mud.jpgBu il 1993-cü il 4 iyun qiyamının müzakirəsi müəyyən dairələr tərəfindən davam etdirilir, xüsusilə həmin dövrün hadisələri təhrif olunmuş formada cəmiyyətə çatdırılır. Bunun fonunda son günlər bəzi müxalifət dairələri “Qarabağın işğaldan azad edilməsi siyasi hakimiyyətin dəyişməsindən keçir”, “Əvvəlcə Bakının alaq, sonra Qarabağı azad edək” kimi təxribat tezislərini gündəmə gətirir. Milli azadlıq hərəkatının fəallarından olan, 1992-1993-cü illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı olmuş, “Şimal Xəbərləri” qəzetinin baş redaktoru, Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Publika.az-a müsahibəsində bildirib ki, 4 iyul qiyamının mütəmadi müzakirəsi və bu müzakirələr fonunda müşahidə olunan proseslər 1993-cü il ssenarisinin Azərbaycanın üzərində yenidən tətbiq edilməsi planlarından xəbər verir.

M.Mehdiyevin 4 iyun qiyamı və Azərbaycan ətrafında baş verən proseslərlə bağlı bir çox gizli hadisələri açıqlandığı müsahibəsini təqdim edirik:

– 1993-cü ilin 4 iyun qiyamı bu il daha çox müzakirə olundu və hələ də bəlli şəxslər tərəfindən sosial şəbəkələrdə, “Youtube” kanalında müzakirəsi davam edir. 26 il öncəki hadisənin bu il daha çox gündəmdə saxlanılmasının səbəbləri nədir?

– Əslində, bu müzakirələr Azərbaycanın ətrafında gedən geosiyasi oyunlarla birbaşa əlaqəlidir. Son 1 ildə Rusiya, İran, hətta Ermənistan, o cümlədən, Qərbdəki dairələr və ABŞ Azərbaycanla bağlı hansısa layihələrə start verdiyi açıq şəkildə hiss olunur. Müşahidə olunan budur ki, müxtəlif partiya rəhbərləri, müxtəlif siyasətçilərin hər biri bir layihənin icraçısı rolunda çıxış edirlər. Kimsə Qərbin layihəsində, kimsə Rusiyanın, yaxud İranın layihələrində iştirakçıdır. Bu baxımdan, müxtəlif mənafelər toqquşur, fikirlər haçalanır. Diqqətçəkən əsas məqam odur ki, müxtəlif siyasi liderlər 1993-cü ildə dedikləri və dünənə qədər üzərində dayandıqları fikirlərin üstündən xətt çəkir, tamam yeni fikirlər ortaya atırlar. Bu şəxslərin çıxışlarında hara meylli olduqları, hansı ölkələrin layihələrində yer aldıqları açıq görünür. Son 1 ildə Azərbaycanın siyasi səhnəsində çox qarışıq situasiya yaranıb. Bu qarışıqlığın içində həqiqətlər də ortaya çıxır. 1990-cı illərdə siyasətə gələn, o dövrün hakimiyyətinə təmsil olunan insanlar Azərbaycan ictimaiyyətini, xüsusilə məlumatsız olan gəncləri çaşdırmağa, ictimai rəyi həqiqətlərdən uzaqlaşdırmağa çalışırlar. Sanki Azərbaycan heç bir müharibə aparmır. Bəzi partiya liderləri Dağlıq Qarabağ məsələsini ikinci plana keçirməyə cəhd göstərir, hakimiyyət məsələsini birinci planda təqdim edirlər. Burada ciddi məqam var. Görünür, onların bu və ya digər formada bağlı olduqları ölkələr, yaxud dairələr də Dağlıq Qarabağ məsələsini Azərbaycan xalqının gündəmindən çıxarmaq və hakimiyyət məsələsinin birinci problem kimi qəbul edilməsində maraqlıdırlar.

– Siz Ermənistanın da bu prosesdə rol ala biləcəyi ehtimalını vurğuladınız.

