“Üçüncü Dünya Müharibəsi başlasa, Rusiya ilk olaraq bu ölkəni vuracaq” — MARİYA ZAXAROVA
Üç ildir davam edən Rus — Ukrayna müharibəsinin yeni bir mərhələyə qədəm qoyması göz önündədir. Ukraynanın ABŞ və Böyük Britaniyaya məxsus raketlərlə Rusiyanı vurması ilə, bölgədə gərginliyin daha da artması hamıya məlumdur. Rusiyanın bu hücumlara qitələrarası ballistik raketlər ataraq, cavab verməsi isə, nəticələrin getdikcə daha da pisləşəcəyinə bir işarədir. Konkret desək, hadisələrin bu tərzdə gedişi hər ötən dəqiqə bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir. Bunu nəinki digər xarici ölkələrin, hətta Rusiyanın özünün tanınan nüfuz sahibi media vasitələri də yazırlar.
Belə xarici mətbuata istinadən araz.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında NATO və ABŞ-nin son on ildə Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə almadan hərbi infrastruktur layihələri həyata keçirdiyini xüsusi qeyd edib. O, bildirib ki, belə bir şəraitdə Rusiya əks tədbirlər görüb və bu tədbirlər çərçivəsində Polşada yerləşən NATO-nun raketdən müdafiə bazası potensial hədəf olaraq müəyyən edilib. O, bu hərbi bazanın “gərəkli olduğu təqdirdə müasir silahlarla zərərsizləşdirilə biləcəyini” vurğulayıb.
Eyni zamanda, Zaxarova Polşa bazasının qurulmasını NATO-nun hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə daha da yaxınlaşdırmağa yönəlmiş “təxribat xarakterli və sabitliyi pozan addım” kimi dəyərləndirib. O, bu addımın strateji sabitliyə zərbə vurduğunu və nüvə risklərini artırdığını bildirib.
Bölgədəki bu tərzdə artan gərginlik beynəlxalq səviyyədə narahatlıqlara səbəb olmaqla yanaşı, münaqişənin daha geniş miqyas alacağı ilə bağlı narahatlıqları da artırır. Bir sözlə, gərginliyin tezliklə son həddə çatacağı artıq bütün dünyaya məlumdur.
Səməndər QURBANOV,
araz.az xəbər portalı.
AKTUAL
Türkiyədə yeni konstitusiya qəbul ediləcək?– Ərdoğan AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. araz.az-ın məlumatına görə, …