“Dövlət başçısına qarşı düzgün olmayan mövqe tutan məmurlar var”
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu iclasının Azərbaycanda keçirildiyi bir vaxtda özünün maraqlarını təmin etməyə çalışan Qərbin, Avropanın bəzi dairələrinin apardığı qərəz kampaniyasında ifadə olunması təsadüfi hesab edilmir.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Versus.Az-a müsahibəsində bu və ya digər nüanslara diqqət çəkib. araz.az da, bu maraqlı müsahibəni öz oxucularına təqdim edir:
— Hafiz müəllim, COP 29-un Azərbaycanda keçirildiyi bir vaxtda Avropanın, Qərbin bəzi dövlətlərinin belə bir mənzərədə oynadığı rol nədən ibarətdir?
— Azərbaycanda keçirilən COP 29 konfransı regionda, eyni zamanda digər dövlətlərdə böyük rezonans doğurub. COP 29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi, burada aparılan müzakirələr, qurulan və yenilənən əməkdaşlıqlar diqqət mərkəzindədir ki, bu da Avropanın, Qərbin bəzi dövlətlərində qısqanclıqla qarşılanır. Onların Azərbaycanın COP 29-a ev sahibliyi etməsini həzm edə bilməmələri öz medialarında bu görüşü qərəzli şəkildə işıqlandırmalarında da aydın görünür. Avropa da, Qərb də görür ki, müharibədən qələbə ilə çıxmış, hazırda işğaldan azad edilən ərazilərində bərpa-abadlıq işləri aparan Azərbaycan, eyni zamanda qısa vaxt ərzində COP kimi bir konfransa necə yüksək səviyyədə ev sahibliyi edə bilir. Yəni Qərbin, Avropanın nə deməsindən, nə etməsindən asılı olmayaraq Azərbaycan bu işin də öhtəsindən gəldi.
— Bu gün özünü az qala Avropanın “demokratiya gözü” adlandıran Paris əslində hansı siyasəti yürüdür?
— Fransa uzun illərdir Azərbaycana qarşı kin, qərəz, qısqanclıq, düşmənçilik püskürür. Son vaxtlar isə bu cür münasibətini açıq şəkildə ortaya qoyur. Müəyyən dairələr var ki, onların da bu düşmənçilikdə rolu çox böyükdür. Düşünürəm ki, belə dövlətlərlə əlaqələrə yenidən nəzər yetirilməlidir. Yəni bu siyasətdir, bir ölkənin dövlət siyasəti digər ölkənin dövlət siyasəti ilə uyğun gəlməyə bilər. Amma öz ölkəsindəki vəziyyətə, höküm sürən antidemokratiya siyasətinə göz yumub Azərbaycanı demokratiyasız ölkə olmaqda suçlamaq absurddur. Buna uyğun bir gözəl Azərbaycan atalar məsəli də var, deyir “öz gözündə tiri görmür, başqasında tük axtarır”. İndi bu Fransa öz gözündəki tirlə Azərbaycanda hansı tükü axtarır, bilmirəm. Ona görə də bu dövlətləri boş verək getsin, biz öz işimizə diqqətimizi cəmləyək. Azərbaycan böyük uğurlara imza atıb. Hələ daha neçə-neçə uğura imza atacaq. İndi durub qısqanclıqdan nə dediklərini bilməyən Fransa kimi dövətlərə cavab verməklə vaxtımızı itirmiyəcəyik ki. Burada xoşagəlməyən məsələ Fransanın Ermənistana silah satması, sülh sazişinin imzalanmasına mane olmasıdır. Çox istərdim ki, bizim diplomatlar bu yöndə ciddi addımlar atsınlar. Avropanın, Qərbin bəzi dövlətlərinə vəziyyəti başa salsınlar.
Eyni zamanda, ölkə daxilində siyasi yumşalmaya gedilməlidir. Məsələn, Fransanın əlindəki “kozr”lardan biri Azərbaycanda həbsdə olan müəyyən insanlarla bağlıdır. Demək istəyirəm ki, onların əlinə bu kimi fürsətlər verməməliyik. Daxildə daha böyük milli barışığa nail ola bilsək, hansısa dövlətlər əsassız iradlarla üstümüzə gəlməzlər.
— Fransanın özünün zorakı və özbaşına metodlardan istifadə etməsi bu ölkənin hansı mahiyyətini ortaya qoyur?
— Fransanın zorakı və özbaşına metodlardan istifadə etdiyi, eyni zamanda Martinik xalqının toplaşmaq və ifadə azadlığının Fransa tərəfindən məhdudlaşdırılması bu ölkənin əsl mahiyyətini ortaya qoyur. Düzdür, bunlara əsaslanıb deyə bilmərik ki, o ölkədə elədir, amma bizdə belə. Bu, düzgün müqaisə olmaz. Ola bilər hansısa dövlət bizi təxribata çəksin, buna getməməliyik. Biz öz siyasi xəttimizi düzgün müəyyənləşdirməli, dünyada gedən siyasi prosesləri düşgün təhlil etməliyik. Bizim xarici işlər nazirliyimiz, Fransadakı səfirimiz, diasporlarımız bu yöndə ciddi işlər görməlidirlər.
Eyni zamanda, siyasi partiyalar olaraq biz üzərimizə düşənləri etməliyik. Şəxsən mən və rəhbəri olduğum Müasir Müsavat Partiyası həmişə dövlətçiliyə önəm veririk. Hesab edirəm ki, ölkəmizdəki bütün siyasi partiyaların hökumətlə olan gərginlikləri dövlətə siyarət etmməlidir. Bu dövlət, bu xalq bizimdir və biz də çalışmalıyıq ki, dövlətimiz üçün öz müsbət fikirlərimizi ortaya qoyaq, ölkəmizdə olan xarici səfirlərlə görüşlərdə ölkəmiz haqqındakı yanlış fikirlərə yer qalmasın. İmkan olarsa AŞPA-da, digər beynəlxalq kürsülərdə də bu yöndə çıxışlar edərik. Yəni bəzi deputatlarımız bu işləri görmürlərsə, biz görməyə hazırıq.