– Təbii ki, Ermənistanın əsas maraqlarından biri Azərbaycanda xalqın yalnız siyasi hakimiyyət uğrunda mübarizəyə köklənməsidir. Bu, həyata keçirilərsə, ermənilər Qarabağın işğalını beynəlxalq səviyyədə de-yure həll edəcəklər. Diqqət edin, Nikol Paşinyan Xankəndidə Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu bəyan etdi. 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentində bölgənin Ermənistan SSR-yə birləşdirilməsi haqda qərar qəbul edilmişdi. Ermənilər bu qərarı güman ki, bu gün də əllərində saxlayırlar. Bəs niyə indi ortaya atırlar? Hesab edirəm ki, ABŞ-da, Rusiyada, o cümlədən, ATƏT, Avropa Şurası və digər Qərb strukturlarındakı erməni lobbisi Dağlıq Qarabağın Azərbaycan xalqının gündəmində arxa plana keçməsi prosesini həyata keçirməyə çalışırlar və bu gün ölkədə siyasi hakimiyyət məsələsinin Qarabağ münaqişəsindən önə çıxarılması bu prosesin tərkib hissəsi kimi görünür. “Aprel müharibəsi”ndə mənim yaşadığım bölgədə şəhidlərin dəfn mərasimləri olduqca izdihamlı keçirildi və insanlar özləri bu mərasimlərin təşkilatçısı və iştirakçısı idi. Hər kəsin dilində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirildi. Bu gün sanki “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı, Ermənistanın düşmən olması, Dağlıq Qarabağın işğalı faktı arxa plana keçirilir. Bütün bunların fonunda isə Azərbaycanda bəzi müxalifət liderləri Nikol Paşinyanı demokratik lider obrazında təqdim edir, Ermənistanı bizim ölkə üçün nümunə göstərirlər. Paşinyan doğrudanmı demokratdır?! Gümrüdə Rusiya hərbi bazasının olduğu, iqtisadiyyatının 80 faizi Rusiyadan asılı olan və bütün infrastrukturu rusların əlində olan bir ölkənin necə demokratik lideri ola bilər?! O, qondarma liderdir və onun rəhbərliyi indiki vəziyyətə hesablanıb. İndiki vəziyyətdə Ermənistanda Paşinyanın lider olması Rusiyaya sərf edir, çünki ruslar göstərirlər ki, “bizim Ermənistanla müttəfiqliyimiz davam edir, buna baxmayaraq, erməni xalqı istəmədikləri Sarkisyanı devirib, öz demokratik liderlərini seçiblər”. Bu, Rusiyanın Avropanı mat qoymaq gedişidir. Nikol Paşinyan hakimiyyətə gələndən sonra nələr baş verdi? Gürcüstanda Azərbaycana qarşı xoşagəlməz hadisələr yaşandı, gürcü torpaqlarında Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətmiş daşnaka abidə ucaldıldı, Gürcüstan azərbaycanlılarının problemləri çoxaldı, o cümlədən, Keşikçi dağı məbədində törədilən təxribatla Azərbaycanı yeni münaqişəyə cəlb etmək oyunu oynandı. Belə bir şəxsi bir azərbaycanlı siyasətçi, hansı ki, ölkəni idarə etməyə iddia edir, necə demokratik lider kimi bizə nümunə göstərə bilər?!

– Bu prosesdə iki versiya önə çıxır: birincisi, bu siyasətçilər Azərbaycana qarşı oynanılan bu oyundan özlərinin hakimiyyətə gəlmələri üçün istifadə etməyə cəhd göstərirlər, ikincisi, onlar konkret olaraq bu oyunun oyunçularıdır. Hansı daha real görünür?

– Məsələlərə qlobal yanaşmağı təklif edirəm. Hesab edirəm ki, bunu deməyin artıq vaxtı çatıb. Rusiyanın Qafqaz siyasəti davam edir və bölgədə Cənubi Osetiya, Abxaziya, Dağlıq Qarabağ kimi münaqişə ocaqları bu siyasətin uğurla həyata keçirilməsində vasitədir. Rusiya Qafqazı tam nəzarətə götürmək istiqamətində irəliləyir. Ermənistan əvvəl olduğu kimi bu gün də Rusiyanın Qafqaz siyasətini həyata keçirən əsas ölkədir. Bütün prosesin ana xətti budur. Azərbaycanda bu dairələrin tezisini gündəmə gətirən siyasətçilərin birbaşa bu oyunda iştirak etdiyini dəqiq deyə bilmərəm, lakin görünən mənzərə ehtimal yaradır ki, onlar bu və ya digər formada Azərbaycan dövlətinə qarşı olan prosesdə iştirak edirlər.

– Siz Elçibəy hakimiyyətində Xaçmaz rayonun icra başçısı işləmisiniz və həmin proseslərin canlı şahidisiniz. Həmin vaxt vəziyyət necə idi?

