RAYONUN RƏHBƏR ŞƏXSLƏRİNİN ÇİRKİN ƏMƏLLƏRİ, PREZİDENT SƏRƏNCAMI İLƏ YARADILAN “DOST”-U DA, İŞSİZ UCARLILARIN DÜŞMƏNİNƏ ÇEVİRİB
Ucar rayonunun rəhbər vəzifəli şəxsləri daha bir korrupsiya şəbəkəsi yaradıblar. Onlar, işsizliyin aradan qaldırılması məqsədi ilə, ölkə başçısının sərəncamıyla bu yaxınlarda yaradılan “DOST” İş Mərkəzi MMC-nin adını da korrupsiya çirkabına bulaşdırıblar. Pul hərisi olan kreslo sahibləri bu cavan qurumun xəttiylə, adları rayon sakinlərinə məlum olmayan yüzlərlə şəxsin adını belə idarə və müəssisələrə işə yazdırıb, maaş kartlarını ciblərinə qoyaraq, bu yolla da dövlət vəsaitini talan etməkdən çəkinmirlər. Nəticədə, illərdi işsiz qalan rayon sakinləri, cəmiyyətin ən ağrılı probleminə çevrilən səfalət, aclıq və yoxsulluq girdabından çıxa bilmirlər.
Bir qrup ucarlı tərəfindən araz.az xəbər portalının redaksiyasına ünvanlanan şikayət xarakterli müraciət də, elə, bu biabırçılıq barəsindədir. Həmin şikayət məktubunda göstərilən tükürpədici korrupsiya faktlarını Kənan Kərim oğlu Əliyev, Ramazan Fəttah oğlu Məmmədov, Səmayə İsa qızı Quliyeva, Məleykə Nazim qızı Qədirova, Vaqif Nüsrət oğlu Abdullayev, Könül Usub qızı Əliyeva, Xasay Akim oğlu Məmmədov, Dünya Kamil qızı Cəbrayılova, Ofeliya Mahmud qızı Tağıyeva, Tahir Paşa oğlu Orucov, Fariz Əlimusa oğlu Hüseynov, Fatimə Qulu qızı Kərimova, Hüseyn Babaəli oğlu Paşayev, Lazım Nazim oğlu Gülalıyev, Səxavət Yaqub oğlu Məmmədov, Bəşir Qurban oğlu İsmayılov, İntiqam Oruc oğlu İbrahimxəlilov, Nisə Xəlil qızı Hüseynova, İradə Məmməd qızı Ələkbərova, Böyükağa Abdulla oğlu Rəhimov, Təranə Fətəli qızı Vəliyeva, Şahin Mənsim oğlu Səmədov, Cəlil Mahir oğlu Kamilov, Cavid Gülağa oğlu Qasımov, Sədaqət Mirağa qızı Əliyeva və başqaları öz imzalarıyla təsdiq ediblər.
Müəlliflər öz müraciətlərində, öncə, ölkədə böyük problemə çevrilən işsizliyin aradan qaldırılması üçün, prezident İlham Əliyevin sərəncamlar imzalayıb, bu məqsədlə vacib işlərin görülməsinə öz ciddi göstəriş və tapşırıqlarını verdiyini xüsusi vurğulayırlar. Qeyd edirlər ki, “DOST” İş Mərkəzi MMC də, elə, bu məqsədlə yaradılıb: “Dövlət rəhbəri öz sərəncamı ilə bu qurumu ona görə yaratdı ki, ölkənin ayrı-ayrı regionlarının işsiz əhalisi də işlə təmin olunsun. Heç olmasa ailə başçıları əməkhaqqı alıb, axşam evlərinə üzüağ gedə, uşaqlarını normal dolandıra bilsinlər. Ancaq Ucar rayonunun rəhbər vəzifəli şəxsləri bundan da sui-istifadə edib, qatı cinayət əməli olan saxtakarlıq və talançılıq etməkdən qorxmadılar Bütün bunlar, sonda, ictimaiyyət arasında kütləvi narazılıqların yaranması ilə nəticələnir. Vəzifə sahiblərinin maddi maraq və şəxsi mənafe naminə törətdikləri belə biabırçı əməllər, artıq, “DOST”-a da kasıb, işsiz insanların düşməni “donu geydirib”.
