamentli respublikada hökumətdə tez-tez dəyişikliklərin baş verməsi normal görünə bilər. Lakin bu, eyni zamanda hökumət böhranının başqa formasıdır. Paşinyanın Nazirlər Kabinetinin noyabrın 16-da keçirilən iclasında hökumət üzvlərini danlaması onun mövcud vəziyyətdən narazı qaldığını təsdiq edir.
Yaxud xalqın hökumətin fəliyyətini bəyənməməsi Paşinyan üçün arzuolunmaz nəticələrə, yəni hakimiyyətini itirməsinə gətirib çıxara bilər. Avetik Çalabyanın sözlərinə görə, cəmiyyətdə Paşinyan və onun ətrafı ilə bağlı narazılıq və yorğunluq, Paşinyan komandasının uğursuzluqlarını müşayiət edən yalanlar yaranır. “Paşinyan yalan ustasıdır və uğursuzluqlarını yalanlarla ört-basdır etməyi bacarır, lakin vaxt keçir və insanlar təhlil etməyə və alternativ fikirləri dinləməyə başlayır. Bu, Paşinyanın reytinqinin aşağı düşməsinə səbəb olur. Müxtəlif mənbələrə görə, Paşinyanın reytinqi 20-25 faiz arasında dəyişir”, — deyən Çalabyan bu şəraitdə seçkilərin 2021-ci ildəki kimi nəticə verməyəcəyini bildirib.
Baş verənlər bir neçə səbəblə izah olunur. İlk növbədə seçkilərə az qalıb və ola bilsin ki, hadisələr növbədənkənar seçkilərə vadar etsin. Buna görə də Paşinyan öz reytinqinin aşağı düşməsini dayandırmalı və onu artırmalıdır. Müxalifətin reytinqinin daha da aşağı olduğunu soruşduqda, siyasətçi bu fikirlə razılaşsa da, seçicilərin yarısının qərarsız olduğunu, partiyaların səs toplamasına ehtiyac olduğunu xatırladıb. Çalabyan bildirib ki, 2021-ci ildə Paşinyanın reytinqi müxalifətlə təxminən eyni səviyyədə idi. Lakin seçkilərə bir neçə gün qalmış paradoksal bir hadisə baş verdi – sonda xeyli sayda seçici nədənsə Paşinyanın ətrafında toplaşdı. O, qarşıdan gələn seçkilərdə də bunu etməyə çalışacaq. Əks təqdirdə ya hakimiyyətini, ya da ən azı hakimiyyət monopoliyasını itirəcək.
Qeyd edək ki, son rəy sorğuları Ermənistan vətəndaşlarının yalnız 14,1 faizinin Nikol Paşinyana tam inandığını göstərir. Respondentlərin 20,4 faizi Baş nazirin fəaliyyətini bəyənəcəklərini, 16,1 faizi isə həm bəyənib, həm bəyənmədiklərini deyib. Rəyi soruşulanların 41,5 faizi Paşinyanın işini tamamilə bəyənmədiyini söyləyib. Ümumilikdə, Paşinyanın işindən narazı olanların sayı 57,6 faiz təşkil edir.Hətta onun tərəfdarlarının bir qismi tərəddüd edir. Bu isə seçkilərdə Paşinyanın hakimiyyəti itirməsinə səbəb ola bilər.
2021-ci ildə onun 53,4 faiz səslə qələbə qazanması bir neçə amillə bağlı idi. Birincisi, Ermənistanın 44 günlük müharibədən məğlub çıxmasına baxmayaraq, xalq revanşist müxalifətə dəstək vermədi. Yəni, müxalifətin qisasçılıq və müharibə çağırışlarını ermənilər qorxu ilə qarşıladı.
İkincisi, Paşinyan eks-prezident Robert Köçəryan başda olmaqla, “Qarabağ klanı”nı seçkiyə buraxmaqla seçici kütləsini öz xeyrinə dəyişə bildi. Üçünücü, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın icrasında maraqlı olan Rusiya Ermənistan müxalifətini dəstəkləmədi.
İndi isə xalqın həm hakimiyyətdən, həm də müxalifətdən narazı olduğu Ermənistanda siyasi durğrunluq hökm sürür. Belə bir situasiyada meydana çıxacaq yeni bir siyasi qüvvə və ya lider 2026-cı ildə keçiriləcək seçkilərin qalibi ola bilər. Ona görə də Paşinyanın hökumətdə dəyişiklik etməsi etirazları sakitləşdirməyə hesablanmış preventiv addım kimi qiymətləndirilə bilər. Çalabyanın sözlərinə görə, Paşinyanın qarşısında keçmişin bir səhifəsini bağlamaq və yeni səhifə açmaq vəzifəsi durur. “Onu üzünü qırxmamaqda və arxaik görünüşə malik olmaqda ittiham etdilər. O, kameralar qarşısında təraş etdi. Kameralar qarşısında təraş etmək absurddur. Amma o, bunu qəsdən edir, mesaj göndərməyə çalışır. Dedilər ki, yaxşı görünmür, o, nə qədər atletik olduğunu göstərmək üçün səhər saatlarında velosiped sürməyə başladı. Dedilər ki, səliqəsiz geyinir, daha yaxşı geyinməyə başladı. Yəni, rebrendinq gedir. Hamısı da iyrənc “əsl Ermənistan” şüarı altında”.
N. Paşinyanın hökumətdəki dəyişikliklərlə bağlı sifarişin Qərbdən gəldiyinə dair məlumatlar var. Bəzi ehtimallara görə, Nikol Paşinyan ABŞ-də Donlad Trampın prezident seçilməsindən sonra Bayden administrasiyasına və demokratlara yaxın olan kadrları vəzifədən uzaqlaşdırır. Bütün hallarda istefaların Qərblə əlaqələi olduğu istisna edilmir. Bu məsələyə toxunan Çalabyanın sözlərinə görə, orduda bu yaxınlarda dərc olunan islahatlar konsepsiyası ümumiyyətlə erməni dilində yazılmayıb, tərcümə edilib:
“Onu kim yazıb? Qərb strukturlarından Müdafiə Nazirliyinə təyinatlı müşavir var, o da yazıb. Konsepsiya ordu haqqında deyil, prinsipcə hər hansı güc strukturu haqqındadır”.
Çalabyan Qərbdən gələn siyasi “kukla”ların indi işdən çıxarılan məmurlarla bağlılığına dair şübhələri var. O, daxili işlər naziri Vahe Kazaryanın Qərb üçün arzuolunmaz şəxs olduğu üçün işdən çıxarıldığını deyib. Məqsəd isə Qərbin Arpin Sarkisyanı daxili işlər naziri postuna gətirmək niyyəti olub. Ancaq Paşinyanın yeni kadrlarla seçkilərə qədər ona nüfuz gətirəcək müsbət nəticələr əldə edəcəyi məlum deyil. Hələlik, Paşinyan yalnız baş vermiş nöqsanları istefaya göndərdiyi hökumət üzvlərinin üzərinə atmaqla vəziyyətdən çıxa bilər. Ancaq bu, nə zamana qədər davam edəcək? /cebheinfo.az/
araz.az xəbər portalı.