– Birmənalı şəkildə tarixi faktları açıqlayacam. Təəssüf ki, 4 iyun qiyamı ilə bağlı sosial şəbəkələrdə, internet telekanallarında təhrif olunmuş məlumatları ictimaiyyətə sırımağa çalışırlar. Artıq insanlar həqiqəti bilməlidir. 1993-cü il 4 iyun qiyamı Rusiyanın Azərbaycanı işğal etmək planı idi. Hakimiyyətdə Elçibəyin, yaxud digərinin olmasından asılı olmayaraq, bu, həyata keçiriləcəkdi. Böyük dövlət oyunu ilə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin, parçalanmasının, yaxud Ermənistan kimi ölkəyə çevrilməsinin qarşısı alındı. Həmin dövrdə baş verənlərə görə həmin komandada olanlar, o cümlədən, Xaçmaz rayonunun rəhbəri kimi mənim özüm də məsuliyyət daşıyıram. Lakin məsuliyyət daşıyanlar bu gün ictimaiyyətə yanlış informasiyalar ötürürlər. 4 iyun qiyamı Azərbaycanın işğalı ilə nəticələnməli idi, lakin bu plan pozuldu. İndi Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəlin bu prosesdə iştirakı haqda ittihamlar irəli sürülür. Xeyr, Dəmirəl Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün həyata keçirilən böyük dövlət oyunun iştirakçısı idi.

– Böyük dövlət oyunu adlandırdığınız prosesdə kimlər iştirak edirdi?

– Elçibəy, Heydər Əliyev və digərləri, o cümlədən, Türkiyə. Elçibəylə Heydər Əliyev məhz bu dövləti qorumaq məqsədilə birgə hərəkət etdilər. O dövrdə Elçibəy prezident idi, Heydər Əliyev isə Naxçıvanda olsa da, respublika üzrə nüfuzu olan şəxs idi. Rusiya planını həyata keçirməyə başlayanda təbii ki, bu faktorları nəzərə almışdı və hakimiyyətə öz adamlarını gətirməyi düşünürdü. Məhz o vaxt Azərbaycanda ciddi siyasi oyunlar başlandı. Elçibəy, Heydər Əliyev və digər milli qüvvələr gördülər ki, Azərbaycanın dövlət müstəqilliyi parçalanacaq, bunun qarşısını almaq üçün birgə hərəkət etdilər. Elçibəy də hakimiyyəti məhz bu planın qarşısını almaq üçün Heydər Əliyevə təhvil verdi. Xatırlayın, Heydər Əliyev Ali Məclisinin ilk iclasında çıxışı zamanı bəyan etdi ki, “Azərbaycanın müstəqilliyi əbədi olacaq”. O, bunu təsadüfi demirdi.

– Hadisələri bir qədər də açmağınızı istəyirəm.

– O zaman tarixə qayıdaq. 1992-ci ilin noyabr-dekabr aylarından başlayaraq, ölkədə vəziyyət gərginləşdi. Qarabağda da döyüşlər gedirdi. Rusiya və İran tərəfindən Elçibəyi ram etmək üçün müxtəlif yollara əl atılırdı. Elçibəy milli ideologiyaya sahib adam idi, təəssüf ki, onun ətrafındakı şəxslər öz şəxsi oyunlarını oynayırdılar.
1993-cü ilin yanvar günlərindən biri idi. Axşam saatları olardı, icra başçısı kimi xidməti maşınımda Yalamada Xanoba istiqamətində sərhədi yoxlamağa gedirdim. Qəfil qarşımıza “QAZ-24 “avtomobili çıxdı, mən şübhələndim və sürücüyə göstəriş verdim ki, qarşısını kəssin. Maşını dayandırada mən düşdüm, “QAZ”24-dən də bir polkovnik düşdü. Özünü təqdim etdi: Rusiyanın Dağıstanda sərhəd qoşunlarının komandiri idi. Soruşdum ki, maşında yenə kimsə var? Bildirdi ki, maşına toxunmayın, yaxınlaşmayın. Əvvəlcə bir sualına cavab verməyimi xahiş etdi.

“Biz burada qonağıq, yoxsa girov olacağıq” deyə soruşdu. Mən onların məqsədini öyrənmək üçün bildirdim ki, qonaqsınız. Onları qonaq etmək üçün Xudat-Yalama yolunun sağ tərəfində Fazenda adlı restorana dəvət etdim. Qarşıda bizim maşın, arxada onların maşını getdik. Maşında olanda “ratsiya” ilə rayonun güc strukturlarının rəhbərlərini də ora çağırdım. Restorana çatanda polkovnik maşının arxa qapısını açdı, maşından hərbi geyimli general-leytenant düşdü və özünü təqdim etdi: Rusiya ordusunun Cənubi Qafqaz dairəsinin baş qərargah rəisinin birinci müavini. Təəccübləndim, rus generalının bizim ölkədə nə işi var idi?! Hər şeyi öyrənmək üçün restoranda məclis təşkil etdik. Həmin general məclisin yarısında məni kənara çəkib 40 dəqiqə söhbət etdi. Onun mənə dediklərini yazıb saxlamışam və olduğu kimi təqdim edirəm:

Ermənistan Qafqazdakı demokratik hərəkatlara xəyanət edəcək.