— Fransa, ABŞ Ermənistana dəstək münasibəti ilə regionda nəyə nail olmağa çalışır və Rusiya bu prosesdə harda dayanıb?
— Fransa, ABŞ Ermənistana dəstək münasibəti ilə regionda istədiklərinə nail olublar. Yəni Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə istədikləri formada don geyindirirlər, soyqırım adlandırırlar, guya ermənilərin haqlarını qoruyurmuş kimi çıxışlarla əslində öz çirkin, düşməncə əməllərini ortaya qoyurlar. Bu oyunlarda Rusiyanın da rolu az deyil, üzdə bir söz deyir arxada başqa söz deyir, Ermənistanın silahlandırılmasında gizli-açıq şəkildə xidmət edirlər, bunları etiraf etmək lazımdır, indi durub Fransanı, digər ölkələrin etdiklərini deyib Rusiyanın etdiklərini danmaq da olmaz. Xatırlayırsızsa, Rusiya sülhməramlıları ərazilərimizdə olduqları vaxt erməni separatçılarının əməllərini, silalanmalarını, ərazilərimizi minalamalarını görməzdən gəldilər.
Hər halda regionda, bölgədə, əsasən Qafqazda ciddi proseslər gedir. Məsəl var, deyirlər “dərin sular lal axar”. Çox ciddi narazılıqlar baş qaldırır. Bunların qarşısını almaq üçün yenə deyirəm, iqtidarlı-müxalifətli hamımız birləşməliyk. Əgər daxildə sabitliyi qoruyub saxlaya, ölkə başçısının uğurlu siyasətinə dəstək verə bilsək nə Amerika, Fransa, Rusiya, nə də ölkəmizə qarşı qərəzli iddialar irəli sürən digər dövlətlər bizə heç nə edə bilməz. Çünki onlar hansı tərəfdə zəiflik görürlərsə, bundan istifadə edib üzərimizə hücuma keçirlər. Buna imkan verməməliyik. Təbii ki, nöqsanlarımız da çoxdur. Hakimiyyətdə yerində olmayan müəyyən qüvvələr var, hansı ki, xalqla prezident arasında uçurum yaradırlar, onlar barədə yuxarı orqanlara çatdırmalıyıq ki, bunlar barəsində təcili tədbir görün. Ölkədəki özbaşınalıq, müəyyən çatışmazlıqlar göz qabağındadır. Və narazı, xarici dövlətlərə işləyən qüvvələr də bu vəziyyətdən istifadə edib Azərbaycana qarşı ədalətsiz mövqe tuturlar.
— ABŞ Konqresmeni Paloni şəmbə günü COP 29-da iştirak niyyəti ilə gəldi və 1-ci gün tədbirə qatılmadan da geri döndü. Sizcə niyə gəlmişdi, niyə getdi?
— ABŞ Konqresmeni Paloninin provakasion çıxışlar edəcəkdi və bunun da qarşısı alındı. Mənim üçün çox maraqlıdır, bəs bizim xarici ölklərdəki səfirliklərmiz, diasporlarımız nə işlə məşğuldur. Hər dövlətdən 5-10 nümayəndə gəlir, onlarla söhbətlər aparmaq, onlara Azərbaycan həqiqətlərini çatdırmaq məgər o qədərmi çətin məsələdir? Şəxsən mən nazir olduğum dövürdə ABŞ-da keçirilən görüşlərdə senatın, konqresin üzvləri ilə söhbətlər aparır, Azərbaycan həqiqətlərini onların diqqətinə çatdırırdım. Yəni o vaxt biz bunu edirdik, bəs indikilər niyə eləmir? Burda çox şübhəli məqamlar var, düşünürəm ki, bunların hamısı zamanında açılacaqdır. Və açığını deyim ki, Azərbaycana qarşı olan hücumların da arxasında bizim içimizdə olan bəzi xəyanətkar qüvvələr dayanır. Elə dövlət məsələləri var ki, onu hakimiyyətdən 4-5 nəfər bilir, amma baxırsan ki, səhəri xaricdən yayılan radio-stansiyalarda həmin məsələlər səsləndirilir. Yəni daxildə də öz vicdanını, şərəf və ləyaqətini itirmiş, məmurlar var ki, dövlət başçısına qarşı ədalətsiz, düzgün olmayan mövqe tuturlar. Onlar elə bilirlər ki, bu cür də davam edə biləcəklər, amma yanılırlar. Şəxsən öz adımdan və rəhbəri olduğum partiyanın adından bəyan edirəm ki, biz buna imkan vermiyəcəyik. Hər zaman dövlətimizin, prezidentimizin müdafiəsində olmuşuq, bu gün də bu mövqedəyik. Düzdür, bəzi qüvvələr çalışırlar ki, bizi də antiAzərbaycançı qüvvələrə qoşsunlar, bu, mümkün deyil. Yəni bizi o antiazərbaycan qruplara dəvət etsələr də, buna gedəsi deyilik. Biz partiya olaraq sonadək öz dövlətçilik möveyimizə, prezidentin siyasi kursuna sadiq olacağıq, Azərbaycana qarşı uzadılan çirkli əllərin oynadığı oyunları pozacağıq.
araz.az xəbər portalı.