“DOST” İş Mərkəzi MMC-nin xətti ilə, Ucar Rayon Kommunal Müəssisələri Kombinatına bu il 540 nəfər, bölgənin digər idarə və müəssisələrinə isə, 300 nəfər işə qəbul olunub. Onların yalnız 30-40 nəfəri havadarları olmayan zəhmətkeş işçilərdir. Gündəlik Kombinata işə gələnlər də, yalnız onlardır. Qalan 500 nəfərin isə, işə gəldiklərini heç kəs görməyib. Onlar hər ay aldıqları əmək haqqının 100 manatını vəzifəli şəxslərə haqq kimi verirlər. Hətta həmin işçilərin əksəriyyəti aylarla Azərbaycandan kənarda — Rusiyada və digər xarici ölkələrdə olurlar. Xaricdə yaşasalar da, onların adlarına hər ay əməkhaqqı yazılır və həmin əməkhaqqının yarısı rəhbərliyə çatır. Bu isə, qanunlarımıza görə, ən ağır korrupsiya cinayət əməlidir. Bunu subut etməyin isə, çox asan və sadə yolu var. Belə ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə, Ucar rayon Kommunal Müəssisələri Kombinatında işlə təmin olunmuş şəxslərin adları olan siyahını, Dövlət Sərhəd Xidməti vasitəsi ilə, hər an yoxlatmaq mümkündür. Bu vaxt tam subut olunacaq ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə, Ucar rayon Kommunal Müəssisələri Kombinatında işlə təmin olunmuş şəxslərin əksəriyyəti respublikadan kənardadırlar. Buna baxmayaraq, onların adları gündəlik işdə gedir və hər ay adlarına maaş yazılır. Həmin şəxslərin hansı tarixdən ölkəni tərk etmələri və həmin tarixlərdə adlarına əməkhaqqının necə yazılması ciddi şəkildə, obyektiv yoxlanılmalıdır. Bundan sonra isə, adı işdə gedən həmin şəxslərin özlərinin respublikadan kənarda, “KapitalBank” ASC-nin bankomatları vasitəsi ilə, hər ay maaş almalarının mümkünlüyünə ciddi fikir verilməlidir. Bu, bir daha sübut edəcək ki, həmin şəxslərin maaş kartları vəzifə sahiblərinin ciblərindədir. Belə olan halda, dövlət büdcəsini talan edən vəzifəli şəxslərin cinayət əməlləri də tam subut olunacaq.
Ən dəhşətlisi odur ki, rayonun digər idarə və müəssisələrinə işə qəbul olunan digər 300 nəfər “işçini” isə, indiyədək heç kəs tanımır, maaş kartları isə, daha səlahiyyətli vəzifə sahiblərinin ciblərindədir. Bu da ona dəlalət edir ki, bu yöndən olan bütün cinayətləri Ucarın idarə və müəssisələrinin başçıları, rəhbər şəxslərlə əlbir olaraq törədirlər. Bu işdə onlara şərait yaratdıqlarına görə, talan etdikləri külli miqdarda dövlət vəsaitini isə, aralarındakı razılıq şərtlərinə uyğun bölürlər.
Bəli, əsas mahiyyəti talançılıq olan bu cinayətin başında rayonun rəhbər vəzifəli şəxslərin dayandıqları danılmazdır. Hətta “DOST” İş Mərkəzi MMC-nin direktoru Niyazi Rəhimov da bütün bunlardan xəbərdardır. Talançılıq yolu ilə əldə olunan külli miqdarda vəsaitin müəyyən hissəsi ona da ötürülür deyə, o, bu barədə heç bir tədbir görmək istəmir.
Cənab prezidentin “DOST” İş Mərkəzi MMC-ni yaratmaqda məqsədi, işsiz kasıb təbəqəni işlə təmin etmək idi. Ancaq Ucar rayonundakı korrupsioner məmurlar isə, bu humanist siyasətin qarşını alaraq, kasıb təbəqənin haqqını mənimsəyib, dövlət vəsaitini talan etməkdən qorxmurlar. “DOST”-un xətti ilə, 540 nəfər ucarlının bu böyük müəssisəyə işə qəbul olunması, lakin onlardan 30-40 nəfərin gündəlik işə çıxması əsl biabırçılıq deyilmi?! Axı, hamı yaxşı bilir ki, rayon əhalisinin əksər hissəsi işsizlikdən əziyyət çəkir, yoxsulluq həddinin yüksək olması çoxdan rayonda arzuolunmaz bir mühit yaradıb”.