Bunu o dövr üçün bildirirdi və müsahibənin əvvəlində dediyim “Paşinyan yalançı demokratdır” fikri bununla təsdiqini tapır.

– Gürcüstanı içəridən dağıdacağıq.

– Abxaziya, Cənubi Osetiya məsələsində bu baş verdi.

– Azərbaycandakı daxili qüvvələrin köməyi ilə öz adamlarımızı hakimiyyətə gətirib, ölkənizi ələ keçirəcəyik. Mövcud hakimiyyətin (Elçibəyi nəzərdə tutur) artıq heç bir şansı qalmayıb. Sizinlə haqq-hesabı çəkdikdən sonra Naxçıvandakıların da sonu çatacaq.

General bu sözləri mənə deyəndə içkili vəziyyətdə idi. Mən daha sonra onları köhnə Xudat kəndindəki ata evimə dəvət etdim, gecə yarısı orada da ziyafət təşkil etdik. Ziyafətdə general qəfil ayağa qalxdı və gələcək SSRİ-nin sağlığına badə qaldırdı. Mənə də müəyyən təkliflər etdi, guya artıq məsələ həll olunub, onların tərəfinə keçməyim məsləhətdir. Bəzi detalları dövlətçilik baxımından açmaq istəmirəm, nəticədə bu hadisələr və əldə etdiyim məxfi informasiyalarla bağlı müvafiq qurumlara məlumat verdim. 1993-cü ilin may ayında isə Qusar icra hakimiyyətinin mərhum başçısı mənə xəbər göndərdi ki, Rusiyanın səfiri Volter Şoniya Qusarda Qarabulaqdadır, mənimlə də görüşmək istəyir. Ora getdim. Müavini İqor Vasiliyeviç də orada idi, yoldaşı da erməni idi. Süfrə arxasında səfir mənə açıq şəkildə bildirdi ki, guya biz “etnik azlıqlarla pis rəftar edirik və bunun cəzasını çəkəcəyik. Biz ya Rusiyanın nüfuz dairəsini qəbul etməliyik, ya da şimaldan ikinci cəbhəni açacaqlar”. Onu da bildirdi ki, Elçibəyi Rusiyanın Minsk qrupundakı həmsədri Vladimir Kazimirovu aşağı ranqlı rəsmilər tərəfindən qəbul etdiyi üçün bağışlamayacaqlar. Şerbak Gəncədən çıxarıldığı üçün də cavab verməli olacağıq. İndi bəzi siyasətçilər Şerbakı, Rusiyanın o vaxtı müdafiə naziri Qraçovu Azərbaycan xalqının dostu adlandırırlar, guya bizə çoxlu sayda silah veriblər. Bunlar ya tarixi unudublar, ya da məqsədli şəkildə oyun aparırlar. Bu nə əxlaqdır, hansı siyasi əqidədir?! Həmin masada səfir məni Şerbakla hədələdi, bildirdi ki, Elçibəyi devirəcəklər, nə qədər gec deyil, onlar tərəfə keçim. Mən detalları yenə açmıram, çünki lazımi informasiyaları dövlətə təqdim etmişəm.

Onu da qeyd edim ki, 4 iyun qiyamı ərəfəsində Volter Şoniya tez-tez Dağıstana gedirdi. Orada separatçı qüvvələrlə görüşür, hərbi hissələrdə olurdu. Eyni zamanda İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları da vaxtaşırı Dağıstana gedirdilər. Hətta bizdə belə bir məlumat var idi ki, V.Şoniya qonşu respublikadakı Azərbaycanla həmsərhəd olan rayonların birində saunada məxfi görüş keçirib. Çoxları elə bilir ki, Azərbaycandan çıxan rus qoşunları öz dislokasiya yerlərinə qayıdırdılar. Lakin belə deyildi. Bəzi qoşun hissələri Azərbaycanla həmsərhəd ərazilərdə mövqe tutmuşdular, “İrəli” komandasını gözləyirdilər.

– 1994-cü ilin oktyabr hadisələri də bu prosesin davamı idi?

– Bəli, bu 4 iyun qiyamının ikinci hissəsi idi. Rusiya istədiyinə nail ola bilmədi, Bakı-Tbilisi-Ceyhan xətti də çəkildi. Nə baş verdi həmin vaxt? Sürət Hüseynov “Respublika” qəzetində BTC-nin əleyhinə çıxışlar etməyə başladı, Heydər Əliyevə qarşı çıxdı. 1994-cü ilin sentyabrında Bakıda Kənd Təsərrüfatı Nazirliyinin binasında xüsusi qərargah yaradılmışdı. Mən bunun canlı şahidi olmuşam. Məni dəvət etdilər, bir nəfərin xahişi ilə ora getdim. Mənə bildirdilər ki, ailəmi təcili şəkildə Bakıdan çıxarım, çünki Bakını qan gölünə çevirmək bahasına olsa da Heydər Əliyevi devirəcəklər. Mən orada mübahisə etdim, bildirdim ki, heç nəyə nail ola bilməyəcəksiniz. Mənə dedilər ki, sizlər 4 iyunda etdiyiniz xəyanəti indi də edirsiniz. Heç nə edə bilmədilər, prosesdə iştirak edənlər həbs olundu.

– Maraqlıdır, niyə vaxtilə Elçibəyin yanında olmuş şəxslər bu gün 4 iyun qiyamı məsələsində Heydər Əliyevin adını hallandırır və Elçibəyi ittiham edirlər?

– Çünki məhz Heydər Əliyevə, Elçibəyə və digər milli insanlara görə Rusiyanın bu planı baş tutmadı və bu gün onlardan qisas alınır.

– Yəni proses yenidən dövriyyəyə salınıb?

– Əsas məqam da budur. Hadisələrin analizi göstərir ki, 4 iyun qiyamı və bu qiyamın sonrakı mərhələlərində edə bilmədiklərini yenidən təkrarlamaq istəyirlər. Diqqət edin, 1993-cü ilin ssenarisi bu gün Azərbaycana qarşı yenidən işə salınıb.

1. Elçibəy təhqir olunur, Heydər Əliyevin bu qiyamda iştirakı haqda iddialar sərgilənir. Məqsəd milli qüvvələri gözdən salmaqdır. Bu bir kampaniyadır. Bu kampaniyanı vaxtilə Elçibəyin yanında olan adamlar aparırlar. Hərçənd, bu adamların belə ittihamlar irəli sürməyə nə mənəvi, nə də siyasi haqları çatır. Bu kampaniyanın nəticəsində milli qüvvələr gözdən salınacaq və milli hərəkatın liderliyi 1993-cü ildən indiyə qədər Azərbaycana xəyanət etmiş insanların obrazında yaradılacaq.
2. Bu şəxslər sosial şəbəkələrdə, internet telekanallarında Sürət Hüseynovu və dəstəsini, o cümlədən, Rəhim Qazıyevi mütəmadi gündəmə gətirir, onları təbliğ edirlər, az qala onları milli qəhrəman kimi göstərirlər.
3. Şerbakın, Qraçovun təbliğatı aparılır, onlar dost elan edilirlər.
4. Və ən əsası etnik azlıq məsələsi gündəmə gətirilir, onların haqları mütəmadi olaraq müzakirə edilir.

Plan budur: 1993-cü ildə olduğu kimi Azərbaycanda separatizmi yenidən aktivləşdirmək və hakimiyyət çevrilişinə nail olmaq. Son iki ayda şimal bölgəsindən Azərbaycana qarşı həmlələr müşahidə olunur. Yaxın günlərdə Dağıstanda olmuşam və əldə etdiyim informasiyaya görə, qonşu ölkələrdən Azərbaycana qarşı xüsusi həmlələrə start verilib. Plana görə, Avropadan bəlli adamlar sosial şəbəkələr üzərindən ictimai rəyi yönləndirəcəklər, şimaldan və cənub bölgəsindən isə aktiv sıxışdırılma həmlələri başlanacaq. Bakıda siyasi böhran yaratmağa cəhd göstərəcəklər. Cəbhədə isə hərbi gərginlik artırılacaq.

– O zaman Qurban Məmmədovun “Azərifreedom” kanalında Əlikram Hümbətova qardaş deməsi, faktiki olaraq, separatizmi körükləməsi bu planın tərkib hissəsidir?