Müraciət müəllifləri onu da bildirirlər ki, adları işçi kimi yazılıb, özləri işə çıxmayan, hətta xaricdə yaşayan şəxslərin çoxu vəzifəli şəxslərin qohum və tanışlarıdır. Gündəlik işə çıxanlar isə, ailəsini dolandırmaq üçün, min cür əzab-əziyyətə qatlaşmağa hazır olan zəhmətkeş ucarlılardır: ” “DOST”-un xətti ilə, Ucar rayon Kommunal Müəssisələri Kombinatına kimlikləri yoxlanılmadan işə qəbul olunan 540 nəfərin adının işə yazılmasında, rayon Məşğulluq Mərkəzi də böyük günah sahibidir. Uzun müddət adları rayonun Məşğulluq Mərkəzindəki iş axtaranların siyahısında qeydiyyata alınan şəxslərin işlə təmin olunmasında belə, bu mərkəz maraqlı olmadı. Adları iş axtaran kimi qeydiyyata alınmayan şəxslər isə, bir zənglə dərhal “işlə təmin olundular”. Bu biabırçılığı isə, rəhbər vəzifəli şəxslər törətdilər. Bu yerdə, təkzibolunmaz bir cinayət faktını da diqqətinizə çatdırmaq istərdik: “DOST”-un xətti ilə, Ucar rayon Kommunal Müəssisələri Kombinatına işə qəbul olunanların siyahısında bir imkanlı ailənin 4 nəfər üzvünün də adları var. Lakin həmin şəxsləri, bir gün də olsa, işdə görən olmayıb. İşə gəlməsələr belə, adlarına daha çox maaş yazılanlar da, elə, onlardır.
Əlimizdə olan çoxsaylı belə faktların yoxlanılmasına zərurət var. Camaat çox istəyir ki, bu cinayət faktlarına görə, əlaqədar dövlət qurumları araşdırma aparsınlar; Belə daha yaxşı olar və günahkarlar layiq olduqları cəzalarını alarlar. Onu da deyək ki, rayon sakinləri “DOST” İş Mərkəzi MMC-nin xətti ilə, Ucar rayon Kommunal Müəssisələri Kombinatına, eləcə də digər idarə, müəssisə və təşkilatlara işə qəbul olunan şəxslərin adlarının açıqlanmasını, siyahının ictimailəşdirilsini də istəyirlər. Buna isə, rəhbər vəzifəli şəxslər qəti şəkildə “Yox!” deyirlər. Bu — başadüşüləndir! Axı, yuxarıda qeyd etdiyimiz kimi, həmin şəxslərin çoxu bu rəhbər vəzifəli şəxslərin yaxın-uzaq qohumları, tanışlarıdır. Həmin şəxslərin çoxu Ucar rayon Kommunal Müəssisələri Kombinatının binasını tanımır, adları işdə gedən digər idarə, müəssisə və təşkilatların harada yerləşdiyini belə bilmirlər. Sadəcə, əmək kitabçalarına iş stajı yazılsın və bu, gələcəkdə pensiya almalarına kömək olsun deyə, belə qatı cinayətlərdə onlarla əlbir olmağa razılıq veriblər.
Yuxarıda sadaladığımız faktlar rayonda güclü korrupsiya cinayətinin törədildiyinə bir işarədir. Bu səbəbdən, təcili araşdırılmasına və qarşısının alınması üçün, mütləq ciddi tədbirlər görülməsinə zərurət var. Çünki rayonun korrupsioner məmurları öz şəxsi mənafe və maraqları naminə, dövlət rəhbərinin sərəncamı ilə bu yaxınlarda yaradılan “DOST”-u əməksevər və zəhmətkeş ucarlıların yanında tam olaraq etibardan salıb, öz çirkin və qanunsuz əməlləri ilə, bu cavan qurumu iş axtaran rayon sakinlərinin düşməninə çeviriblər”.
Şikayətçilər müraciətlərinin sonunda, işsiz olan və illərdi iş axtaran Ucar rayon sakinləri adından, mətbuat vasitəsi ilə, Azərbaycan prezidenti möhtərəm İlham Əliyev cənablarına da müraciət edib, bu korrupsiya faktlarının obyektiv yoxlanılmasına, bu cinayətləri törədən vəzifəli şəxslər barəsində qanuni tədbirlər görülməsinə ciddi tapşırıq verməyi, bu məsələni daim nəzarətdə saxlamağı ondan dönə-dönə xahiş edirlər. Və törədilən cinayət faktlarının obyektiv yoxlanılmasına şəxsən Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin, Əmək və Əhalinin Sosial Müdafisə naziri Sahil Babayevin özlərinin müdaxilə etmələrinə zərurət yarandığını da xüsusi vurğulayırlar.
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.