– Qurban Məmmədovu o dövrdən tanıyıram, o da məni yaxşı tanıyır. Son günlər Azərbaycanın talış vətəndaşları üzərindən oynamağa çalışdığı müşahidə olunur. Deyir ki, Lənkəranda talış vətəndaşlarımıza mədəni haqlar verilməlidir. Bir məsələni xatırladım. Elçibəy etnik azlıqların hüquqları ilə bağlı fərman imzalamışdı və biz hakimiyyətdə olanda bununla bağlı müəyyən işlər gördük. Amma necə oldu ki, Əlikram Hümbətov cənubda, Sadval şimalda separatizmə başladılar, dövləti parçalamağa çalışdılar. Məntiqlə onların istədiyi mədəni hüquqlar fərmanla qüvvəyə minmişdi və separatizmi kənara qoyub, verilən haqlardan istifadə etməli idilər, amma bunun əksi oldu. Deməli burada məsələ hüquq deyil, siyasi oyunların oynanmasıdır. Bu gün Azərbaycanda hansısa ayrı-seçkilikdən danışmaq absurddur. Milli kimliyindən aslı olmayaraq, bütün azərbaycanlılar Konstitusiya ilə bərabər hüquqa malikdir. Bu gün parlamentdə, o cümlədən, müxtəlif dövlət qurumlarında nə qədər belə vətəndaşlarımız çalışır. Vaxtilə Sumqayıta və Gəncəyə rəhbərlik etmiş, bu gün isə Bakının meri olan insan əslən Qusardandır. Onlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçiblər. Hansı ayrı-seçkilikdən söhbət gedə bilər?! Hansısa satqın Azərbaycanın heç bir vətəndaşının hüquqlarından danışa bilməz. Vaxtilə Heydər Əliyevin müraciəti əsasında cənub bölgəsindəki vətəndaşlarımız separatçı Əlikram Hümbətovu daşlqalaq etdi, amma bu gün Qurban Məmmədov Hümbətova “qardaşım” deyir, belə yanaşma ölkədə qarşıdurma yaranmasına səbəb ola bilər. Maraqlı bir detalı açıqlayım. Qurban Məmmədovun kanalında ABŞ-da yaşayan Əli İbadov adlı separatçıya beynəlxalq ekspert adı ilə tribuna verildi. Bu şəxs hətta talış dilində çağırışlar da etdi. Dəhşətlisi odur ki, özlərinə siyasətçi deyən bu şəxslər Əli İbadov kimi TIR sürücüsünün məsləhətləri ilə hərəkət etdilər və bir neçə aksiya keçirməyə cəhd göstərdilər. Mən Qurban Məmmədovu tanıyan bir şəxs kimi ona demək istəyirəm ki, öz keçmişinin üstündən xətt çəkməsin. Çünki onun fəaliyyətinin sonu bu olacaq. Onlar nə etmək istəyirlər, Ermənistanın hərbi-siyasi rəhbərliyinin, erməni xüsusi xidmət orqanlarının Azərbaycanda həyata keçirmək istədikləri planlara alətmi olurlar?! Mənim nə demək istədiyimi onlar yaxşı başa düşəcəklər.

Elan etdilər ki, AXH Rusiyanın bütün bölgələrində azərbaycanlıları təşkilatlandırmağa başlayıb. Rusiyada Azərbaycan Konqresinin fəaliyyətinə imkan verilmir, Dağıstanda azərbaycanlılarla bağlı ən xırda məsələ polisin, federal xidmətin nəzarətindədir, necə olur ki, Azərbaycan dövlətinin əleyhinə olan hərəkatlara belə şərait yaradılır, onlar kimin xeyir-duası ilə bunu edirlər? Bu suallara cavab versinlər. Çünki bu faktın özü Azərbaycana qarşı 1993-cü ilin ssenarisinin yenidən tətbiq edilməsi cəhdini bir daha gün üzünə çıxarır. Elə etməsinlər ki, biz milli qüvvələr onlara qarşı hərəkətə keçək. İqtidarla siyasi mübarizəni apara bilərsən, seçkidə alternativ qoya bilərsən və s. Amma iqtidar mübarizəsi adı altında Azərbaycan dövlətinə qarşı məkrli oyunlarda alət olmaq, dövlət müstəqilliyini təhlükə altına atmaq qəbul edilməzdir. Onsuz da bu şəxslərin belə bir şey etməyə potensialı yoxdur, lakin faktiki olaraq, belə planlarda yer alırlar, cəmiyyəti çaşdırmağa, manipulyasiyalar etməyə cəhd göstərirlər. Buna imkan verilməyəcək.

– Bu dairələrin apardığı əsas təbliğatlardan biri də budur ki, 1988-ci ildə başlanan milli azadlıq hərəkatı bitməyib, bu gün də davam edir. Həmin hərəkat SSRİ-yə qarşı idi, indi kimə qarşıdır? Və bunun fonunda Mahmudəli Çöhraqanlının aktivliyi də diqqətdən yayınmır.

– Məqsəd dediyim kimi, Elçibəyin timsalında milli qüvvələri aşağılamaq və xalq hərəkatının yeni “liderləri” olmaqdır. Unutmamalıyıq ki, bu, xarici layihələrin tərkib hissəsidir. Çöhraqanlı özünü Azərbaycanda milli hərəkatın əsas lideri kimi aparır, bütün fəaliyyətini Azərbaycanda hakimiyyətə qarşı mübarizəyə sərf edib, Heydər Əliyevə qarşı çıxır, onunla yanaşı, Babək Əsgəri Qurban Məmmədovun kanalında Azərbaycanda kimlərəsə qarşı ittihamlar irəli sürür, alt qatda Elçibəyi aşağılayaraq, onun statusunu öz üzərinə götürərür, özünü onun davamçısı kimi göstərir. Sual yaranır, İranda 40 milyona yaxın azərbaycanlının haqları tapdalanır, niyə Çöhraqanlı, Babək Əsgəri oradakı azərbaycanlılardan danışmır, onları təşklatlandırmır və inqilaba səsləmir. Əvəzində Azərbaycan Respublikasındakı siyasi prosesləri gündəmə gətirir. Niyə onların çıxışlarında İranın dini ali liderlərinin adları çəkilmir, amma Azərbaycanın mərhum və indiki prezidentlərinin adları çəkilir. ABŞ-ın İran planları fonunda bu təsadüfi deyil. Görünən budur ki, indiki məqamda Azərbaycanda siyasi prosesləri qabartmaq, burada hər-hansı siyasi qarışıqlığın, yaxud digər hadisələrin yaşanması ilk növbədə İrana sərf edir. Çünki belə hadisələr diqqəti İrandan yayındıra bilər. O zaman bu, Çöhraqanlının, Babək Əsgərinin Azərbaycan hakimiyyətini hədəf seçməklə diqqətin İrandan yayındırılması planına xidmət etdiyi ehtimalını önə çıxmırmı?! Bütün bunları soyuq başla analiz etmək lazımdır və o zaman ortaya ciddi nüanslar çıxacaq.

– Çöhraqanlı iddia edir ki, 4 iyun qiyamı zamanı Elçibəyi, ümumilikdə dövlət maraqlarını müdafiə edən olmadı. Bu barədə nə deyə bilərsiniz?

– Bu, yalandır. 4 iyun qiyamından sonra Nabrandakı daxili qoşunların batalyonu Xaçmaz şəhərinə cəlb edildi, icra hakimiyyətinin binası iri tonnajlı maşınlarla mühasirəyə alındı. Qərar bu idi ki, hakimiyyəti qiyamçılara təhvil vermirik. Bundan sonra Xaçmazdakı və ətraf rayonlardakı polis qüvvələri Zarat postuna apardıq. Postdakı binada qapalı toplantı oldu, həmin tədbirdə qərar verildi ki, qiyamçıların qarşısı qarşıdurma olsa belə alınsın. Bu tədbirdə mən siyasi rəhbər seçildim, DTK-nın Xaçmaz rayon şöbəsinin rəisi, qiyama qarşı qətiyyətli mövqe tutan Sədyar Abbasov hərbi və kəşfiyyat məsələləri üzrə rəhbər seçildi. Toplantı bitdikdən sonra postda şübhəli bir yük maşını yaxınlaşdı, Sədyar Abbasov maşındakı kapitanı aşağı düşürüb sorğu-sual etdi, kapitan dedi ki, Qubanın Təngəaltı ərazisinə gedirik. Maşına baxış zamanı heyrətə gəldik. Yük yeri avtomatlarla, silah-sursatla dolu idi. Kapitan bildirdi ki, onun tabeliyində olan bir qrup əsgər artıq Təngəaltıdadır, bu silahlar da onlar üçün aparılır. Sorğu-sual zamanı etiraf etdi ki, Rövşən Cavadova məxsus dəstədir, silahlar da onlar üçündür. Problemi yoluna qoyduq, onların işi alınmadı. Bundan sonra Giləziyə doğru irəlilədik, yüzlərlə polis səngər qazıb mövqe tutdular. Məqsədimiz bu idi ki, Bakıya qədər irəliləyək, Prezident sarayı və Nazirlər Kabinetinin mühafizəsini həyata keçirək. Dəhşətlisi o idi ki, həmin vaxt Prezident Aparatında danışa biləcəyimiz heç kim yox idi, bunları şəxsi təşəbbüsümüzlə etmişdik. Bu hadisələr Elçibəyin Kələkiyə getməsindən bir gün öncə olub. Bir gün sonra məlumat yayıldı ki, Elçibəy naməlum istiqamətə gedib, Kələkidədir. Qüvvələri geri çəkib yenidən icra hakimiyyəti tərəfinə gəldik. Respublikada vəziyyət sabitəşməyənə qədər bir kənar adamı dövlət strukturlarına yaxın buraxmadıq, bölgədə vəziyyəti nəzarətdə saxladıq. Heydər Əliyev hakimiyyətə gələndən bir neçə ay sonra rayonda hakimiyyət qanuni yolla təhvil verildi. Bir məsələni də vurğulayıb ki, Heydər Əliyevə qarşı 4 oktyabr qiyamı zamanı rayon prokurorluğu ilə əlaqə saxladım və açıq şəkildə bildirdim ki, mövcud milli qüvvələrlə ölkədə qanuni iqtidarı müdafiə etməyə hazırıq. Ana məqsədimiz həmişə Azərbaycan dövlətçiliyinin qorunması olub. İndi hadisələri bilməyən adamlar yalan iddialar irəli sürürlər.

– Son olaraq, Avropada Azərbaycana qarşı söyüşlə aparılan kampaniyaya münasibətinizi bilmək istəyirik.

– Mən bu söyüş kampaniyalarına bir neçə dəfə münasibət bildirmişəm. Yenə təkrarlayıram. Biz Azərbaycan xalqına qarşı soyqırımılar törədən ermənilərin ailələrinə belə söyməmiş, onlar haqqında nalayiq ifadələr işlətməmişik. 20 Yanvarda Bakıda əliyalın insanları qıran Qorbaçovun arvadı Raisaya qarşı bir dəfə belə ağır ifadə işlətməmişik. Bu gün siyasi mübarizəyə ailəni qarışdırmaq, kimlərinsə həyat yoldaşına, qızına qarşı nalayiq ifadə işlətmək nə kişiliyə, nə mərdliyə, nə də əxlaqa sığan məsələdir. Mən o söyüş söyənlərə demək istəyirəm ki, efirdə dilə gətirdiyiniz o sözləri öz ailələrinizin yanında işlədin. Məncə bu, onlara kifayətdir. Bu kampaniyalar ilk növbədə Azərbaycan müxalifətinin əleyhinədir. Çünki belə görünür ki, 27 illik siyasi mübarizələrində yeganə dəyişiklik söyüş söymək olub. Bunu bəzi müxalifət liderləri düşünməlidir. Məsələləri bir daha dərindən araşdırmalıdırlar. “Ölkə parçalansın, küçələr qan gölünə çevrilsin, nə olursa, olsun, təki mən hakimiyyətə gəlim” tezisini bu xalq qəbul etməyib, etməyəcək də. Azərbaycan müharibə aparır, bu yaxınlarda bir keçmiş hərbçi səviyyəsiz kanalların birində efirə çıxıb deyir ki, inqilab günü cəbhədə mövqeləri tərk edin, əvvəlcə Bakını alaq, sonra Qarabağı alarıq. Bu, hansı məntiqdir, kimə xidmət etməkdir?! Belə bir tezisi ortaya atırlar ki, Qarabağın azadlığı demokratik hakimiyyətin qurulmasından keçir və tez-tez Saakaşvilini misal çəkirlər. Saakaşvili Gürcüstanda müəyyən problemləri həll etdi, sonra gürcü torpaqları olan Abxaziyaya, Osetiyaya hücum etdi. Cəmi 72 saat dözə bildi və nəticə etibarilə, bu əraziləri birdəfəlik itirdi. Ukraynada da eyni ssenari oldu. Burada demokratiyanın bütün bu məsələlərə heç bir aidiyyəti yoxdur. Bunlar Azərbaycana nəyi sırımaq istəyirlər? Özünü siyasi lider adlandıran şəxs xalqa müxtəlif yanlış və təhrif olunmuş fikirləri sırımamalı, xalqın iradəsinə tabe olmalıdır.

Asif Nərimanlı

araz.az xəbər portalı.